“Prezidentin Misir səfərinin əlaqələrin inkişafına böyük töhfə verəcəyi şübhəsizdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ölkəmizin beynəlxaq aləmdə nüfuzu hər keçən gün artmaqda davam edir. Çünki Azərbaycanın etibarlı tərəfdaş olması hamı tərəfindən qəbul olunur. Məhz bu amil istər ayrı-ayrı ölkələri, istərsə də beynəlxaq qurumları Azərbaycanla əməkdaşlığa sövq edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, bu gün müstəqil xarici və çoxşaxəli siyasət yeridən Azərbaycan üçün ərəb dövlətləri ilə əlaqələr də ölkəmizin xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edir: “Bu mənada ərəb dünyasının aparıcı ölkələrindən biri olan Misirlə əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Odur ki, Prezident İlham Əliyevin Misirə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyi şübhəsizdir. Bu gün Azərbaycan və Misir arasında siyasi dialoqum müntəzəm xarakter aldığı bir dövrdə bu dialoqun bundan sonra da davam etdirilərək inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur. Əslində Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı çoxəsrlik tarixə dayanır. Sonrakı dönəmdə, yəni Sovetlər birliyi dönəmində də Azərbaycanla Misir arasında daim mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir həmçinin ölkəmizlə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyən bir ölkədir. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir.

Prezidentin Misirə səfəri çərçivəsində çıxışında da qeyd etdiyi kimi islam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində həmişə maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləməsi ilə də seçilib.

Prezident İlham Əliyevin səfər çərçivəsində İsrail-Fələstin münaqişəsi ilə bağlı verdiyi bəyanat da ölkəmizin ərəb dünyası üçün xüsusi önəm daşıdığı məsələdə həmrəyliyin göstəricisi hesab oluna bilər. Ölkə başçısının “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır” bəyanatı ölkəmizin bu məsələdə tutduğu ədalətli mövqenin göstəricisidir. Ümumiyyətlə isə səfər çərçivəsində hər iki ölkənin liderinin verdiyi bəyanatlar və imzalanan sənədlər bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu səfər mövcud münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm nəticələrə səbəb olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə