Regionda sülhü təmin edə bilən “3+3” FORMATI – TƏHLİL

İstanbulda “3+3” Regional Məşvərət Platformasının xarici işlər nazirləri səviyyəsində üçüncü iclasının keçirilməsi bütün dünyanın, ələlxüsus da region ölkələrinin diqqət mərkəzindədir və bu, heç də əbəs yerə deyil. Çünki Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanın, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın, İranın xarici işlər naziri Abbas Araqçının, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən görüşün məhz Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından rolu və nə dərəcədə əhəmiyyətli olduğu diqqəti cəlb etməyə bilməz.

Platformanın faydalı, əhəmiyyətli olacağına, regionda sülhü təmin edəcəyinə ümidlər böyükdür

İlk növbədə diqqətə çatdıraq ki, regional əməkdaşlıq platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 44 günlük müharibə bitdikdən, Azərbaycan qələbə qazandıqdan az sonra, daha dəqiq desək, 2020-ci ilin dekabr ayında yaradılıb. Doğrudur, bu formatın gələcəyi, hansı nəticələr verəcəyi barədə saysız-hesabsız suallar, maraqlı məqamlar var. Ələlxüsus da həmin formatın tam hüquqlu əməkdaşlıq platformasına çevriləcəyi ilə əlaqədar düşündürücü suallar az deyil. Məsələn, “3+3” Regional Məşvərət Platformasının xarici işlər nazirləri səviyyəsində İstanbulda keçirilən üçüncü iclasa Gürcüstanın qoşulmaması diqqəti cəlb edən məqamdır və belə bir sual yaranır ki, görəsən, nəyə görə qonşu ölkə bu tədbirdə iştirak etməyib və sözügedən formata gələcəkdə qoşulacaqmı? Təbii ki, söhbət regionda sülhün bərqərar olunmasından, təhlükəsizliyin təminatından, eləcə də stabillikdən gedirsə, Gürcüstanın da həmin bu formata qoşulacağına ümid etməyə dəyər. Hər halda bu formatın, bu layihənin əhəmiyyətini, eləcə də perspektivlərini rəsmi Tbilisinin layiqincə qiymətləndirəcəyi daha inandırıcı görünür. Ümumiyyətlə, region ölkələrinin həmin bu platformaya, həmin bu formata xüsusi həssaslıqla yanaşacağına ümid etmək daha məntiqidir. Çünki region ölkələrinin bundan sonra sülh və əmin-amanlıq şəraitində, mehriban qonşuluq şəraitində yaşamaları üçün məhz bu platformanın əhəmiyyəti danılmazdır və düzgün qiymətləndiriləcəyi də şübhə doğurmur. Təbii ki, əgər Ermənistan kimi bir dövlət tərəfindən xarici müdaxilələrə rəvac verilməsə, kənar oyunçuların, hansısa dövlətlərin və qüvvələrin regiona burun soxmasına, bu formata mane olmasına şərait yaradılmasa haqqında qeyd olunan platformanın faydalı, əhəmiyyətli olacağına, regionda sülhü təmin edəcəyinə ümidlər böyükdür.

Müstəqil siyasət yürütmək, kənar müdaxilələrdən qorunmaq, inkişafa nail olmaq üçün region ölkələri bu formatı qəbul etməlidirlər

Qeyri-regional oyunçuların, kənar qüvvələrin bölgəmizə burun soxması, hətta qızışdırıcı, dağıdıcı niyyətlə müdaxiləsi fonunda region üçün aktual məsələləri müzakirə etməyin və kompromis həll yollarını tapmağın region ölkələri üçün nə dərəcədə əhəmiyyətli olduğunu başa düşmək heç də çətin deyil. Ümid edirik ki, bunu ilk növbədə Ermənistan və eləcə də tədbirdə iştirak etməyən Gürcüstan tərəfi də başa düşür. Hər halda başa düşürlər ki, ABŞ və Fransa kimi ölkələrin Cənubi Qafqazı qarışdıraraq, qızışdıraraq və parçalayaraq idarə etmək niyyəti region ölkələri üçün ən azından arzuolunan deyil. Yəni, sərt şəkildə deməsək, daha yumşaq tərzdə ifadə etmiş olsaq, Qərbin parçalayaraq hökm sürmək istəyi və niyyəti regionun heç bir ölkəsi tərəfindən xoş qarşılanmamalıdır və bu çirkin niyyətin qarşısının alınması üçün eyni bir formatı, platformanı qəbul etmək daha məqsədəuyğun, daha doğru addım sayılır.

Dəfələrlə şahidi olmuşuq ki, ABŞ, Qərb demokratiya adlı ənənəvi oyun ilə region ölkələrinə soxulduğu zaman həmin ölkələrdə ancaq xaos, qarışıqlıq, hətta vətəndaş müharibəsi təhlükəsi müşahidə olunub. Azərbaycan belə oyunlara imkan vermədiyi üçün, rəsmi Bakı həmin oyunların vaxtında qarşısını aldığı üçün bunun nümunəsini ancaq Ermənistanda və Gürcüstanda görmüşük. İndi bu zərərli və təhlükəli müdaxilələrdən qorunmaq üçün ən çox Ermənistan və Gürcüstan məhz sözügedən formatda maraqlı olmalıdır. Ən azından ona görə maraqlı olmaq lazımdır ki, region ölkələri hansısa kənar qüvvələrin təsirlərinə məruz qalmasınlar və hər bir ölkə öz müstəqil siyasətini yürüdərək, bütün istiqamətlərdə inkişafa nail olsun. Məsələ burasındadır ki, Qərb, ABŞ qətiyyən region ölkələrinin müstəqil siyasət yürütməsini istəmir, öz siyasətini yeritməyə çalışır və məhz ən azından bundan yaxa qurtarmaq üçün Ermənistan da, Gürcüstan da məlum formatı qəbul etməyi doğru addım hesab etməlidir. Bir sözlə, müstəqil siyasət yürütmək, kənar müdaxilələrdən qorunmaq, inkişafa nail olmaq üçün region ölkələri bu formatı qəbul etməlidirlər.

Hansısa razılığa gəlməyin, kompromisin əhəmiyyətini nəzərdən qaçırmaq olmaz

Doğrudur, Cənubi Qafqazda Regional Əməkdaşlıq Platformasının iştirakçıları arasında ziddiyyətlər də mövcuddur. Bunu inkar etmək, əsini söyləmək kimi bir niyyətimiz də yoxdur. Əgər sülh müqaviləsi hələ imzalanmayıbsa, deməli, Ermənistan və Azərbaycan arasında hansısa ziddiyyətli məqamların ola bilməsi, bundan sonra da olma ehtimalı təkzib edilə bilməz. Eyni zamanda, Tehranın Ankaranın həm regionda, həm də onun hüdudlarından kənarda hansısa təsirlərindən dolayı İran və Türkiyə ilə bağlı da müvafiq fikirləri söyləmək olar. İranın hadisələrə müdaxilə etmək cəhdləri fonunda Türkiyənin məsələyə qarışması da bu baxımdan təsadüfi deyil. Məsələn, ən azından, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqlarını nümunə kimi göstərə bilərik. Çünki İranın həmin dəhlizə mane olmaq niyyətini də, Türkiyənin isə bu layihə ilə bağlı dəstək vermək niyyətini də görməkdəyik və niyyətlərin toqquşması fonunda qeyd olunanlar təkzibedilməzdir. Bununla belə, hansısa razılığa gəlməyin, kompromisin əhəmiyyətini də nəzərdən qaçırmaq olmaz və ümid edirik ki, bunu İran tərəfi də düzgün dəyərləndirəcək.

Region ölkələrinin hər biri qəbul etməlidir ki, hansısa dialoq, hansısa razılıq, müvafiq şəkildə ortaq məxrəcə gəlmək, ümumiyyətlə dialoqun olmamasından üstün məqamdır. Daha açıq şəkildə dedək, ümumiyyətlə, dialoqun olmamasındansa, hansısa formatda bir dialoqun olması daha üstündür. Bir halda ki, Cənubi Qafqaz indi seçim qarşısındadır və qlobal proseslər fonunda bu seçimin daha aktual olması təkzib edilə bilməz, deməli, region ölkələri regionun ümumi gələcəyi ilə bağlı öz aralarında ortaq qərara və razılığa gəlməlidirlər. Bu baxımdan da region ölkələrinin və qlobal oyunçuların maraqlarını nəzərə almaqla, regionun inkişafı üçün əsas prinsipləri hazırlamaq ən vacib məsələ hesab olunmalıdır. Məhz bu yanaşma prioritet hesab olunsa, haqqında qeyd olunan platforma regionun hər bir ölkəsi üçün əvəzsiz hesab ediləcək.

İmkanları dəyərləndirməyin əhəmiyyətli olması fonunda sözügedən formatla bağlı nikbin proqnozlar verməyə haqqımız çatır

Nəzərə almaq lazımdır ki, iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş və ən sürətli şəkildə inkişaf etməkdə olan ölkələri Cənubi Qafqaza maraq göstərirlər. Region ölkələri nəzərə almalıdırlar ki, həmin ölkələrin belə maraqlarını düzgün dəyərləndirmək iqtisadi baxımdan da olduqca əhəmiyyətlidir. Əgər müvafiq razılığa gəlinərsə, region ölkələri arasında komunikasiyaların açılması gözləniləndir və bunun əhəmiyyətini də başa düşmək heç də çətin deyil. Ən azından unutmaq lazım deyil ki, Çin və Hindistan kimi ticarət nəhəngləri artıq ölkələrimizdən keçəcək meqa ticarət magistrallarını inkişaf etdirməyə başlayıblar. İlk növbədə nəzərə alınmalıdır ki, bu, qlobal prosesdir və son 500 ildə, ən azı, Böyük İpək Yolunun bərbad vəziyyətə düşdüyü və dünya ticarət oxunun okean ticarət yollarına keçdiyi 17-ci əsrdən bu vaxta qədər mövcud olmayan imkanlar deməkdir. Hər halda, bu imkanları dəyərləndirməyin nə dərəcədə əhəmiyyətli olmasını başa düşməyən Cənubi Qafqaz ölkəsi yoxdur və bu baxımdan da sözügedən formatla bağlı nikbin proqnozlar verməyə cəsarət etməkdə özümüzü haqlı hesab edirik.

Doğrudur, haqqında qeyd olunan format, həmin bu platforma ilk növbədə regionumuzda sülhün və sabitliyin qorunması baxımından daha qiymətli, daha əhəmiyyətlidir. Amma bununla belə, iqtisadi məsələləri də hesaba almamaq və həssas yanaşmamaq doğru olmaz. Çinin, Hindistanın, Avropanın diqqət mərkəzində olan regionda sülhün, təhlükəsizliyin, stabilliyin davamlı olmasını təmin etməyin nə dərəcədə əhəmiyyətli olmasını bir sözlə ifadə etmək çətin olsa da, başa düşmək asandır. Deməli, imkanları dəyərləndirməyin əhəmiyyətli olması fonunda sözügedən formatla bağlı nikbin proqnozlar verməyə haqqımız çatır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə