"Orta Dəhliz və böyük güclər fonunda Azərbaycanın strateji rolu önəmlidir" - POLİTOLOQ DANIŞDI

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Trans-Xəzər əməkdaşlığı, Orta Dəhliz və “TRIPP” layihəsi ətrafında aparılan müzakirələr göstərir ki, Cənubi Qafqaz artıq təkcə regional deyil, qlobal güclərin maraq toqquşduğu və eyni zamanda əməkdaşlıq imkanlarının yarandığı strateji məkana çevrilib. Azərbaycan bu prosesdə təşəbbüskar və aktiv oyunçu kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın seçdiyi çoxvektorlu xarici siyasət modeli hazırkı mərhələdə optimal və rasional yanaşmadır: "Rəsmi Bakı eyni vaxtda həm ABŞ, həm Avropa İttifaqı, həm Çin, həm də region ölkələri ilə paralel əməkdaşlıq quraraq özünü alternativsiz tranzit və enerji qovşağına çevirir. Bu isə ölkəyə geosiyasi manevr imkanları qazandırır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycan Avrasiya məkanında Şərqlə Qərbi birləşdirən əsas körpülərdən birinə çevrilməkdədir. “TRIPP” layihəsinin gündəmə gəlməsi və Vaşinqtonun bu təşəbbüsə siyasi dəstək verməsi ABŞ-nin regiona marağının artdığını göstərir. Bu, eyni zamanda Rusiyanın təsir dairəsində sayılan məkanlarda yeni balansın formalaşdığını göstərən mühüm siqnaldır. Digər tərəfdən, Çin “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Mərkəzi Asiya və Trans-Xəzər xəttinə investisiyaları artırır. Avropa İttifaqı isə enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutları baxımından Cənubi Qafqazı prioritet hesab edir. Bu mənzərədə Azərbaycan üçün əsas məsələ böyük güclər arasında balansı qorumaqdır. Çoxvektorlu siyasət yalnız o zaman dayanıqlı təhlükəsizlik modelinə çevrilə bilər ki, ölkə heç bir geosiyasi blokun alətinə çevrilməsin və milli maraqları əsas prioritet kimi saxlasın. Əks halda, böyük güclər arasında rəqabətin sərtləşməsi regionu yenidən təsir və təzyiq zonasına çevirə bilər.

Hazırkı mərhələdə Azərbaycan iqtisadi inteqrasiya vasitəsilə təhlükəsizlik modelini gücləndirməyə çalışır. Dəhlizlərin açılması, kommunikasiya xətlərinin bərpası və Ermənistanla sülh prosesinin irəliləməsi Cənubi Qafqazda qarşılıqlı asılılıq mühitini formalaşdıra bilər. Tarixi təcrübə göstərir ki, iqtisadi bağlılıq artdıqca münaqişə ehtimalı azalır. Əgər Ermənistanla sülh sazişi imzalanar və regional kommunikasiyalar real işlək mexanizmə çevrilərsə, bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün yeni təhlükəsizlik arxitekturasının əsasını qoya bilər. Digər mühüm məqam odur ki, Orta Dəhliz artıq alternativ yox, paralel və rəqabətli marşrut kimi qəbul edilir. Bu isə o deməkdir ki, Cənubi Qafqaz qlobal logistika sisteminin ayrılmaz hissəsinə çevrilir. Belə şəraitdə Azərbaycanın rolu təkcə tranzit ölkə olmaqla məhdudlaşmır; ölkə həm də siyasi vasitəçi, enerji təminatçısı və diplomatik platforma funksiyası daşıyır. Azərbaycanın çoxvektorlu siyasəti düzgün idarə olunduğu təqdirdə uzunmüddətli dayanıqlı təhlükəsizlik modelinə çevrilə bilər. Bunun üçün əsas şərtlər daxili sabitliyin qorunması, iqtisadi şaxələndirmənin davam etdirilməsi və regional sülh prosesinin geri dönməz xarakter almasıdır. Əks halda, qlobal güclər arasında rəqabətin kəskinləşməsi Cənubi Qafqazı yenidən geosiyasi qarşıdurma xəttinə çevirə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə