Azərbaycan qlobal layihələrə liderlik edir

Rəşad Mahmudov

Milli Məclisin deputatı

Azərbaycanın xarici siyasətində mühüm dəyişikliklər baş verir. Uzun müddətdir ki, Bakının xarici siyasəti əsasən Qarabağ probleminin həlli üçün əlverişli şəraitin yaradılmasına, ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmişdisə, bu gün Bakı keyfiyyətcə fərqli vəzifələri yerinə yetirməyə başlayıb. Belə ki, azad olunmuş ərazilərin bərpası üçün investisiyaların cəlb edilməsi, coğrafi baxımdan yaxın dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və ölkənin dünya siyasətində əhəmiyyətinin artırılması prioritet istiqamətlərdir. Bu vəzifələrin yerinə yetirilməsində Mərkəzi Asiyanın türkdilli dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Türkmənistan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı əlaqələrin daha da dərinləşməsi mühüm rol oynayır. Azərbaycanın Mərkəzi Asiya dövlətlərinə münasibətdə xarici siyasəti müstəqillik əldə etdikdən sonra formalaşmağa başlamışdı. Bakı xüsusən də son illər bu dövlətlərlə əməkdaşlığın inkişafına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin bu regionun dövlətləri ilə əlaqələrini səciyyələndirən Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir. Ümumi mədəni köklər dövlətlərarası münasibətlər üçün möhkəm təməldir. Dövlət başçısının sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Prezident İlham Əliyev xüsusilə vurğulayır ki, Mərkəzi Asiya və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı artan, dünya siyasətində strateji əhəmiyyət kəsb edən vahid tarixi-mədəni coğrafi regiondur. Bu mənada Bakının regionun hər bir ölkəsi ilə münasibətlərini dərinləşdirməsi ikitərəfli əlaqələrin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişafında da mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar ki, mümkün deyil. Polyak mənşəli ABŞ politoloqu və dövlət xadimi Zbiqnev Bjezinski bu perspektivi özünün məşhur “Böyük şahmat löhvəsi” adlı kitabında ətraflı təhlil etmişdi. Azərbaycanın həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi onun üçün əlverişli tranzit imkanları yaradır, çünki Şərqdən Qərbə marşrutlar məhz Azərbaycan ərazisindən keçir. 2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya yüklər Qazaxıstandan Xəzər dənizi ilə daxil olur. Daha geniş desək, BTQ Çinin “Yeni İpək Yolu”nun elementidir. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiyanın önəmli ölkəsi olan Qırğız Respublikası ilə də ikitərəfli münasibətləri inamla inkişaf etdirir. Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə yeni məzmunla zənginləşir. Azərbaycan və Qırğız Respublikasını çoxillik tarixi, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, dövlətlərarası əlaqələrin yeni şəkildə genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də iki ölkə arasında münasibətlərin daha da güclənməsinə kömək edəcək. Ümumiyyətlə, cənab Japarovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından çox məhsuldar oldu. Ondan çox sazişin imzalanması əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi üçün əlverişli hüquqi baza olacaq. Qeyd edək ki, hazırda Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artır, ölkələr birgə layihələr həyata keçirir, həmçinin qarşılıqlı investisiyaları və özəl sektorun işini həvəsləndirir. 2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 6 dəfədən çox artaraq 65 milyon dollara çatıb. Xüsusilə Qırğızıstan qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə də imzalandı. Nizamnamə fondunun 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırılması qərara alındı. Prezident İlham Əliyev mətbuata açıqlamasında 100 milyon dolların da son hədd olmadığını diqqətə çatdıraraq əlavə etdi ki, hər iki ölkə müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdilər. Qırğızıstan liderinin ölkəmizə səfəri həm də böyük mədəniyyət hadisəsi ilə yadda qaldı. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı Prezident İlham Əliyevin bildirdiyi kimi qardaşlıq münasibətləri tarixində əlamətdar günə çevrildi. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu, iki xalqın dostluğunun, qardaşlığının və birliyinin daha bir rəmzi olacaq. Təkcə Qırğızıstanın deyil, həm də bütün Türk dünyasının qüruru olan Çingiz Aytmatovun abidəsinin Bakıda ucaldılması xalqlarımızın yaxınlaşması baxımından da son dərəcə vacib rol oynayacaq. Beləliklə, Azərbaycan və Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq mövqe var. Bununla belə, iqtisadi qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir. Əminliklə qeyd etmək olar ki, Qırğızıstan liderinin son səfəri iki türk dövləti arasında münasibətləri yeni zirvəyə daşıyacaq. Azərbaycan regionun lider dövləti kimi artıq beynəlxalq layihələrin də əsas aparıcı qüvvəsi kimi çıxış edir. Bu baxımdan Qırğızıstanla əlaqələr həm də ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mövqeyi və qarşıya qoyduğu hədəflərlə birbaşa bağlıdır. Azərbaycan tarixi köklərdən irəli gələn əlaqələr üzərində Cənubi Qafqazla məhdudlaşmayaraq bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə