"Suriyada baş verən hadisələr son iki ay müddətində ölkənin normal məcraya qayıtdığını deməyə əsas verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, Bəşər Əsəd rejimi devriləndən sonra hakimiyyətə gəlmiş qüvvələr artıq keçid hökumətini qurublar: "Keçid prezident seçilib. Əhməd əl-Şara Suriyanın keçid dövründə ölkəyə rəhbərlik edəcək şəxsdir. Yeni hökumətin beynəlxalq səviyyədə tanınması prosesi gedir. Artıq bir çox dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən Amerika, Böyük Britaniya, İtaliya, Almaniya, Avropa İttifaqının rəhbər şəxsləri Suriya müvəqqəti keçid hökumətinin rəhbərliyi ilə görüşlər keçirməklə Suriyaya tətbiq olunmuş sanksiyaların aradan götürülməsi ilə bağlı razılıqlar əldə ediblər. Bu razılaşmalara görə eyni zamanda Suriyanın yenidən qurulması prosesinə yenidən dəstək veriləcək".
Onun sözlərinə görə, Qətərin başçısı Suriyaya ilk səfər edən dövlət başçısı kimi qeyd olunub: "Bundan başqa Suriyanın yeni prezidenti ilk rəsmi səfərini də Səudiyyə Ərəbistanına edib. Yaxınlarda onun Türkiyəyə də səfər edəcəyi gözlənilir. Bu baxımdan əgər xüsusi, əlahiddə hadisə baş verməsə, təbii ki, proseslərin normal axarda getdiyini söyləmək mümkündür. Sadəcə olaraq Suriyanın qarşısında olduqca ciddi problemlər dayanmaqdadır. Birincisi, ölkənin yenidən qurulması, onun ordu və təhlükəsizlik sisteminin yenidən formalaşdırılması lazımdır. Çünki ordu və təhlükəsizlik sistemi tamamilə dağılıb. Bundan başqa ən böyük, ciddi məsələlərdən biri də üçüncü ölkələrin hərbi qüvvələrinin bölgədən çıxarılması lazımdır. Söhbət Amerika, İsrail və digərlərindən gedir. Bundan başqa ölkə daxilində hələ də ərazinin bir hissəsinə nəzarəti həyata keçirən PKK terror təşkilatının məsələsinin həll olunmasıdır ki, bunlar ciddi məsələlərdir. Nəzərə alsaq ki, bu qüvvələrin arxasında böyük güclər dayanır, prosesin heç də rahat olmayacağını deməyə əsas var. Nəzərə almaq lazımdır ki, müvəqqəti keçid hökumətinin özü də çox müxtəlif təmayüllü qüvvələrdən təşkil olunub. Bu da müəyyən problemlər yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə