İranda reper Tomaj Salehiyə verilən ölüm hökmü ləğv edilib

İranın Ali Məhkəməsi reper Tomaj Salehinin edam hökmünü ləğv edib. Məhkəmə işin yenidən araşdırılmasına qərar verib. SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun İran xidməti Fərda məlumat yayıb.

Xatırladaq ki, aprelin 24-də İranda məhkəmə Salehi 2022-ci ildə ölkədə baş verən etiraz aksiyalarına dəstək verdiyi üçün edam cəzasına məhkum etmişdi.

Salehi 2022-ci ilin oktyabrında həbs edilib. 2023-cü ildə İranın Ali Məhkəməsi ona 6 il 3 ay həbs cəzası verib.

Daha sonra İsfahan şəhər məhkəməsi Ali Məhkəmənin qərarına yenidən baxaraq reperə ölüm hökmü çıxarıb. Sənətçinin vəkili hökmü görünməmiş adlandırıb və məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Gərək ki, yadınızda olar, Mahsa Aminin ölümündən sonra keçirilən kütləvi küçə etirazları aylarla davam etdi və son onilliklərdə İranın mühafizəkar rəhbərliyinə qarşı ən ciddi problemlərdən birinə çevrildi.

Toqquşmalarda yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib, bir neçə etirazçı edam edilib.

Salehi İranda korrupsiyaya, yoxsulluğa, edamlara və etirazçıların öldürülməsinə qarşı yazdığı liriklərlə şöhrət qazanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə