“Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” ifadəsinin hüquqi inikasıdır” - ŞƏRH EDİLDİ

“Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında olan təbii tarixi müttəfiqliyin hüquqi formasıdır. Yəni, iki ölkə arasında dərin strateji müttəfiqlik sənədidir. Hər iki ölkənin təhlükəsizliyi, bütün sahələr üzrə qarşılıqlı inteqrasiyası, beynəlxalq münasibətlər sistemində sinxron hərəkətetmə imkanları baxımından olduqca dərin məzmunlu bir sənəddir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu sənəd regionda Türkiyə və Azərbaycan faktorunu gücləndirməklə, iki qardaş ölkəni həm də beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirir: “Şuşa Bəyannaməsinin hər iki dövlətin parlamenti tərəfindən ratifikasiya olunması bu bəyannaməni eyni zamanda ümumdövlət sənədinə çevirir. Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” ifadəsinin hüquqi inikasıdır”.

“Təsadüfi deyil ki, hər il bu bəyannamənin ildönümünün keçirilməsi ilə bağlı Azərbaycanda xüsusi tədbirlər, Şuşada beynəlxalq konfranslar təşkil olunur. Bu isə hazırda çox gərgin olan beynəlxalq münasibətlər sistemində iki qardaş dövlətin Şuşa Bəyannaməsinə istinad edərək necə davranmalı olduqları ilə bağlı intellektual, siyasi, diplomatik perspektivləri təyin etmək üçün olduqca vacibdir”,-deyə millət vəkili əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə