Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Baş Prokurorluqda Baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edildiyini diqqətə çatdırıb.

Çıxış zamanı ölkədə dövlət qulluqçularının sayının 27 min nəfər olduğu və onların 29,7 faizini qadınların təşkil etdiyi, həmçinin prokurorluq orqanlarında 642 nəfər dövlət qulluqçusunun fəaliyyət göstərdiyi, həmin şəxslərdən isə 32,9 faizini qadınların təşkil etdiyi qeyd olunaraq dövlətimizin başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Prezident İlham Əliyevin dövlət qulluqçularının fəaliyyətində müəyyənləşdirdiyi prinsiplərə toxunulub.

Tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş 24 dövlət qulluqçusu və 4 prokurorluq orqanlarında çalışmış veteran dövlət qulluqçularına hədiyyələr təqdim olunub.

Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə