“Dövlətin yaratdığı imkanlardan gənclər maksimum yararlanır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Ulu Öndər Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Qanunu 9 aprel 2002 – ci il tarixində qüvvəyə minmişdir. 3 Fəsil 14 maddədən ibarət Qanunda hesab edirəm ki, gənclərin siyasətinin əsas istiqamətlərini sadalamaq olar. Gənclərin məşğulluğunun təmin edilməsidir ki, burada kiçik, orta bizneslə uğurla sahibkarlıq fəaliyyəti var. Bunun üçün gənclərə məhdudiyyətsiz şərait yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu tərəfindən subsidiyalar ayrılır və bacarıqlı gənc sahibkarlar biznes inkişafını genişləndirə bilirlər. Yüksək təhsil səviyyəsi, effektiv işləmək bacarığı olan, yeni menecerlərin dövlət qurumlarına işə cəlb edilməsi məqsədilə "Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması" ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib və hazırda həmin bankın formalaşması həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov deyib.

O bildirib ki, gənc ailələrə dövlət yardımı çərçivəsində gənclər və gənc ailələrə ipoteka kreditlərinin verilməsi imkanlarının genişləndirilməsi və gənclər üçün mənzil kooperativlərinin yaradılmasının dəstəklənməsi ilə bağlı sənədlər hazırlanmışdır: “Həssas qruplardan olan gənclərə dövlət qayğısının artırılması məqsədilə dövlət uşaq evlərindən və internatlardan ayrılmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin təkmilləşdirilməsi" barədə normativ sənədlər hazırlanmışdır.

Gənclər təşkilatlarına dövlət yardımı üçün yeniyetmə və gənclərin fəal vətəndaş kimi formalaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Gənclər Fondu tərəfindən qrantlar ayrılır, gənclərə konsultativ və texniki dəstək göstərilir.

8 İyun 2016-cı il tarixində “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təsdiq edilmişdir. Azərbaycanın paytaxtı Bakıda, bir sıra şəhər və rayonlarında “Gənclər evi” fəaliyyət göstərir. Gənclər evlərinin funksiyası yeniyetmə və gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Ümid edirəm ki, dövlətin yaratdığı imkanlardan gənclər maksimum yararlanır və gələcəkdə ölkəmizin inkişafının hər sahəsinə layiqincə töhvə verəcəklər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə