"Hörmət et, hörmət gör" - EKSPERT FİKRİ

“Ədəb lazımlı xüsusiyyətdir, hamımıza lazımdır – böyüyə, kiçiyə, qadına, kişiyə də. Fikir ayrılığı, təzadlı düşüncələr var, amma mütləq müzakirə edilməli, hər iki tərəf öz düşüncələrini qarşı tərəflə bölüşməlidir. Əgər yaşlı nəsil gənclərdən nə gözlədiyini məntiqlə izah etməsə, gənc nəsil yaşlı nəslin onlardan nə gözlədiyini anlamasa o zaman qarşılıqlı hörmət anlayışı da alınmaz”. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eskperti Lalə Mehralı deyib.

O bildirib ki, əslində ictimai nəqliyyatda yer vermək və ya verməmək, ictimai mühitdə hörmət etmək və ya etməmək məsələnin görünən tərəfidir və bu problem bu qədər bəsit deyil. İnsanlar elə düşünr ki gənc yerini yaşlıya verdisə problem həll oldu. Əksinə, ictimai qınaq məsələsinə görə üzdə mədəniləşir. Ədəb, mədəniyyət, hörmət insanın genindən, içindən gəlməlidir. “Gənclər ədəbsizdir, hörmət etmirlər” deyə bilmərik, “bəzi gənclər” ifadəsini işlətmək olar.

Gənclik elə bir yaş dövrüdür ki, daim axtarışda, yenilikçilikdə olur diqətləri, onlara diqtə etmək, məcbur etmək olmur. Ona görə hörmətin, ədəbin nə olduğunu göstərmək, nümunə olaraq anlatmaq lazımdır. “Mən səndən böyüyəm, mən səndən çox bilirəm” düşüncəsi heç kimə başucalığı gətirməyib, bu xudbinlikdir. Müzakirə şərtdir və etik çərçivələrdə olmalıdır, gəncin dediyi qəribçiliyə salınmamamlıdır, “gəncsən, sən bilməzsən” deyə bullinq edilməməlidir. Ağıl yaşda olmur, bunu qəbul etmək lazımdır. Biz çox yaşlı gördük, hörmətin nə olduğunu bilməyən, ədəbsizlik edən, amma gənclikdən hörmət gözləyən. Əslində məsələ çox sadədir – hörmət et, hörmət gör. Gənc və ya yaşlı olmasından asılı olmayaraq insanların həyat devizi belə olmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə