Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycanın bir qrup şəhid ailəsinin qardaş Türkiyəyə səfəri baş tutub. “Kırşəhər Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin dəvəti ilə reallaşan səfər çərçivəsində şəhid ailələrimiz əvvəlcə paytaxt Ankaraya, sonra Kırşəhərə səfər edərək müxtəlif tədbirlərdə iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfər “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB), “Ərkivan Transport” Beynəlxalq yükdaşıma şirkəti və ev sahibi - Kırşəhər Şəhid Ailələri Dərnəyinin təşkilatçılığı ilə həyata keçib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısını örnək alan ictimai təsisatlarımız bu səfərdən qürur və məmnunluq hissi keçirir.

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı tədbirlər silsiləsi kırşəhərli şəhid ailələrinin daha əvvəl Azərbaycana səfəri ilə başlayıb. Qardaş ölkənin şəhid ailələri RHİMİB-in ev sahibliyi ilə maraqlı görüşlərdə, tədbirlərdə, müzakirələrdə iştirak edib və beləliklə, müvafiq ictimai birliklər arasında səmimi əməkdaşlıq mühiti yaranıb.

Hər iki ölkənin ictimai birlikləri qəhrəman şəhidlərimizin ailə üzvlərini də şəhidlərimiz kimi əziz bilir və şəhidlərimizin xatirəsini layiq işlər, layihələrlə anmağı, əziz tutmağı mənəvi borc bilir.

Qardaş ölkəyə səfərdə şəhid ailələrimizi:

Xüsusi təyinatlı qüvvələrin gizirləri - Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin anası Ziba xanım Əsgərova,

Silahlı Qüvvələrin şəhid əsgərləri İman və Bəhram Məmmədzadə qardaşlarının atası Elman Məmmədov,

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov,

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin həyat yoldaşı Gülnar xanım Abdullayeva,

Milli Qəhrəman, şəhid leytenant Samir Xasıyevin anası Gözəl xanım Xasıyeva,

Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanımı Axundova,

Silahlı Qüvvələrin əsgəri, Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova,

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rahib Babayevin həyat yoldaşı Aygün xanım Babayeva,

Quru Qoşunlarının leytenantı, şəhid Ravil Hümbətovun həyat yoldaşı Leyla xanım Hümbətova,

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov,

Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Rafail Hüseynovun atası Teymur Hüseynov təmsil ediblər.

"Şəhidi şəhidimiz, bayrağı bayrağımız" adlı layihə çərçivəsində azərbaycanlı şəhid ailələri RHİMİB-in rəhbərliyinin müşayiəti ilə Türkiyə səfəri iyunun 10-da başlayıb. Səfərin ilk günü RHİMİB, Kırşəhir Şəhid Ailələri Dərnəyi rəhbərliyi və Türkiyə, Azərbaycan şəhid ailələri Ankarada başda Anıtqəbir olmaqla bir çox məkanı ziyarət ediblər.

Qardaş ölkəyə səfərin ikinci günü, Kırşəhirdən seçilmiş millət vəkili Nəcməddin Ərkan Türkiyə Böyük Millət Məclisində (TBMM) RHİMİB sədri Arzu Bağırovanı, Azərbaycandan olan şəhid ailələrini və ev sahibi qurumun rəhbərliyini qəbul edib.

Görüşdə, prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlığı, onların siyasi iradəsi sayəsində qardaş ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb. O cümlədən qardaşlığımızın qızıl tacı - üç il əvvəl Milli Qurtuluş Günündə imzalanmış “Şuşa Bəyannaməsi”nin mahiyyətindən söz açılıb.

Türkiyəyə səfər çərçivəsində Türkiyə DİN “Layihə-Dəstək” idarəsi başqanı Mehmet Fatih Günay Azərbaycandan gələn şəhid ailələrini qəbul edib. Qardaş ölkələrimizin uyğun profilli ictimai birlikləri arasında əməkdaşlığın perspektivi haqqında fikir mübadiləsi aparılıb.

Ankaradan sonra görüşlər Kırşəhərdə davam edib. Kırşəhər valisi Xüdayar Mete Buhara Azərbaycandan olan şəhid ailələrini qəbul edib. Səmimi keçən görüşdə vali digər şəhid ailələrinə salamlarını çatdırmağı xahiş edib.

Dövlət başçılarımızın bütün dünyaya nümayiş etdirdiyi birlik, bərabərlik və sarsılmaz qardaşlıq örnəyindən söz açan vali, bu qardaşlıq, dostluq və qonşuluğumuzun əbədi olduğunu deyib.

Səfər çərçivəsində Kırşəhirdə daha bir neçə vəzifəli şəxs, vəqf və dərnək rəhbərləri ilə görüşlər keçirilib. Azərbaycanlı şəhid ailələrini Kırşəhər mədəniyyəti, tarixi mirası ilə yaxından tanış olublar. Nümayəndə heyəti Kırşəhər şəhid ailələri ilə bərabər “Şəhidlər Ormanı”ni də ziyarət edərək 1918-ci ildə Azərbaycanda şəhid olmuş qəhrəmanların adlarının olduğu lövhələri rəmzi olaraq kötüklərə çaxıblar.

Səfər konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə