Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

2024-cü il sentyabrın 8-dən 13-dək Astanada təşkil ediləcək 5-ci Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək. SİA UNESCO-nun saytına istinadla xəbər verir ki, Azərbaycanın və digər türk dövlətlərinin də təmsil olunacağı Ümumdünya Köçəri Oyunları etnik idman növləri üzrə ən böyük beynəlxalq idman yarışlarıdır. Müsabiqə Orta Asiyanın köçəri xalqlarının milli oyunlarına əsaslanır.

Təxmini hesablamalara görə, Qazaxıstan paytaxtına 85-dən çox ölkədən ən azı 2000 iştirakçı gələcək. Proqrama atçılıq yarışları, güləş, ənənəvi oxatma kimi 20 əsas idman növü üzrə yarışlar daxildir. Oyunlarda təkcə idmançıların deyil, mədəniyyət və elm nümayəndələrinin də iştirakı gözlənilir.

Bu tədbir ənənəvi milli idman növlərinin, habelə xalqların mədəniyyətinin qorunub saxlanılmasında və inkişafında mühüm rol oynayır, eyni zamanda, mədəni müxtəlifliyin və dövlətlər arasında dialoqun təşviqinə kömək edir. Proqram çərçivəsində etnomədəni irsin təbliği məqsədilə elmi konfransların və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

UNESCO qeyd edib ki, Oyunların keçirilməsi təşkilatın idman vasitəsilə sağlamlığın və rifahın yaxşılaşdırılmasına yönəlmiş “Həyat üçün addımla” təşəbbüsünə töhfə verir, həmçinin qeyri-maddi mədəni irsin qorunması məqsədlərinə uyğundur. Qeyd etmək lazımdır ki, Ümumdünya Köçəri Oyunları artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Tədbir çərçivəsində UNESCO-nun Almatıdakı Regional ofisi qadınların idmanda roluna dair yüksək səviyyəli beynəlxalq elmi-praktik konfrans da təşkil edəcək. Bu tədbir gender bərabərliyinin və idmanda inklüzivliyin vacibliyini vurğulayan müsabiqənin mədəni və elmi proqramının mühüm tərkib hissəsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə