"Seçki kifayət qədər rəqabət formasında keçəcək" - ŞƏRH EDİLDİ

"Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində "Gürcü Arzusu" partiyası ilə müxalifətdə olan partiyalar arasında çox ciddi mübarizə gedəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, müxalifətin liderliyində Prezident Salome Zurabişvili durur: "Artıq Gürcüstan paytaxtında avrointeqrasiya tərəfdarları indidən etirazlar keçirirlər. Prezident də bu etirazlara qatılıb. Göründüyü kimi Qərb xüsusi şəkildə prosesi dəstəkləyir. Qərbin də əsas hədəfi Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq, müxalifəti hakimiyyətə gətirmək və Cənubi Qafqazda geostrateji maraqlarını möhkəmləndirmək ibarətdir. Ssenari buna uyğundur. Amma indiki Gürcüstan hakimiyyəti də çox güclüdür. Seçki kifayət qədər rəqabət formasında keçəcək.

Ümumi götürdükdə düşünürəm ki, hakim partiya seçkidə səslərin çoxunu ala bilər. Təbii ki, Cənubi Qafqaz Qərbin prioritet hədəfidir. Qərb Gürcüstanda "Qızılgül" inqilabından sonra hədəflərini müəyyənləşdirmişdi, kifayət qədər regionda güclənmişdi. Amma "Gürcü Arzusu" partiyası gələndən sonra siyasətində ciddi zəifləmələr var. Amma yenidən Cənubi Qafqazda yeni dünya siyasi nizamında regionda güclənməyə çalışır. Hər iki tərəf seçkilərə çox ciddi şəkildə hazırlaşır. Onu da deyim ki, Gürcüstanda ilk dəfə olaraq, parlament seçkiləri tam proporsional sistem üzrə keçiriləcək və azı 5 faiz səs almış partiya və bloklar parlamentdə təmsil olunacaq. Bu da 2017-ci ildəki Konstitusiya dəyişikliklərindən irəli gəlir. Dəyişikliyə əsasən hər hansı partiya və ya blok 150 üzvdən ibarət parlamentdə azı 76 yer əldə edə bilməsə, koalisiya hökuməti yaradılmalıdır. Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasında qeydiyyatı avqustun 30-da yekunlaşıb və 27 partiya öz namizədlər siyahısını təqdim etmək hüququ əldə edib".

"Son illər dövlət içərisində hökumətə qarşı müxalif mərkəzə çevrilmiş Prezident Salome Zurabişvili də seçkilərdə müxalif qüvvələrə dəstək verir və onun özünün Baş nazir namizədi var. Hakim “Gürcü arzusu” partiyası isə dövlət resursları hesabına öz fəaliyyətini daha da gücləndirir. Fikrimcə, seçkilərdə bu partiya qələbə çalacağı təqdirdə ölkədə gərginlik artacaq, hətta ciddi qarşıdurma olacaq. Lakin bu qarşıdurmanın inqilab səviyyəsinə yüksələcəyini zənn etmirəm. Gürcü müxalifəti artıq əvvəlki müxalifət deyil. "Xarici təsir agentləri haqqında" qanunun qəbulundan sonra qeyri-hökumət təşkilatları bir araya gəlib mübarizə aparsalar da, seçki prosesində onların fəaliyyətində bir o qədər də aktivlik müşahidə edilmir” - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə