Qlobal Media Forumda regionla bağlı güclərə ismarışlar TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, öz ərazisində hər hansı səbəbdən başqa ölkənin qoşununu yerləşdirməyib"

Müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsinə çevirib. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir. Ölkə düşünülmüş daxili və xarici siyasət sayəsində həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Çünki Cənubi Qafqaz regionu hər zaman özünün mürəkkəbliyi ilə seçilib. Regionda müxtəlif güclərin barışmaz maraqları müvafiq olaraq burada münaqişə potensialının yüksək olmasını şərtləndirib. Demək olar ki, region tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışı, iradəsi sayəsində Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Yenə də tarixdə ilk dəfə olaraq regional təhlükəsizlik arxitekturasının qurulması imkanları yarandı. Nəzərə almaq lazımdır ki, tarixən Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə edilməmişdir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yarandı. 2020-ci ilə qədər biz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdik. Ölkə Prezidenti Ermənistanın havadarlarına, ayrı-ayrı beynəlxalq təşkilatlara Ermənistana təsir göstərmək üçün çağırışlar edirdi. Lakin bu çağırışlara düzgün reaksiyalar nümayiş etdirilmirdi və o mövqedən çıxış edilirdi ki, münaqişənin hərbi həll yolu yoxdur. Prezident İlham Əliyev isə nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi. O belə də etdi. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başladı və 44 gün ərzində erməni işğalının nəticələrinə əhəmiyyətli dərəcədə aradan qaldırdı. Azərbaycan Ordusu öz qüdrətini, Azərbaycan Lideri isə öz iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi. İkinci Dünya müharibəsindən sonra ilk olaraq Azərbaycan dövləti öz ərazilərini effektiv şəkildə işğaldan azad etdi. Bununla Cənubi Qafqaz regionunda tam yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının obrazını da tamam yenilədi. Artıq ərazi bütövlüyü bərpa etmiş dövlət və qalib xalq var. 2020-ci ildən ötən zaman ərzində Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını bütün komponentləri ilə çox həyata keçirməyə başladı və onun bütün manevr imkanlarını əlindən çıxardı. 2023-cü ildə görülən antiterror tədbirləri xalqımıza növbəti böyük zəfəri qazandırdı. Bütün ərazilərimiz boyunca suverenliyimiz etibarlı və dönməz şəkildə bərpa edildi. Beləliklə də, ümumilikdə Cənubi Qafqaz regionun yeni bir tarixi mərhələsinin əsası Azərbaycan Prezidenti tərəfindən qoyulmuş oldu.Prezident İlham Əliyev iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumundakı "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda çıxışında da Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğundan bəhs edib.

"CƏNUBİ QAFQAZ REGİONUNA GƏLDİKDƏ DEYƏ BİLƏRƏM Kİ, BİZ TARİXİ TRANSFORMASİYANIN ŞAHİDİYİK, TARİXİ, GEOSİYASİ DƏYİŞİKLİKLƏR BAŞ VERİR"

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumundakı "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda çıxışında çıxışında Cənubi Qafqaz regionunda tarixi-geosiyasi dəyişikliklərin baş verdiyini vurğulayıb. Bildirib ki, regionda yeni tərəfdaşlar, əməkdaşlıqlar reallaşır. Azərbaycanın Türkiyə, Rusiya, Çin və Qərb ölkələri ilə ikitərəfli əməkdaşlığa dair strateji və müttəfiqliklə bağlı müqavilələri bunu təsdiqləyir. Xəzər dənizindən keçəcək Orta dəhliz, Şimal-Cənub nəqliyyat dəhlizi və s. buna xidmət edir. Əvvəlki illərlə müqayisədə birliklərə yanaşmanın mahiyyəti və ona üzvlüyə can atmaq cəhdləri fərqlidir. Bu baxımdan, dövlət başçısı vurğulayıb ki, ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.

Torpaqlar işğal altında olanda Qərbdən Azərbaycan qarşı yersiz təzyiqlər edilirdi. İşğalçı Ermənistana sanksiya tətbiq olunmurdu. Əksinə, onlara yardımların da arası kəsilmirdi. Bu proses indi də davam edir. Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayan, 300 min Qərbi azərbaycanlını zorla vətəndaşlıqdan məhrum edən, hər fürsətdə sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirən Ermənistanı Qərb yenə mükfatlandırır, onlara maliyyə, hərbi yardımlar edilir. Bu azmış kimi, hesabatlarda Azərbaycanla bağlı məsələlərdə ənənəvi təhrifçilik davam etdirilir.

Prezident İlham Əliyev çıxışında ənənəvi ittifaqların bir qədər zəiflədiyini, yeni əməkdaşlıq formatlarının meydana gəldiyini bildirib: "Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir. Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.

Azərbaycan Prezident onu da bildirib ki, bizə xüsusilə yaxın olan məsələlər müzakirə olunmadan heç bir Zirvə görüşü keçirilmir. Bu, humanitar əməkdaşlıqdır, insanlar arasında təmasdır, mədəni əməkdaşlıqdır, təhsildir. Yəni bu, hamımızın yaxşı bildiyimiz böyük bir sahəni əhatə edir. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı davam edəcək. Bu, həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir.

Prezident Cənubi Qafqaz ölkələrin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş verdiyini və bu gün də baş verməkdə olduğunu bildirib: "Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Bundan irəli gələrək Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, biz sizin sualınıza cavab verə bilərik ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun".

Dövlət başçısı bir daha 2-ci Şuşa Qlobal Media Forumundakı "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda çıxışında təəssüf edərək bildirib ki, dəfələrlə söyləməyimə baxmayaraq Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər: "Bildiyiniz kimi, həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar. Lakin bu, baş vermədi. İndi bu barədə nə demək olar. Ancaq indi bir şans var. Bunun üçün yenə də həm Gürcüstanda, həm də Ermənistanda həmin xarici siyasət modifikasiyalarının nə ilə yekunlaşacağını Azərbaycan düzgün təhlil etməli və sonunu görməliyik. Bundan sonra müəyyən mənada daha ciddi addımlar atmalıyıq. Hər halda biz hesab edirik ki, uzunmüddətli sülh mümkündür və təbii ki, ona üstünlük veririk".

"NATAMAM, QEYRİ-DƏQİQ VƏ MANİPULYASİYA EDİLMİŞ HESABATLAR QƏRBDƏN QAYNAQLANIR"

Azərbaycan Prezidenti Qərbdən qaynaqlanan natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlarla bağlı bildirib ki, o gündəltk həyatamızıa çevrilib: "Natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq".

Dövlət başçısı bununla da onların qərəzli davranışına Azərbaycanın adət etdiyini və əhəmiyyət vermədiyini bildirib. Torpaqları işğal altında olanda rəsmi Bakını "işğalçılıqda" ittiham edənlərdən indi nə gözləmək olar? Əlbəttə, bunlar reallığı görməkdən məhrum olanlardır. Onlara bir dəfə komanda verilib. Sonra "geri çəkilin" deməyiblər deyə, hələ tutduqlarını buraxmırlar.İlham Əliyev zaman ötdükcə onların məsələlərə münasibətinin dəyişdiyini də qeyd edib: "Qərb siyasi dairələrində reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır".

Bəli, bütün bunlar bir daha göstərir ki, özünə hörmət edən istənilən KİV, yaxud informasiya mənbəyi obyektiv, qərəzsiz, doğru, balanslı informasiya yaymağa borcludur. Bu məsələyə Azərbaycan Prezidentinin qərəzli KİV və informasiya vasitələrinə düzgün yol götərməsi və bundan bəhrələnmələri həmin i, Fikrimizcə, Prezident İlham Əliyev də bu kimi faktorları nəzərə alaraq vurğulayıb: "İstərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın".Builki Şuşa Forumu həm də tarixidir. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin olunub.Dövlət başçısı ənənəvi ittifaqlar bir qədər zəifləyərək, yeni əməkdaşlıq formatları meydana gəldiyindən söz açaraq deyib: "Əlbəttə, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Bu, təkcə birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə müasir tariximizdə mühüm hadisə oldu".Prezident Şuşa Qlobal Media Forumunda KİV nümayəndələri ilə yanaşı, region ölkələrinə, beynəlxalq ictimaiyyətə, habelə Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyən, buna can atan dövlətlərə "yenilənmə", "təhriflərdən arınma", "reallığın qəbul olunması" kimi ismarışlar göndərib.

ETNİK TƏMİZLƏMƏNİN, İŞĞALIN VƏ TƏCAVÜZÜN QURBANI OLA-OLA QƏRBİN 30 İL ƏRZİNDƏ HAQQ SƏSİNİ EŞİTMƏMƏZLİYƏ VURDUĞU AZƏRBAYCAN BU GÜN DÜNYAYA HƏQİQƏTLƏRİ YAYIR

Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mözvuları ilə bağlı suala cavabında Prezident İlham Əliyev bir daha həqiqətləri səsləndirdi. Dövlət başçısı bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur, yəni faktların manipulyasiyası həyata keçirilir. Əslində, Azərbaycan uzun illər ərzində bunun qurbanı olub. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi vaxtda erməni diasporunun uydurmaları, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücumları dayanmırdı. Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Belə yalanlar təkcə ölkənin nüfuzunu ləkələmir, onlar həm də dövlətin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Bu gün Azərbaycan suverenliyini, ərazi bütövlüyünü təmin etmiş ölkədir. Artıq zəif, sözü eşidilməyən deyil, qüdrətli Azərbaycan var. Onun güclü Liderinin mütəqil siyasəti sayəsində regionda yeni reallıqlar yaranıb. Amma indi də Azərbaycan haqqında yalan məlumatlar, dezinformasiya formalaşmaqdadır. Məhz buna görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə bu formatda qlobal forum təşkil edilərək dünya mediası vasitəsilə Azərbaycan həqiqətlərinin hər bir yana doğru-düzgün çatdırılmasından ibarəidir. Bir sözlə, etnik təmizləmənin, işğalın və təcavüzün qurbanı ola-ola Qərbin 30 il ərzində haqq səsini eşitməməzliyə vurduğu Azərbaycan bu gün dünyaya həqiqətləri yayır. Artıq dünya birliyi də Azərbaycanla hesablaşır və mövcud reallığı qəbul edir. Çünki Prezident

İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı qlobal miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşıldıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.

Prezident İlham Əliyev də məhz qlobal media nümayəndələrinə çatdırdı ki, Azərbaycanın istəyi, məqsədi, beynəlxalq KİV-in regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasıdır. Bu gün Azərbaycanın liderliyi ilə Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesi gedir, tarixi-geosiyasi dəyişikliklər baş verir. Ölkəmizin xüsusilə Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar bölgəmizin xoşbəxt gələcəyi, bu torpaqlarda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın, insanların sosial rifahının təmin olunması baxımından çox böyük bir şansdır. Bu baxımdan, Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması qarşıdakı strateji məqsədlərin tez bir zamanda reallaşmasına kömək göstərər, yalan informasiyalar vasitəsilə həyata keçirilən təxribatların Cənubi Qafqazın gələcəyi ilə bağlı aparılan xoş niyyətlərin önündə əngəl yaratmasına imkan verməz. Azərbaycanın "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həssas münasibətinin əsas səbəblərindən biri də budur.

Beləliklə, 2 gün davam edən 2-ci Şuşa Qlobal Media Forumunda çox mühüm ismarışlar verildi. Səslənən fikirlərdən belə qənaətə gəlmək olar ki, dünya dövlətlərinin bir çoxu, o cümlədən zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa ölkələri yeni dünya nizamının formalaşmasında rəsmi Bakıya inanır, etimad göstərirlər. Bu isə o deməkdir ki, Azərbaycan formalaşmaqda olan yeni dizamında da öz sözünü deyəcək. 2-ci Şuşa Qlobal Media Forumunda. Qeyd edilən fakt və təhlillərə əsaslanaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin müdrik dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə