"Venesuela ABŞ üçün strateji təsir zonasının simvoludur" - ŞƏRH EDİLDİ
"Venesuelada baş verən son siyasi proseslər həm də regional və qlobal güclərin maraqlarının toqquşduğu klassik geosiyasi meydan kimi qiymətləndirilməlidir. Venesuela ABŞ üçün strateji təsir zonasının simvoludur, Rusiya və Çin üçün isə ABŞ-yə qarşı balans nöqtəsi rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Rusiyanın Venesuela məsələsində nümayiş etdirdiyi ikili yanaşmanın əsas səbəbi praqmatik maraqlarla izah olunur: "Bir tərəfdən Moskva Nikolas Maduro hakimiyyətini açıq şəkildə dəstəkləməklə Qərbə alternativ güc mərkəzi obrazını qorumağa çalışır. Bu dəstək Rusiya üçün ideoloji və geosiyasi xarakter daşıyır və onun beynəlxalq arenada “anti-Qərb blokunun” aparıcı oyunçularından biri kimi mövqeyini möhkəmləndirməyə xidmət edir. Digər tərəfdən isə Rusiya bu dəstəyi müəyyən həddə qədər məhdud saxlayır. Bunun əsas səbəbi Moskvanın siyasi, hərbi və iqtisadi resurslarının böyük hissəsini Ukrayna cəbhəsinə yönəltmiş olmasıdır. Mövcud şəraitdə Venesuela Rusiya üçün birbaşa prioritet münaqişə zonası deyil. Daha çox siyasi rıçaq, diplomatik kart və Qərbə qarşı balans elementi rolunu oynayır. Moskva Venesuela üzərindən ABŞ və müttəfiqlərinə mesaj vermək, qlobal qarşıdurmada manevr imkanlarını genişləndirmək istəyir, lakin bu ölkədə aktiv və genişmiqyaslı müdaxiləyə getmək riskli hesab olunur. Çünki belə bir addım Rusiyanın onsuz da gərgin olan resurs imkanlarını daha da zəiflədə bilər.
Ukrayna və Venesuelada baş verən proseslər arasında müəyyən oxşarlıqlar da mövcuddur. Hər iki halda böyük güclər yerli siyasi böhranları qlobal geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi istifadə edir. Sanksiyalar, beynəlxalq legitimlik məsələsi və hakimiyyətin tanınması ilə bağlı mübahisələr əsas alətlərə çevrilir. Eyni zamanda, informasiya müharibəsi, media üzərindən aparılan təbliğat və beynəlxalq hüququn selektiv tətbiqi hər iki prosesin ortaq cəhətləri sırasındadır. Bu baxımdan həm Ukrayna, həm də Venesuela böyük güclərin təsir dairəsi uğrunda mübarizəsinin simvolik nümunələrinə çevrilib. Lakin fundamental fərqlər daha dərin və həlledici xarakter daşıyır. Ukrayna məsələsində birbaşa hərbi münaqişə, ərazi bütövlüyü və təhlükəsizlik məsələləri ön plandadır. Burada Rusiya üçün söhbət yalnız siyasi təsirdən deyil, həm də strateji təhlükəsizlik maraqlarından gedir. Venesuelada isə əsas mübarizə siyasi legitimlik, iqtisadi təzyiq mexanizmləri və enerji resursları üzərindən aparılır. Hərbi qarşıdurma riski Ukrayna ilə müqayisədə xeyli aşağıdır.
Bundan əlavə, Ukrayna Avropa təhlükəsizlik arxitekturasının mərkəzində yer alır və NATO, Avropa İttifaqı kimi strukturların birbaşa maraq dairəsindədir. Venesuela isə daha çox regional təsir zonası olmaqla yanaşı, qlobal güclər arasında simvolik qarşıdurma və mövqe nümayişi məkanı kimi çıxış edir. Məhz bu fərqlər Rusiyanın iki prosesə yanaşmasında müşahidə olunan ikili və ölçülü siyasəti şərtləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB