"Bakı şəhəri və regionlarda bu sahədə mövcud problemlər tam şəkildə həll olunmalıdır" - DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezident İlham Əliyevin 2026–2035-ci illəri əhatə edən dövlət proqramına dair müşavirədə bir sıra vacib məsələlərə toxunuldu. Xüsusilə, su təsərrüfatı, su konservasiyası və bu sahədə gələcək proqram çərçivəsində müasir texnologiyaların tətbiqi, mövcud sistemlərin yenilənməsi və problemlərin preventiv şəkildə həll olunması vurğulandı". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, cənab Prezident qeyd etdi ki, xüsusən də Bakıda leysan yağışları zamanı yolların bağlanması, nəqliyyatın iflic olması ciddi problemdir:

"Bu çərçivədə paytaxtın 33 ərazisində yeni yağış suları kollektorlarının qurulması planlaşdırılır. Məsələnin kökündə duran əsas səbəblərdən biri mövcud kollektorların sayının azlığı və mövcud sistemlərin Sovet dövründən qalmasıdır. Bu sistemlərin bir çoxu 30–40 illik istismar müddətini başa vurub və artıq yararsız vəziyyətdədir. Yağış sularının effektiv şəkildə axıdılması və kanalizasiya sistemlərinə ötürülməsi bu səbəbdən çətinləşir.

Müşavirədə qeyd olundu ki, bu sahədə müvafiq dövlət proqramı çərçivəsində maliyyə vəsaiti ayrılacaq və artıq 2024-cü ildən başlayaraq sistemlərin yenilənməsinə start veriləcək. Bu həm su, həm də kanalizasiya sistemlərini əhatə edəcək. Digər bir problem isə Bakı şəhərinin artan əhali sıxlığı və avtomobil yüküdür. Köhnə sistemlər bu günkü tələbləri ödəmir, çünki əvvəllər nəzərdə tutulmuş yük çox aşağı idi. Artıq həmin ərazilərdə yaşayış binalarının və avtomobillərin sayı dəfələrlə artıb, bu da mövcud infrastrukturun yetərsiz olmasına səbəb olur. Prezident müvafiq qurumlara çağırış etdi ki, yeni dövrün çağırışlarına cavab verən sistemlər qurulsun, İKT və rəqəmsal texnologiyalar bu sahədə tətbiq olunsun. Yekun olaraq qarşıya qoyulan tapşırıqlar mütləq yerinə yetirilməlidir ki, Bakı şəhəri və regionlarda bu sahədə mövcud problemlər tam şəkildə həll olunsun".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə