"Azərbaycan dünyanın bir çox ölkələrinə nümunə ola bilər" - ŞƏRH EDİLDİ

“Neft və qaz sənayesinin ölkəmiz üçün ənənəvi sektor olduğu bəllidir. Azərbaycan coğrafi məkan olaraq, tarixin ayrı-ayrı dönəmlərində innovasiyaların tətbiqi kontekstində bu sahənin birincilərindəndir. Bu o deməkdir ki, enerji istehsalı və ixracı, hətta klassik müstəvidə belə hələ uzun illər ölkə iqtisadiyyatı üçün prioritet təşkil edəcək. Mövcud olan ənənələr və prioritetlər ölkəmizin enerji sektorunun ən müasir texnologiyaların tətbiqi ilə yeni istiqamətlərdə inkişaf etdirilməsi üçün də əlverişli imkanlar yaradır. Buna həm ölkəmizin coğrafi mövqeyi, iqlimi və təbii ehtiyatları, həm iqtisadi potensialı və insan resursları, həm də enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində həyata keçirilən layihələrin yaratdığı reallıqlar da imkan verir. Bütün bunlar, eləcə də Azərbaycanda bərpaolunan və yaşıl enerji əsasında elektrik enerjisi istehsalının mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən potensialı ölkəmizin Avropanın enerji təhlükəsizliyinə, həm də sözügedən istiqamətlərdə böyük töhfə verə biləcəyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, son bir neçə il ərzində sürətlə dəyişən geosiyasi reallıqların fonunda dünya enerji bazarında baş verən kataklizmlər, tükənməyən və ekoloji cəhətdən təmiz olan enerjiyə olan tələbatı sürətlə artırır: “Bu isə, öz növbəsində, yaxın onilliklərdə yaşıl enerjinin dünya bazarında ön plana çıxacağından xəbər verir. Azərbaycan isə, hər zaman olduğu kimi, sadəcə, gələcəyin reallıqlarına hazırlaşmır, bu reallıqların qurucularından biri kimi çıxış edir, dünya enerji bazarının yeni və gələcək seqmentindəki yerini bu gündən etibarən müəyyənləşdirir.

Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dövlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən, ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geriyə çəkilməyən azsaylı dövlətlərdən biridir. Və ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geostrateji faktora çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir.
Azərbaycan dövlət olaraq, məsuliyyətli davranışlarıyla, öhdəliklərinə sədaqətiylə, prinsipiallığı, qətiyyətli mövqeyi ilə bu gün dünyanın bir çox ölkələrinə nümunə ola bilər.

1994-cü ildən, “Əsrin müqaviləsi”ndən başlayaraq, Cənub Qaz Dəhlizinədək keçilən yolda ölkəmizin qarşılaşdığı saysız-hesabsız və keçilməz görünən maneələrin hansı çətinliklər hesabına dəf edildiyini nəzərə alsaq, milli hədəflərimizə çatmaq üçün sərf etdiyimiz əməyin nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik. Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynaması da, istinasız olaraq, sözügedən istiqamətdə çəkilən zəhmətin, nümayiş etdirilən qətiyyətin bir daha diqqətə çatdırılması, ölkəmizin etimadlı tərəfdaş kimi qiymətləndirilməsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə