ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərdi

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Siyasətçi çərşənbə axşamı, iyulun 8-də X sosial şəbəkəsində Nobel Komitəsinin üzvlərinə məktubu dərc edib. "Prezident Tramp bütün dünyada sülhün, təhlükəsizliyin və sabitliyin inkişafı üçün sarsılmaz və müstəsna öhdəlik nümayiş etdirdi. Yaxın Şərqdə onun səyləri dramatik dəyişikliklərə gətirib çıxardı və sülh və normallaşma dairəsini genişləndirmək üçün yeni imkanlar yaratdı", - Netanyahu bildirib.

İsrailin baş naziri İsrail ilə ərəb ölkələri, o cümlədən BƏƏ, Bəhreyn və Mərakeş arasında rəsmi diplomatik əlaqələr quran İbrahim sazişlərinin asanlaşdırılmasında ABŞ liderinin əsas rolunu qeyd edib. "Bu irəliləyişlər Yaxın Şərqi dəyişdirdi və sülh, təhlükəsizlik və regional sabitliyə doğru tarixi tərəqqiyə imza atdı... Çox az lider bu qədər qısa müddətdə sülhə doğru bu qədər nəzərə çarpacaq irəliləyişlər əldə edə bildi. Böyük tarixi dəyişikliyin yaşandığı bu dövrlərdə mən Nobel Sülh Mükafatına Prezident Trampdan daha layiq olan birini düşünə bilmirəm", - Netanyahu bildirib.

Tramp əvvəllər də bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd olub, lakin heç vaxt bu mükafatı qazanmayıb. Xatırladaq ki, Pakistan hökuməti Trampın Hindistanla münaqişəyə “həlledici diplomatik müdaxiləsini nəzərə alaraq” Nobel Sülh Mükafatına namizəd göstərib.

Amerikalı milyarder İlon Mask da “söz azadlığının və insan haqlarının müdafiəsinə verdiyi töhfəyə görə” Nobel mükafatına namizəd olub.

V.VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə