"Dövlət başçımız yerli telekanallara müsahibəsində olduqca vacib məsələlərə toxundu və xüsusilə Azərbaycan-Amerika münasibətlərində tarixi nailiyyətlərdən bəhs etdi. Heç şübhəsiz ki, dünyanın ən güclü ölkəsi ilə münasibətlər Azərbaycanın prioritetləri sırasındadır və Azərbaycanın bu münasibətlərdən uduşlu çıxması xüsusi önəm daşıyır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu da ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalardan və yüksək səviyyəli görüşlərdən sonra artıq hər kəsə məlum olan bir gedişata çevrilib.
Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin tarixi 1992-ci ilə gedib çıxır. Lakin elə həmin ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş tətbiq olundu ki, bu da faktiki olaraq iki ölkə arasında münasibətlərdə çat yaradıb. Uzun illər bu məsələ ilə bağlı suallara doğru-düzgün cavab verilməyib. Prezident müsahibəsində qeyd etdi ki, o zaman senatorlardan biri olan Joe Biden 907-ci düzəlişin təşəbbüskarlarından biri olub və bu sanksiyanın qəbul edilməsində aktiv rol oynayıb.
Eyni zamanda Prezident qeyd etdi ki, sonrakı proseslərdə də Joe Biden bu mövqeyini saxlamışdı və məhz onun prezidentliyi dövründə 907-ci düzəliş yenidən gündəmə gətirildi. Halbuki əvvəlki dövrlərdə – məsələn, 2001-ci ildən başlayaraq ABŞ-ın Əfqanıstana yükdaşımaları zamanı Azərbaycana ehtiyacı yarandıqda bu düzəlişin tətbiqindən imtina olunmuşdu. Donald Trump-ın prezidentliyi dövründə isə bu ədalətsiz düzəliş yenidən dayandırıldı. Lakin Azərbaycan hələ də ABŞ-ın bu məsələ ilə bağlı yekun və qəti qərarını gözləyir. Bu barədə son dövrlər səsləndirilən ardıcıl bəyanatlar göstərir ki, məsələ ABŞ-da da ciddi şəkildə dəyərləndirilir. İki ölkə arasında münasibətlərdə bu cür əngəllərin aradan qaldırılması vacibdir və paralel olaraq qarşılıqlı əlaqələrin irəli aparılması üçün bu addımlar zəruridir. Təsadüfi deyil ki, ötən il iki ölkənin liderləri arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması ilə bağlı memorandum imzalanmışdı. Bu memorandumdan irəli gələn məsələlərin həlli istiqamətində intensiv işlər aparılır.
Bu günlərdə ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə, o cümlədən 907-ci düzəlişlə bağlı məsələlər də müzakirə olunub. ABŞ-ın Azərbaycana investisiya yatırması ölkəmizin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Azərbaycan uzun illərdir ABŞ-ın qiymətli kağızlar bazarına investisiya yatırır. Eyni zamanda ABŞ-dan da bu istiqamətdə təşəbbüslərin gəlməsinə açığıq və Azərbaycanın böyük investisiya potensialı mövcuddur. Süni intellekt, informasiya texnologiyaları kimi sahələrdə də ABŞ-ın Azərbaycanda geniş fəaliyyət imkanları var. Siyasi iradə ortadadır, liderlər arasında qarşılıqlı etimad mövcuddur. Azərbaycanın potensialı bu münasibətlərin daha da inkişafına tam imkan verir. Ölkə Prezidenti də xüsusi vurğuladı ki, Azərbaycan və ABŞ arasında münasibətlərin yüksək səviyyədə inkişafı və liderlər arasında razılaşmalardan sonra dünyanın bir sıra aparıcı ölkələri, xüsusilə Avropa dövlətləri tərəfindən ölkəmizə maraq daha da artmağa başlayıb".
Siyasi şərhçi qeyd edib ki, bir sıra dövlətlər artıq Azərbaycanla strateji tərəfdaşlıq haqqında əməkdaşlığa dair qərarlar qəbul etməyə başlayıblar: "Hazırda Azərbaycan 30-dan çox ölkə ilə bu məzmunda sənədlər imzalayıb ki, onların əksəriyyəti də Avropa İttifaqına üzv dövlətlərdir. ABŞ ilə yüksək səviyyəli münasibətlər Azərbaycanın dünya ölkələri içində nüfuzuna da müsbət təsir göstərir. ABŞ kimi NATO-nun əsas güc mərkəzi olan dövlətin münasibətlərində açıq dəstək göstərməsi, ehtiyatlı davranan digər ölkələrin də Azərbaycanla münasibətlərə daha açıq və inamlı yanaşmasına zəmin yaradır.
Təsadüfi deyil ki, 907-ci düzəlişlə bağlı qərarın yumşaldılmasından və ya ləğvindən sonra bəzi dövlətlər, əvvəllər əməkdaşlıqda ehtiyatlı davranan ölkələr, artıq iqtisadi, hərbi və digər sahələrdə daha fəal addımlar atmağa başlayıblar. Yəni ABŞ-nin mövqeyi bir növ domino effekti yaradaraq Azərbaycanın beynəlxalq nüfuzuna və tərəfdaşlıq imkanlarına ciddi təsir göstərir.
Donald Trump-ın Prezident İlham Əliyevə ünvanladığı yüksək qiymətləndirmə və xoş ifadələr də Azərbaycan üçün əlavə fürsətlər yaradıb. Bu münasibətlər həm də digər tərəfdaş ölkələrin Azərbaycana baxışını müsbət istiqamətdə dəyişib, daha açıq və inamlı əməkdaşlığa təkan verib. Digər tərəfdən, ötən il Azərbaycan-Çin münasibətləri də yeni mərhələyə qədəm qoyub. Strateji tərəfdaşlıq sənədlərinin imzalanması, hərtərəfli əməkdaşlıq bəyannaməsi və Çin kimi böyük iqtisadi güc mərkəzi ilə əlaqələrin dərinləşməsi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas amillərdəndir.
Azərbaycanın D-8 təşkilatına üzvlüyü, xüsusilə 30 il ərzində heç bir digər ölkənin üzv olmadığı bir dövrdə, Azərbaycanın yeganə üzv kimi mövqeyi, ölkəmizin regional və qlobal mövqeyini gücləndirir. Mərkəzi Asiya Məşvərət Şurasına tam hüquqlu üzv qəbul olunması da dövlətimizin xarici siyasətində əhəmiyyətli uğurlardan biridir. Dövlət başçısının 20-dən artıq xarici ölkəyə səfərləri və ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər – məsələn, Azadxankəndi şəhərində eko-zirvə görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvəsinin keçirilməsi – Azərbaycanın qlobal arenadakı nüfuzunu artırır və inkişafının bariz göstəriciləridir.
Gələcək perspektivlərdə, dövlət başçımızın da qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın iqtisadi, siyasi və diplomatik sahədə növbəti mərhələyə keçməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycanın coğrafi mövqeyi və dəhliz qovşağında yerləşməsi əlavə üstünlüklər yaradır və ölkəmizin beynəlxalq aləmdə daha da güclənməsinə şərait yaradır. Bütün bu amillər ölkəmiz haqqında müsbət düşüncələrin formalaşması üçün kifayət qədər əsaslar təqdim edir və Azərbaycanı inkişaf yolunda irəliləyən nümunəvi dövlətə çevirir".
Siyasi şərhçi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB