"Heydər Əliyevin doğum günündə ilk Şuşa sakinlərinin geri qayıtması rəmzi məna daşıyır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"10 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərində vaxtilə məcburi köçkün olmuş bir qrup sakinlərə məhz öz dədə-baba yurdlarına qayıtması ilə əlaqədar mənzilləri təqdim etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, həmçinin üçüncü yaşayış kompleksinin təməli qoyuldu: "Ümumilikdə üç yaşayış kompleksində 1500-ə yaxın mənzil inşa ediləcək. Bu, 1500 ailənin buraya köçməsi deməkdir. Azərbaycan vətəndaşları Şuşadan məcburi köçkün olaraq bu torpaqları tərk etdikdən sonra həmişə ən böyük arzuları o idi ki, Qarabağı işğaldan azad edək və dədə-baba yurdlarına qayıtsınlar.
44 günlük Vətən müharibəsindən keçən müddət ərzində gecə-gündüz sürətli şəkildə Qarabağ və Şərqi Zəngəzura qayıdış həyata keçirilir. Bu qayıdışın reallaşması üçün Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında quruculuq, yenidənqurma, təmir, bərpa işlərini həyata keçirir. Tarixi izlərimizi qorumaq şərtilə hər şey yenidən yaradılır. Şuşadan olan vətəndaşlarımızın da dədə-baba yurdlarına qayıtması üçün artıq köç başlayıb. Məhz Ulu Öndər Heydər Əliyevin doğum günündə ilk Şuşa sakinlərinin geri qayıtması da rəmzi məna daşıyır. Çünki Şuşanın işğaldan azad olunacağı mesajlarını Ulu Öndər Heydər Əliyev 90-cı illərin əvvəllərində verirdi. O, bütün keçmiş məcburi köçkünlərə və Azərbaycan vətəndaşlarına əminliklə söyləyirdi ki, vaxt gələcək, biz o torpaqlara qayıdacağıq. O torpaqlarda yenidən həyat canlanacaq. Ulu Öndərin vəsiyyəti məhz 44 günlük Vətən müharibəsində, Ali Baş Komandanın liderliyində Azərbaycan ordusunun və xalqının birlik, vəhdət təşkil etməsi nəticəsində mümkün oldu. Azərbaycan gəncləri, əsgərləri, zabitləri o torpaqları canları, qanları bahasına işğaldan azad etdilər".
Onun sözlərinə görə, bu gün qanlarımızla yuyulan bu torpaq yenidən canlanır: "May ayının 10-da şuşalıların öz dədə-baba torpaqlarına, Azərbaycanın qeyrət, namus simvolu olan Şuşa şəhərinə qayıtması, həqiqətən, hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Biz inanırıq ki, mərhələli şəkildə bütün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar. Bütün rayon və şəhərlərimizdə həyat canlanacaqdır. Biz növbəti illərdə Qarabağın, Şərqi Zəngəzurun artıq Azərbaycan iqtisadiyyatına böyük töhfələr verdiyinə şahidlik edəcəyik. Orada vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərin, gənc ailələrin övladları böyüyəcəklər. Bu torpaqlar bundan sonra daima türk yurdu, Azərbaycan torpağı olaraq qalacaqdır. Bir daha heç bir düşmən, heç kəs cəsarət edib Azərbaycan torpaqlarını işğal etməyəcək. Azərbaycan dövləti daim suverenliyini və milli təhlükəsizliyimizi qoruyacaqdır.
Eşq olsun, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ki, bizlərin arzusunu çin etdi. Bu gün də bu proses uğurla davam etdirilir. Biz inanırıq ki, bütün torpaqlarımızda həyat canlanacaqdır. Hər bir Azərbaycan vətəndaşı daha yaxşı, daha rifah, daha xoşbəxt həyat yaşayacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB