Yazımın başlığını belə seçməklə məncə, tam da düzgün ifadə etmişəm, hələ bir az da yumşaq alınıb. Çünki efirlərdə, sosial şəbəkələrdə, reklam şitlərində, ictimai yerlərdə zəngin, min illərdir yol gələn doğma AZƏRBAYCAN DİLİNİ kökdən salan, dilimizə qarşı əsl soyqırımı törədən dil ”qəssablarına” qarşı daha kəskin mövqe tutmaq lazımdır. Axı ana dili bizim kimliyimizidir, bizim varlığımızdır, bundan o tərəfə yoxdur, əzizlərim! Rəhmətlik Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda dilimizin başına gətirilənlərlə bağlı, bir ananın üç övladının timsalında milli dəyərlərimizə qarşı edilənlərlə bağlı bütün yazdıqları 22-ci əsrə getdiyimiz bu günlərdə yenə aktuallığını qoruyub saxlayır. Min təəssüf, elədir ki, var!

Müstəqillik qazandıqdan sonra göbələk kimi artan nəzarətsiz media, onun ardınca da on ildən çoxdur ki, mənəviyyatımıza, sözün əsl mənasında, od vuran sosial şəbəkələr və savadsız, aşağı səviyyəli “aparıcı” sürüsü ilə dolub-daşan efirlər bu gün Azərbaycan dilinə qarşı səlib yürüşü keçirirlər.
Artıq iş o yerə çatıb ki, ana dilimizi bizə sevdirən, həyata gözlərimizi açdığımız, milli kimliyimizi dərk etdiyimiz orta məktəblərdə də dilimizin şəffaflığını qorumaq, heç olmasa şagirdləri elementar dil qaydaları barədə məlumatlandırmaq işi keçib arxa plana. Əzbərçi “tədris proqramı” ilə gün keçirən məktəblər, şagirdlərə yaradıcı yanaşmanı Allah bilir neçə illər öncə unudublar.
Bir zamanlar yüksək təhsil göstəriciləri və möhkəm nizam-intizam qaydaları ilə öyündüyümüz məktəblərimiz artıq repetitor işbazlığının əlində əsir-yesir qalıblar. Tam əminəm ki, bu gün Azərbaycan məktəblərinin “anasını ağladan” repetitor biznesi heç də deyildiyi kimi müəllimlərin maddi ehtiyaclarından irəli gəlmir. Əlbəttə, gələcəyin insan mühəndisi olan müəllimlərin aldıqları məvacib onların normal yaşayışı, standartlara uyğun sosial həyat keçirmələri üçün yetərli deyil. Amma həm də vəziyyət deyildiyi kimi acınacaqlı halda da deyil. Sözsüz ki, müəllim də öz biliyini maddi baxımdan qiymətləndirmək hüququna sahibdir. Yəni, biliyini əlavə məşğələ formasında pula çevirə bilər. Bu, müasir dünya qaydalarında normal yanaşmadır. Amma fəlakət odur ki, biz əsrlər boyu olduğu kimi, bu məsələdə də yenə xaos, ajiotaj yaşayırıq. Müqəddəs müəllimlik vəzifəsi, ana dilini uşaqlara sevdirmək istəyi artıq unudulmuş acı hekayəyə çevrilib gedir...

Faciə odur ki, repetitor xidməti artıq bir ucdan kütləvi hal alıb və sentyabrın 15-də ilk parta arxasında əyləşən 1-ci sinif şagirdi cəmi 4-5 gündən sonra ona a, b, c hərflərini öyrətməli olan müəllimə tərəfindən repetitor qəfəsinə salınır. Burada məqsəd nədir? Məqsəd və fərq ondadır ki, müəllim məktəbdəki tədris proqramı çərçivəsində, dövlətin dərs saatında şagirdlərə öyrətməli olduğunu ödənişli məşğələdə onlara ötürür. Yəni, dövlətin tədris proqramı formal olur, əsas tədris keçir repetitor saatına. Tədrisdəki bu xaos, ilk növbədə, ana dilimizin öyrənilməsinə də böyük zərbə vurur. Təəssüf ki, müəllim adını daşıyan və əsas da gözəllik salonlarından məktəb direktoru qoltuğuna “adyalan” bir çox direktorlar bunun fərqində deyillər...

Gələk əsas mövzuya. Azərbaycan dilinin qorunması üçün təəssüf ki, heç bir qabaqlayıcı işlərin şahidi olmuruq. Nə ictimai səviyyədə, nə də hüquqi-inzibati formada. Bunun belə olduğuna əmin olmaq üçün elə təkcə Bakı şəhərində elan və reklam şitlərinə, metrodakı maarifləndirici və reklam lövhələrinə nəzər yetirmək kifayət edir. Üstəgəl min təəssüflə qeyd edək ki, hazırda KİV-lərdə, internet resurslarında ehtiyac olmadığı halda əcnəbi sözlərdən istifadəyə yer verilir. Sovet dövründə rus dilinə hədsiz yer verilirdisə, bu gün artıq ingilis dili lazım olmayan şəkildə hər yerdə gözümüzə soxulur. Demək olar ki, paytaxt Bakıdakı əksər mağazaların, xidmət və iaşə obyektlərinin qarşısından asılan reklam lövhələrində Azərbaycan dilinin işlənməsinin məhdudlaşdırıldığının şahidi olduq. Reklamlarda dövlət dilinin işlənməsinə etinasız münasibətə yalnız şəhərin mərkəzi küçələrində deyil, ətraf ərazilərdə də rast gəlmək mümkündür. Mətnlər çox halda ingilis, qismən də rus dillərində tərtib edilib. Azərbaycan dilində olan reklamlar isə azlıq təşkil edir. Hanı bu işlərə nəzarət və cavabdeh olan qurumlar, yoxsa “yatıblar”? Niyə nəzarət yoxdur, niyə doğma dilimizi qorumuruq, NİYƏ???

Niyə axı öz doğma dilimizə bu dərəcədə etinasız yanaşırıq. Bir çoxları televiziya efirlərindən yeri gəldi-gəlmədi Türkiyə türkcəsindən gen-bol istifadə edir, sanki belə olmalıymış kimi bir də öyünürlər. Bir sıra kütbeyin, savadsız “aparıcılar” proqrama çağırdıqları azərbaycanlı müsahiblərinə “hoca”, “uzman” və digər türk dilindəki ifadələrlə müraciət edir, sanki doğma dilimizi milyonlarla tamaşaçıya unutdururlar. Bu, sözün əsl mənasında, doğma dili unutdurmaq siyasətidir. Bəli, biz də türk ailəsinin bir qoluyuq, Türkiyədəkilər də bizim üçün çox əzizdirlər, qardaş xalqıq. Amma bizim öz doğma Azərbaycan dilimiz var axı. Axı bu dil bizim milli kimliyimizdir, onu necə bayağılaşdıra bilərik, bu kökə sala bilərik? İnanın doğma dilimizə qarşı bu soyqırımı xalq olaraq bizə çox baha başa gələcək. İllər sonra bunun dəhşətli nəticələrini görəcəyik. Necə ki, ötən əsrlərdə etdiklərimizin acılarını son 30 ildə canımızla, qanımızla ödədik. Torpağı qaytarasan, amma itirilmiş ana dilini və itirilmiş AZƏRBAYCANLI DƏYƏRLƏRİNİ heç vaxt!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə