Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” başlanğıc ili 2021-ci il olmaqla 2040-cı ilə qədər olan dövrü əhatə edir. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb.

Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulub.

Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb. Yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib, bütün sosial xidmət müəssisələrinin (məktəb, bağça, səhiyyə müəssisələri və s.) ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilərək əlçatan olması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə