Dünyanın müxtəlif yerlərində İsrailə qarşı etiraz aksiyaları keçirilib

Minlərlə insan əllərində Fələstin bayraqları ilə yürüş edib

İsrailin Qəzzada, İordan çayının qərb sahilində və Livandakı qətliamlarına dünyanın müxtəlif yerlərindən etirazlar yüksəlir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Kanadanın Toronto şəhərində Fələstin və Livana dəstək mitinqi keçirilib. İsrailin qətliamlarına etiraz edən aksiyaçılar plakatlar və Fələstin bayraqları ilə bir araya gələrək "Azad Fələstin" şüarları səsləndiriblər. Bəzi etirazçılar ötən həftə İsrail tərəfindən öldürülən “HƏMAS” Siyasi Bürosunun rəhbəri Yahya Sinvarın fotosunu daşıyıb.

Braziliyanın Sao Paulo şəhərində toplaşan etirazçılar da İsrail ordusunun həyata keçirdiyi savaşları göz qarşısına gətirmək, Qəzza və Livana yönələn hücumlara etiraz etmək üçün aksiya təşkil ediblər. Fələstin və Livan bayraqları ilə pankartlar qaldıran və oraya dəstək verən etirazçılar hücumların dayandırılmasını tələb edərək ədalət və sülh istəyiblər.

Belçikada da minlərlə insan İsrailin hücumlarına etiraz edib. Paytaxt Brüsseldəki Şimal Dəmiryolu stansiyası önündə bir araya gələn aksiyaçılar "İsrailin silahlandırılmasını dayandırın" çağırışı ediblər. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqına İsrailə verdikləri dəstəyə görə etiraz bildirilib.

Mərakeşin qərbi bölgəsində yerləşən Kasablanka şəhərində də minlərlə insan əllərində Fələstin bayraqları ilə yürüş edib. Etirazçılar İsrailin Livan və Fələstinə yönələn hücumlarının dayandırılmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə