"Suriyada ümumi sabitlik bərqərar ediləcək" - ŞƏRH EDİLDİ

"Suriya prezidenti Əhməd əl-Şara artıq Qərb liderləri ilə diplomatik danışıqlara başlayıb". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Almaniyanın kansleri, həmçinin Fransa prezidenti ilə telefon danışıqları aparılıb: "Göründüyü kimi Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün artıq beynəlxalq konstitusiya formalaşır. Bu istiqamətdə Türkiyə də çox ciddi şəkildə siyasət həyata keçirir. Əhməd əl-Şaranın Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri, həmçinin Qətər əmirinin Suriyaya səfəri Suriyanın yenidən qurulması, Suriyada təhlükəsizliyin təmin olunması istiqamətində ciddi irəliləyişlərə gətirib çıxaracaq.

Xüsusilə, Suriyanın Şimal-şərqində PKK terror təşkilatı hələ mövcudluğunu qoruyub saxlayır. Orada Amerika Birləşmiş Ştatlarının da siyasəti xüsusi önəm daşıyır. Düşünürəm ki, ABŞ-ın da siyasətinin Suriyanın bu hökumətinə, hakimiyyətinə münasibəti normal olacaq. ABŞ da sanksiyaları bir müddətdən sonra aradan qaldıracaq. Düşünürəm ki, Suriyada ümumi sabitlik bərqərar ediləcək.

Suriya rəhbərliyi, əlbəttə ki, İsrailə qarşı da ciddi əsaslar verib. Suriyanın iki problemi var. Xüsusilə, Şimal-şərqdən PKK terror təşkilatını çıxarmaq, həmçinin İsraillə cənub istiqamətində İsrailin hərbi qüvvələrini də buradan çıxarmaq, ümumi bir təhlükəsizlik təmin edən bir prosesə başlamaqdır.

Düşünürəm ki, Türkiyə də Suriyada öz hərbi bazalarını yaradacaq. Türkiyə Suriyada var və Türkiyə çalışacaq ki, Suriyada İranın bundan sonrakı təsirlərinin də qarşısını alsın, bu proseslər normal istiqamətdə davam etsin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə