Nümayişkəranə şəkildə ortaya qoyulan XİSLƏT - TƏHLİL

Fransada müşahidə edilən xaos və qarışıqlıqlar həmin ölkənin prezidenti Emmanuel Makronun uğursuz və yanlış siyasətinin məntiqi nəticəsidir. Belə bir qənaətə gəlmək üçün məntiqi əsas da var. Beləki, bu vaxta qədər Fransa adlı bir ölkə hələ bu qədər dərin xaos və qarışıqlıq içərisində olmayıb. Bunu həmin o Avropa ölkəsinin mətbuat səhifəsi də təsdiq edir və çox məşhur olan həmin o orqan, daha dəqiq desək, “Le Monde” qəzeti Yeni Kaledoniyadakı iğtişaşların 1980-ci illərdən bu vaxta qədər ən pis, ən kritik səviyyəyə çatdığını yazır və belə çıxır ki, artıq qeyd edlənlər elə fransızlar tərəfindən də qəbul olunmaqdadır.

Fransa hakimiyyətinin tətbiq etdiyi zor bir növ etiraf olunur və nəzarəti əldə saxlamaq niyyəti də qətiyyən gizli saxlanılmır

Dünyaca məşhur olan “BBC News” xəbər verir ki, hüquq-mühafizə qüvvələrinin hava limanı ilə bu ölkənin paytaxtı arasındakı yolu bağladığını Fransanın mərkəzi hakimiyyət orqanlarının nümayəndəliyi özü belə açıqlayıb. Doğrudur, buna baxmayaraq, yəni, yolun bağlanması fonunda tətbiq edilən təzyiqlərə məhəl qoymayan yerli əhali fransız jandarmlarının güç tətbiq etməsini hesaba da almır, təslim olmaq fikrində də deyil və heç də təslim olacaq kimi də görünmür. Deməli, belə çıxır ki, etiraz edən əhalinin iradəsini qıra bilməyiblər və hələ də mübarizə əzmini də sarsıltmaq kimlərə isə müyəssər olmayıb. Əlbəttə ki, əgər söhbət mübarizədən, mübarizə əzmindən gedirsə, dolayı yolla da olsa bu əzmin olduğu qeyd edilirsə, deməli, Fransa hakimiyyətinin tətbiq etdiyi zor da etiraf olunur.

Sözsüz ki, Yeni Kaledoniyadan məhz Fransanın dörd əllə yapışması heç də təsadüfi, səbəbsiz, əbəs yerə deyil. Bunun səbəbləri kifayət qədər çoxdur. Amma əsas səbəb odur ki, bu əraziyə nəzarət Paris üçün böyük strateji əhəmiyyət kəsb edir. Bu, məhz strateji baxımdan çox vacib sayılır. Ona görə vacib sayılır ki, əvvəla bu, Asiya-Sakit okean regionunda Fransaya geosiyasi və hərbi təsirini saxlamaq imkanı verir. Digər tərəfdən də unutmaq lazım deyil ki, Yeni Kaledoniya nikel istehsalında dünyada dördüncü yerdə qərarlaşıb və mütəxəssislərin fikrincə, ehtiyac bundan sonra ancaq arta bilər. Belə başa düşülür ki, Fransanın mübarizə aparmaq niyyəti artıq ortadadır. Hətta aydın olur ki, Makronun strateji və iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəyə nəzarəti saxlamaq niyyəti də qətiyyən gizli saxlanılmır və bəlkə də bu, Fransa hakimiyyətinin, şəxsən fransızların liderinin səylərinin nəyə hesablandığını da açıb göstərmiş olur.

Makron öz xislətini nümayişkəranə şəkildə göstərib

Yeni Kaledoniyanın paytaxtındakı mərkəzi meydanda çıxış edən Makron, əslində, ötən ilin ortalarında ölkədən ayrılmaq barədə unutmaq çağırışı edib və hətta konstitusiya islahatları da vəd edib. Amma belə görünür ki, aldatmağı qərara alıbmış. “Ümid edirəm ki, Beşinci Respublikanın Konstitusiyasına yenidən baxılması 2024-cü ilin əvvəlində baş verə bilər və bu, Konstitusiyanın Yeni Kaledoniyaya həsr olunmuş hissəsinin yenidən baxılması məsələsi olacaq”, deyən Makron söz versə də sözünü tutmayıb. Deməli, Fransa prezidenti manipulyasiya edirmiş və yalan danışmaq, yalan vəd etməkdə məqsədi tamamilə başqa imiş. Bütün dünya belə artıq şahidi oldu ki, öz müqəddəratını təyinetmə hüququndan istifadə məsələsində Paris Yeni Kaledoniyaya qətiyyən imkan yaratmayıb və şans belə təqdim etməyib. Bir sözlə, Makron öz xislətini öz ölkəsi daxilində də nümayişkəranə şəkildə göstərib.

Əslində, Fransa prezidentinin hansı xislətdə olduğu əvvəldən bəlli idi. Amma haqqında qeyd olunan məsələdə, yəni Yeni Kaledoniyaya öz müqəddəratını təyinetmə hüququndan istifadə məsələsi barədə söz verməsindən və buna əmək etməməsindən sonra onun xisləti tamamilə aşkara çıxmış oldu. Beləki, bu vaxta qədər Azərbaycanın işlərinə həyasızcasına burun soxan və ələlxüsus da bizə məxsus olan Qarabağ ərazilərində 30 il ərzində məskunlaşan erməni əsilli insanların öz müqəddəratı məsələsi barədə hayların xoşu gəlsin deyə hay-küy edən Makron özünü indi tamamilə rüsvay belə edir. Soruşmaq ayıb olmasın, niyə Makron başqalarının, özü də qonşu torpaqlarda yaşayan yadların müqəddəratının vacibliyini ağız dolusu bağırır, amma öz ölkəsinin vətəndaşlarının, Yeni Kalodoniya üçün öz müqəddəratının həlli məsələsini heç yada da salmır? Deməli, öz müqəddəratını təyin etmə hüququnun Fransa daxilində deyil, ancaq Azərbaycan daxilində keçərli olması üçün Makron dəridən qabıqdan çıxır. Ancaq hayların liyiq olmadıqları, əsasları olmayan əlahiddə hüquqlar alması naminə özünü oda-közə vurur. Heç öz ölkəsinin vətəndaşlarını belə düşünmür. Bu da onun xislətini açıb ortaya qoyur. Açıb ortaya qoyur ki, kimlərinsə öz müqəddəratını təyin etmə hüququ barədə heç də Makron çalışmırmış və göstərdikləri də ancaq ermənipərəstlik, yaltaqlıq, həm də erməni lobbisinin səsini qazanmaq səylərindən başqa bir şey ola bilməz, əks halda bunu öz ölkəsi daxilində, Yeni Kaledoniya ilə bağlı edərdi. Bax elə Fransa liderinin əsl xisləti bununla bəlli olur.

Yeni Kaledoniyadakı son iğtişaşların əsas səbəbi Makronun xisləti, Parisin neokolonial siyasətidir

Makronun ən böyük həyasızlığı, ən alçaq xisləti həm də o zaman aşkara çıxdı ki, o, Azərbaycanın daxili işlərinə qarışmağa çalışmaqla, erməni separatizmini, vandallığını, vəhşiliyini dəstəkləməklə yanaşı, Yeni Kaledoniyada baş verən hadisələrdə həm də utanmadan Azərbaycanı günahlandırır. Diqqətə çatdıraq ki, təkcə Fransa prezidenti Makron deyil, onun hakimiyyət komandasında olanlar da onun diqtəsi altında bunun kimi axmaq fikirlər səsləndirirlər. Məsələn, mayın 16-da Fransanın daxili işlər naziri Cerald Darmanin “France 2” televiziyasına müsahibəsində Azərbaycanın Yeni Kaledoniyadakı vəziyyətə müdaxilə etdiyini, onun Fransadakı müstəqilliyini müdafiə edən siyasi hərəkatları dəstəklədiyini bildirmişdi. “Bu, fantaziya deyil. Təəssüf ki, bəzi separatçılar Azərbaycanla razılığa gəliblər”, deyə öz müsahibəsində sayıqlayan Darmanin, hansı müdaxilədən danışdığını açıqlamayıb. Açıqlaya da bilməz axı. Çünki söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil. Xatırladaq ki, bu, fransız siyasətçinin Azərbaycana qarşı ilk ittihamı deyil. Bakının hərəkətlərini “son dərəcə dağıdıcı müdaxilə” adlandıran bu siyasətçi görünür başını tamamilə itirib. Yaxud da Makronun o şəkildə marionetinə çevrilib ki, onun gizlində belə dediklərini, eyni ilə tutuquşu kimi aşkarda təkrarlayır və öz sözlərinə sərhəd qoymadan sayıqlayır.

Heç şübhəsiz ki, Yeni Kaledoniyadakı iğtişaşlarda Bakının iştirakına dair Parisin heç bir sübutu yoxdur və ola da bilməz. Çünki bunu iddia belə etmək axmaqlıqdır. Deməli, Fransanın bacara biləcəyi, Azərbaycana qarşı irəli sürülən, heç bir faktiki sübutla dəstəklənməyən əsassız ittihamlardan başqa bir şey hesab oluna bilməyən iddiaları irəli sürməsi olar. Bunun isə heç bir mənası da yoxdur, hansısa bir mahiyyəti də. Kimsə də buna inanan belə deyil. Çünki Yeni Kaledoniyadakı son iğtişaşların əsas səbəbinin məhz arxipelaqın yerli əhalisinin dözmək istəmədiyi Parisin neokolonial siyasəti olduğunu başa düşmək üçün Amerika kəşf etməyə qətiyyən ehtiyac duyulmur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə