“Ayrı-ayrı dövlətlər Cənubi Qafqazda vəziyyəti qarışdırmağa can atırlar“ - ŞƏRH OLUNDU

“Bu gün dünyada müxtəlif münaqişələr müşahidə olunur və bu münaqişələr qlobal nizamın dəyişməsinə, güc faktorunun önə çıxmasına, beynəlxalq hüququn təsirli olmamasına gətirib çıxarıb. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası da proseslərə müdaxilə edə bilmir və bu da deməyə əsas verir ki, beynəlxalq institutlar, xüsusilə Təhlükəsizlik Şurası transformasiya olunmalıdır. Çünki dünyada hər hansısa bir təsir mexanizmi formalaşdırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdə gedən müharibənin də arealı genişlənir: “Bu da çox pis proqnozları özündə vəd edir. Dağıntılar, fəlakətlər, miqrasiya və qaçqın problemi, həmçinin ölkələrin milli iqtisadiyyatlarına dəyən milyardlarla ziyan şübhəsiz ki, qlobal təhlükəsizlik sisteminə də təsir göstərir. Məhz bu xüsusda ayrı-ayrı dövlətlər Cənubi Qafqazda da vəziyyəti qarışdırmağa can atırlar.

Bu gün Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş bir dövlətdir. Ölkəmiz beynəlxalq təhlükəsizlik sisteminə töhfə verən dövlət kimi özünü təsdiq edib. Məhz Azərbaycanın sülhməramlı missiyalarda iştirakı haqqında bu gün geniş fikirlər söyləyən ekspertlərə rast gəlirik.
Digər tərəfdən qeyd etməliyik ki, beynəlxalq müharibələrin həll olunmaması, diplomatik-siyasi danışıqlarda əngəllərin törədilməsi, həmçinin siyasi yaxınlaşma və təmasla bağlı istənilən bir hərəkətlənmə baş verdikdə münaqişə tərəflərindən birinə daha güclü siyasi-hərbi dəstəyin göstərilməsi də sözügedən ehtimalları yoxa çıxardır. Bu da çox təhlükəli tendensiyalardan xəbər verir. Buna görə də beynəlxalq müharibələrin həlli üçün metadoloji yanaşmaya ehtiyac var. Bunun üçün hazırda universal beynəlxalq təşkilatların transformasiyasına ehtiyac duyulur. Məhz bu yolla günümüzdə qan tökülməsinin qarşısını ala bilərik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə