Süni intellekt psixologiyamıza necə təsir edir ? - MÜTƏXƏSSİS AÇIQLADI
"Müasir dövrdə insanların süni intellektlə söhbət etməsi getdikcə artdığını müşahidə edirik. Bu meyli tək bir səbəblə izah etmək çətindir. Burada şəxsin həm psixoloji-emosional vəziyyəti, həm də şəxsiyyətlərarası münasibətlərində baş verən dəyişikliklər mühüm rol oynayır. Aydın məsələdir ki, süni intellekt insanları mühakimə etmir, səbrlə dinləyir və hər an əlçatandır. İnsanlar üçün bu cür imkanlar rahatlıq yaradır, çünki süni intellekt qarşısında zəif olmaq, qorxularını və gizli düşüncələrini bölüşmək sosial risk daşımır. Məhz bu xüsusiyyətlər də süni intellektin istifadəsinin artmasına zəmin yarada bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Mirsadiq Muxtarov deyib.
Onun sözlərinə görə, gün ərzində məruz qaldığımız stressli yaşam tərzi, cəmiyyət arasında sosial təzyiqlər və təkliyin artması insanların psixoloji və emosional ehtiyaclarını gücləndirir:
"Bir çox insan özünü dinləyən, mühakimə etməyən və hər an əlçatan bir dinləyiciyə ehtiyac duyur ki, süni intellekt də bu boşluğu qismən doldurmaq üçün istafadə edilir. Bu çətinlik xüsusilə gənclər və sosial təcrid yaşayan qruplar arasında daha çox müşahidə olunur. Onlar başqaları ilə dərin emosional bağ qurmaqda çətinlik çəkə və ya insanlararası münasibətlərdə anlaşılmadıqlarını düşünə bilərlər. Bu kimi hallarda isə suni intellektin təqdim etdiyi çoxfunksiyalı imkanlar onlar üçün faydalı ola bilir. Müasir dövrdə insanların süni intellektlə söhbət etməsinin artması təkcə fərdi psixoloji ehtiyaclarla izah olunmur. Texnologiyanın həyatımıza təsirinin artması insanlararası münasibətləri də dəyişdirməkdədir. Zaman keçdikcə insanlar bir-biriləri ilə daha az üz-üzə ünsiyyət qurur, emosional bağlar isə getdikcə zəifləyir. Bəzən insanlar bir-birinə qarşı empatiya göstərməkdə, dinləməkdə çətinlik çəkirlər, çünki real ünsiyyət daha çox zaman, enerji və məsuliyyət tələb edir. Real münasibətlərdə anlaşılmamaq, diqqətsizlik və laqeydlik halları artdıqca, insanlar bir-birinə qarşı daha ehtiyatlı və məsafəli davranmağa başlayırlar. Belə bir sosial mühitdə, insanlar emosional yaxınlıq qurmaqda çətinlik çəkdikcə, mühakimə etməyən, səbrlə dinləyən və qarşılıq gözləməyən alternativlərə üz tuturlar. Süni intellekt də məhz bu nöqtədə ön plana çıxır. O, həqiqi sevgi və empatiya təqdim etməsə də, onların təqlidini edərək insanın dinlənilmək və anlaşılmaq ehtiyacını qismən ödəyə bilir. Süni intellekt isə bu məsuliyyəti daşımır, incimir və qarşılıq gözləmir, bu da onu istifadə üçün daha uyğun və təhlükəsiz edir. Dediklərimizi ümumiləşdirsək, nəticə etibarilə, süni intellektlə söhbət etmək həm insanların psixoloji ehtiyaclarının qarşılanması, həm də insanlararası münasibətlərdə empatiya və qarşılıqlı inamın zəifləməsinin göstəricisidir. Unutmaq olmaz ki, süni intellekt həqiqi insan əlaqələrinin yerini tuta bilməz. Ona görə də texnologiya rahatlıq və dəstək təqdim etsə də, insan münasibətlərinin dəyəri və onların inkişafı əvəzolunmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB