17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olan layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.

Layihənin 2020-2025-ci illərdə 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulub. Gələn ilin sonunadək 25 mindən çox benefisiarın bu layihəyə cəlb edilməsi hədəflənir. Layihə iştirakçıları üçün Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı üzrə təlimlər də təşkil olunur. Onlara maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması, kiçik biznesin təşkili və s. üzrə bilik və bacarıqlar aşılanır. Layihə üzrə kiçik biznesini quraraq uğurla inkişaf etdirən şəxslər əlavə dəstəklə də təmin olunurlar.

Xatırladaq ki, görülən işlərə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin təzahürü kimi bu il layihə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə