Məhbuslara qohumları ilə uzunmüddətli görüşə icazə veriləcək...

Müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb

Rusiya Federasiyasının istintaq təcridxanalarında (SİZO) məhbuslara qohumları ilə uzunmüddətli görüşə icazə veriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Qanun Konstitusiya Məhkəməsinin istintaq təcridxanalarında saxlanılan məhkumların qohumları ilə görüşmək hüququnun pozulmasını tanıyan qərarını icra edir.

Sənəddə qeyd olunur ki, islah və tərbiyə koloniyalarında, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında məhbuslar qanuni əsaslar olmadan uzunmüddətli görüş hüququndan məhrum edilirlər.

Qanunla Cinayət-İcra Məcəlləsinə vəkil və notariusla görüş istisna olmaqla, məhkumların qohumları və digər şəxslərlə uzunmüddətli görüşmək hüququnu təmin edən əlavələr edilir.

Sənəd altı aydan sonra qüvvəyə minir. Bundan əvvəl dövlət başçısı mobil cihazların və digər rabitə vasitələrinin məhkumlara verilməsinə və ya verilməsinə cəhdə görə cərimələrin müəyyən edilməsi haqqında qanunu imzalayıb.

Bu cür pozuntular indi 20.000-dən 50.000 rubla qədər cərimə ilə cəzalandırılır. Məhkumlara qadağan olunmuş əşyaların: silah, alkoqol və narkotik vasitələrin, kəsici-deşici əşyaların keçirilməsinə və ya keçirməyə cəhdə görə cərimə də artırılıb. Əvvəllər bunun üçün cərimə üç-beş min rubl idisə, indi beşdən on min rubla qədərdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə