ABŞ oyunlarında ALƏTƏ ÇEVRİLƏN ERMƏNİSTAN - TƏHLİL

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenin Ermənistana səfəri, onun məhz üç günlük səfərlə Ermənistan və ABŞ arasında iyunun 10-dan 12-dək keçiriləcək Strateji Dialoqun yekun iclasında iştirak etmək üçün gəlişi diqqət mərkəzindədir. Görünür elə bu səfərin diqqət mərkəzində olması, maraq doğurması səbəbindən Ceyms O`Brayen açıqlama verib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini məhz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin regional gündəliyi, eləcə də Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərlə bağlı maraqlı açıqlamalarla diqqəti cəlb edib.

ABŞ və Ermənistanın bir sövdələşmə niyyətində olduğu göz önündədir

Diqqətə çatdıraq ki, Ermənistan-ABŞ-Avropa İttifaqı formatında 5 aprel tarixində Brüsseldə əldə edilmiş razılaşmalara əməl etməyə ABŞ-ın hazır olduğunu Ceyms O`Brayen elə məhz tədbirin açılışındaca təsdiq edib. “Ölkələrimiz bu gün gömrük sahəsində məlumat mübadiləsinə dair saziş imzalayacaq, bu, yaxın illərdə ticarət və biznesi asanlaşdıracaq, eləcə də bu, Brüsseldə müzakirə olunan vədlərin bir hissəsidir”, - deyə ABŞ dövlət katibinin köməkçisi açıq-aşkar şəkildə bəyan edib. Sözsüz ki, onun bəyan etdiyi, açıq şəkildə bildirdiyi artıq ABŞ-ın qarşılıqlı faydalı sövdələşmə istəyində olduğu qənaətinə gəlməyə əsas verir. “ABŞ-Ermənistan strateji dialoqunun formatını ABŞ məhz Strateji Tərəfdaşlıq Komissiyasına dəyişmək istəyir”, - deyə amerikalı diplomatın Mirzoyanla təkbətək görüşdə vurğulaması deyilənləri təsdiq edir. Həm də onu təsdiq edir ki, bu görüş və amerikalı diplomatın səfəri ABŞ və Ermənistanın maraqlarına cavab verən qarşılıqlı faydalı sövdələşmə təəssüratı bağışlayır. Çünki görünən odur ki, hər iki tərəf format dəyişikliyinə ümid etdiyini gizlətmir.

Cənubi Qafqazda möhkəm mövqe qazanmaq istəyini ABŞ qətiyyən inkar edənə oxşamır

Sirr deyil ki, Ermənistan Qərbdə yeni ağalar, yəni sığınacaq axtarışındadır və Rusiyanın təsir orbitindən hər an çıxmağa hazır olduğunu da gizlətmir. Heç rəsmi Vaşinton özü də İrəvanla strateji əməkdaşlıq niyyətini ört-basdır etmək fikrində görünmür. Qarşıya qoyduğu məqsədlərə çatmaq üçün Cənubi Qafqazda daha da möhkəm mövqe qazanmaq istəyini ABŞ qətiyyən inkar da edənə oxşamır. Əksinə, hər iki ölkənin məqsədi, hədəfi bəllidir və hətta ortadadır. Əvvəla, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və tamamilə Qərb standartlarına uyğun formatlaşdırmaq niyyəti artıq tam aydın şəkildə təzahür edir və görünür. Rusiya ordusunun Ermənistandan tamamilə sıxışdırılaraq çıxarılması istəyi də bu baxımdan səbəbsiz deyil. Görünən odur ki, Amerika gələcəkdə məhz Ermənistanda öz hərbi bazalarını yaratmaq fikrindədir. Deməli, ABŞ üçün öz maraqları yenə də ön plandadır və bunun üçün Ermənistana müdaxilə etmək, İrəvanın işlərinə qarışmaq istəyi artıq belə demək mümkünsə, açıq şəkildə göstərilir.

Bəli, yenə də Amerika Cənubi Qafqaz uğrunda düşünülmüş şəkildə və məqsədyönlü siyasət yürüdür. Bunun fonunda da Ermənistan sırf Amerika maraqlarının dirijoruna çevrilərək, regionda yeganə zəif bənd olduğu qəbul edilir. Bununla da rəsmi Vaşinqton İrəvana çox arxayın şəkildə soxulacağı, maraqları naminə hərəkət edəcəyi qənaətində haqlı olduğunu çoxdan qəbul edir. Çox güman ki, ABŞ hətta Rusiya və İran sərhədlərində xaos yaratmaq üçün Cənubi Qafqazda sabitliyi pozmağa da bərk ümid edir. Hər halda, ABŞ tərəfindən belə “canfəşanlıq” edilməsinin niyə Rusiyanın diqqətindən yaınmadığı da təsadüfi sayıla bilməz. Rəsmi Moskvanın məhz İrəvanda hadisələri “nəzarətdə saxlamaq” planları da əbəs yerə deyil və bunu ermənilər də, amerikalılar da yaxşı başa düşürlər. Elə məhz buna görə də Rusiya hərbi bazasının çıxarılmasına olan maraqları hər iki ölkə açıq şəkildə bildirir.

Hadisələrin gedişi Vaşinqtonun regionumuzda tam sülhün əldə olunmasında maraqlı olmadığını isbatlayır

Hadisələrin gedişi bir daha təsdiq edir və göstərir ki, ABŞ öz tarixi ənənəsinə uyğun olaraq, heç də bölgədə sülh marağında deyil. Xüsusilə qeyd edək ki, ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistana onun qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışını asanlaşdırmaq üçün vəsait ayıracağı barədə ortaya çıxan məlumat məhz Vaşinqtonun regionumuzda tam sülhün əldə olunmasında maraqlı olmadığını isbatlayır. Diqqətə çatdıraq ki, Xarici Hərbi Maliyyələşdirmə proqramı ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına avadanlıq, təlim və hərbi ehtiyacların alınması üçün qrantlar və ya kreditlər verməklə dəstək olmaq üçün nəzərdə tutulmuş Amerika xarici siyasətinin əsas alətlərindən biridir. O da sirr deyil ki, artıq ABŞ məhz Xarici Hərbi Maliyyələşdirmə proqramı vasitəsilə İrəvanın müasir hərbi texnologiyalara və yüksək texnoloji avadanlıqlara çıxışını asanlaşdırmaq niyyətindədir. Hətta bütün Ermənistan ərazisində GPS Qlobal Mövqe Müəyyənetmə Sistemi texnologiyasından geniş istifadəni sürətləndirmək kimi bir niyyət də istisna edilə bilməz. Deməli, belə nəticə hasil olur ki, ABŞ-Ermənistan strateji dialoqunun formatının Strateji Tərəfdaşlıq Komissiyasına dəyişdirilməsi ilə bağlı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen tərəfindən verilən bəyanatlar ABŞ-dan İrəvanın hərbi ambisiyalarının gələcəkdə mümkün reallaşması ilə bağlı bir mesaj da sayıla bilər.

“Sülh kəsişməsi” planının “Zəngəzur dəhlizi” sözlərinin silinməsi üçün bir PR kampaniyası olduğu artıq açıqlanıb

ABŞ kimi bir ölkənin maraqları ilə yanaşı, Xarici Hərbi Maliyyələşdirmə proqramı fonunda Ermənistanın da öz maraqları ilə çıxış etməsi başadüşüləndir. Doğrudur, Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan nikbin şəkildə Azərbaycanla sülh sazişi imzalamaq üçün “tarixi şans” yarandığını bildirib. Amma bununla yanaşı, eyni zamanda, onun, Ermənistanın bütün regional kommunikasiyaların suverenlik, ölkələrin bərabərliyi və qarşılıqlılığı əsasında açılmasında maraqlı olduğunu ifadə etməsi heç də təsadüfi sayıla bilməz və bu, Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsündə öz əksini tapması deməkdir.

Bilirik ki, Ermənistan tərəfi “Sülh kəsişməsi” təşəbbüsü ilə çıxış edib, hansıki bu təşəbbüsü məhz ABŞ da dəstəkləyir və məhz Ermənistanın baş naziri Nikol Paşinyanla və cənab Prezident İlham Əliyevlə üçtərəfli görüşdən əvvəl keçirdiyi mətbuat konfransında dövlət katibi Antoni Blinken bunu açıq şəkildə də bəyan edib. “...Biz “Sülh kəsişməsi” təklifinin əsasında duran ideyaları dəstəkləyirik”, deyə Ursula fon der Leyen özü də aprelin 5-də Brüsseldə bildirib. Blinkenin də ifadələrini çox yaxşı xatırlayırıq. “Biz yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı və telekommunikasiya ilə daha inteqrasiya olunmuş Cənubi Qafqaz görürük. Bu, iqtisadiyyatı şaxələndirməyə, imkanları genişləndirməyə və sülh və barışıq səylərini inkişaf etdirməyə kömək edəcək”, deyə Blinken də öz fikirlərini ifadə edib. Göründüyü kimi, erməni tərəfi bu layihənin həyata keçirilməsində Amerikanın dəstəyinə ümid edir. Amma rəsmi İrəvan və ümumilikdə erməni cəmiyyəti bərk yanılır. Ümumiyyətlə, haylar başa düşmək istəmirlər ki, rəsmi Bakı erməni baş nazir Nikol Paşinyanın “Sülh kəsişməsi” planını çoxdan başa düşüb və bunu “Zəngəzur dəhlizi” sözlərinin silinməsi üçün bir PR kampaniyası olduğu açıqlanıb.

Ermənistan Amerikanın oyunlarına alət olmaqla odla oynayır

Amerikanın öz istəkləri, öz məqsədləri naminə yeritdiyi siyasətlə rəsmi İrəvanın razılaşması təəccüb doğurur. Ona görə təəccüb doğurur ki, amerikalıların belə bir siyasətinə alət olmaq haylar üçün yaxşı heç nə vəd etmir, amma Ermənistan tərəfi ABŞ tərəfindən yürüdülən və rəsmi Vaşinqtonun maraqlarına xidmət edən siyasətin aləti olmağı qəbul edir. Əslində, amerikalılara alət olmaqla Ermənistan odla oynayır. Əvvəla ona görə ki, bir dövlət olaraq, Ermənistan müstəqilliyini, suverenliyini nəini şübhə, ümumiyyətlə, zərbə altında qoyur, çünki rəsmi İrəvan qərarlarının da bundan sonra özü deyil, Vaşinqton tərəfindən veriləcəyinə bununla razılıq verir. Bir ölkənin də öz suverenliyini itirməsi, müstəqilliyini əldən verməsi qədər daha ağır nə isə ola bilməz ki, bunu elə bil haylar ya başa düşə bilmirlər, ya da başa düşmək belə istəmirlər.

Hayların belə alət olmağı qəbul etməsi həm də ona görə odla oynamaq hesab olunur ki, bununla Ermənistan öz daxilində böyük parçalanmalara rəvac vermiş olur, hətta vətəndaş müharibəsinin də yaranmasına zəmin yaradır. Hər halda, ruslarla əlaqələri kəsməyi, rusları regiondan uzaqlaşdırmağı İrəvanın qarşısına tələb olaraq qoyan ABŞ tərəfi də, bu tələbi qəbul edən Ermənistan tərəfi də yaxşı bilir ki, həmin ölkə daxilində Rusiya yönümlü qüvvələr narazılıq ifadə edəcəklər və bu da ən azından ölkənin ictimai-siyasi həyatı üçün arzuolunan hesab olunmur. Digər tərəfdən də Kreml bütün bunlara müşahidəçi mövqedən çıxış edən deyil və Ermənistanda öz rıçaqlarını işə salacaq. İstənilən halda, Moskva sakitcə dayanıb Vaşinqtonun hər şeyi öz əlinə alacağını izləyən deyil. Heç şübhəsiz ki, öz təsir gücü ilə ruslar ən azından hayların başlarına od ələyəcəkləri istisna edilmir və bu barədə çoxdandır ehyam da vurulur. Bu baxımdan da tam əminliklə deyə bilərik ki, Ermənistan Amerikanın oyunlarına alət olmaqla odla oynayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə