“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni anlayışlar

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni anlayışlar əlavə edilir. SİA xəbər verir ki, bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, anlayışlar hissəsi aşağıdakı redaksiyada əlavə edilir:

- korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi;

- korrupsiya riski - korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsi ehtimalı;

- korrupsiya risklərinin idarə edilməsi - korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərinin və həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görülməsi;

- səlahiyyətli struktur bölmə (şəxs) - korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyata keçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə