"Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ

"Hindistan-Pakistan müharibəsi təbii ki, dünyaya təsir edir. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası arasında rəqabət gedir". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu rəqabətdə Çinin iqtisadi cəhətdən dünyaya daha çox mal satmasının qarşısını alırlar, ticarət dövriyyəsini minimuma endriməyə çalışırlar: "Əslində Rusiya-Ukrayna müharibəsinin bir səbəbi də odur ki, Rusiya üzərindən Avropa bazarına Çin mallarının çıxmasının qarşısı alındı. İndi də Çin malları dünya bazarına Pakistan üzərindən həyata keçirilir. Bunu da yenə əngəlləmək istəyirlər. Bilirsiniz ki, Hindistanla Çin rəqabətdədir. Hindistan da ABŞ-nin yanında yer alır. Pakistan isə müsəlman ölkəsidir, Azərbaycanda hər zaman onunla mütəffiqlik etmişdir. Pakistan Azərbaycana hər zaman dəstək olmuşdur. Təbii ki, Azərbaycan da bu məsələdən çox narahatdır. İki ölkə arasında müharibənin olmasının tərəfdarı deyil. Pakistanda çoxlu sayda Pakistan müsəlmanları yaşayır. Onlar bizə qardaş ölkədir. Pakistan bizim haqlı savaşımızda hər zaman bizim yanımızda olub. Biz də Pakistanın yanındayıq. Lakin müharibə davam etdiyi təqdirdə bizim bir ümidimiz var ki, bu müharibə Pakistanın xeyrinə bitəcək. Amma müharibənin uzun sürəcəyini və daha genişmiqyaslı proses olacağını ehtimal etmirəm. Nə Hindistan, nə də Pakistan buna getməz. Amma düşünürəm ki, münaqişə bölgəsində proses gərgin olaraq qalacaq. Pakistan-Hindistan probleminin isə yaxın zamanlarda birdəfəlik həlli görünmür".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə