Amerikanın təyyarədaşıyan gəmisi Cənubi Koreyada dayanıb

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi ABŞ-ın “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin Rusiya lideri Vladimir Putinin Şimali Koreyaya səfərindən sonra Cənubi Koreyanın Busan limanında lövbər saldığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədaşıyan gəmini ABŞ esminesləri Halsey və Daniel İnouyenin müşayiət etdiyi qeyd edilib və iyunun sonunda ABŞ, Yaponiya və Cənubi Koreyanın iştirakı ilə planlaşdırılan təlimə Amerika döyüş gəmisinin də qatılacağı qeyd olunub. Bütün bu hadisələrin Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfərindən sonra Pxenyanla Moskva arasında əməkdaşlığın daha da güclənəcəyinə dair narahatlıqların artdığı bir mühitdə baş verdiyi müşahidə edilir.

Rusiya lideri Putin iyunun 18-19-da Şimali Koreyaya rəsmi səfər edib. Putinlə Şimali Koreya lideri Kim Çen Inın görüşündən sonra Moskva və Pxenyan arasında iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə başda Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi olmaqla bir sıra sazişlər imzalanıb. Danışıqlardan sonra Putin Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı istisna etmədiyini açıqlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə