Astanasında olduğumuz YENİ DÖVR – TƏHLİL

Astanasında olduğumuz YENİ DÖVR – TƏHLİL

İlk dəfə olaraq bütün ölkə ərazisində, müstəqil dövlətimizin hər bir güşəsində səsvermə, daha dəqiq desək, 7 fevral tarixli prezident seçkisi unitar Azərbaycanın ilk seçkisi olaraq tarixə yazılır. Azərbaycanın unitarlığı təmin edildikdən sonra ilk seçki isə yeni dövrün başlanğıcı olaraq yaddaşlara həkk olunur. Ölkəmizin də, ölkə vətəndaşlarımızın da məhz yeni dövrün astanasında olduğunun artıq hər birimiz fərqindəyik.

Müstəqilliyinin ilk günündən bu vaxta qədər Azərbaycan xalqı və dövlətimiz çətin, keşməkeşli yolları uğurla keçərək, bütün problemləri öz gücü, öz birliyi, həmrəyliyi ilə dəf edərək, bütün olanlara, düşmənlərimiz tərəfindən törədilən müsibətlərə rağmən xalqımız və ölkəmiz başını dik tutdu və qətiyyən sarsılmadı. Əksinə, həmin dövr ərzində itkilərimiz kifayət qədər çox olsa da, siyasi və hərbi mübarizəmiz olduqca çətin olsa da, biz buna sinə gərdik, mübarizədən çəkinmədik və bununla da Azərbaycan xalqı, Azərbaycan dövləti haqq etdiyi qələbəsini qazandı. Azərbaycan bu dövr ərzində haqqı, ədaləti, bütün ərazisi boyunca suverenliyini bərpa etdi və qalib ölkəmiz bu məşəqqətli dövrü artıq öz Zəfəri ilə başa vurdu. İndi həmin dövr geridə qalıb və biz yeni dövrün astanasındayıq.

Bu vaxta qədər ölkəmizə olan haqsız, ədalətsiz, ikili yanaşmanın fonunda Azərbaycan öz Ali Baş Komandanının, cənab Prezident İlham Əliyevin siyasi zəkası, siyasi iradəsi, qətiyyəti sayəsində bütün çətinlikləri adladı və qələbəyə imza atdı. Bütün yersiz və əsassız təzyiqlərin də məhz bu qələbənin həzm olunmaması ilə əlaqədar olduğu bir aksiomdur və isbata belə ehtiyac duymur. Amma həmin o təzyiqlər barədə düşünənlər belə yaxşı bilirlər ki, bundan sonra təzyiqlərinin də, təhdidlərinin də zərrə qədər mənası qalmır və onlar bizim qələbəmizlə barışmaq məcbriyyətində qalırlar. Artıq öz siyasi zəkası ilə qələbəni ölkəmizə və xalqımıza bəxş edən cənab Prezidentimizin milli maraqlarımıza xidmət edən, eləcə də hüquqa əsaslanan siyasəti ilə razılaşmamaq kimi kimsənin bir yolu qalmır. Bir sözlə, 7 fevral seçkisi Azərbaycan Prezidentinə, Ali Baş Komandanımıza növbəti dövr və növbəti milli hədəflərimiz üçün kart-blanş vermiş olur və artıq bununla hər kəs barışmaq, bunu qəbul etmək məcburiyyətində qalır.

Bütün beynəlxalq təşkilatlar, bütün qurumlar, eləcə də dünyanın bütün dövlətləri 7 fevral seçkisindən sonra qəbul etmək məcburiyyətində qalırlar ki, Azərbaycan üçün onların bəhanə kimi ortaya atmaq istədikləri, bəzən də bəhanə kimi ortaya atdıqları məsələlər artıq keçmişdə qalmış olur. Başa düşürlər ki, bununla da Azərbaycan yeni ideyalarla, yeni dinamik inkişaf tempi ilə yeni dövrə qədəm qoyur. 2025-ci ilin aprel ayını gözləmədən ölkəmizdə seçkilər keçirməsi barədə qəbul olunan qərarı, ölkə rəhbərimizin yeni dövrə dərhal qədəm qoymaq qərarını bəzi qüvvələrin, ermənipərəst mövqedə olanların, Azərbaycan əleyhinə mövqe nümayiş etdirənlərin həzm etməməsi, bunun onları narahat etməsi əlbəttə ki, başadüşüləndir və çoxdandır ki, “demokratiya” adı altında ölkəmizə guya “təzyiq” etmək niyyətləri də bu mənada anlaşılandır. Amma indi onlar bu niyyətlərinin, arzularının puç olduğu qənaətinə gəliblər və bilirlər ki, artıq Azərbaycanın yolunu kəsə bilməzlər və biz yeni dövrün astanasındayıq və hətta artıq yeni dövrə qədəm qoymuşuq.

Doğrudur, ölkəmizin qələbələrini, ölkə rəhbərimizin uğurlarını həzm etmək istəməyənlər var. Amma erməni dəyirmanına su tökmək üçün əllərindən gələni etməyə hazır olan qüvvələr belə bundan sonra heç nəyə əl ata bilməyəcəklər. Nə qədər düşmən mövqedən çıxış etsələr belə, reallıqları görməməzliyə vura bilməzlər. Özünü demokratiyanın beşiyi kimi sırımaq istəyən ABŞ belə artıq ölkəmizlə bağlı reallıqlar barədə çoxdandır xəbərdardır və Ağ Ev üçün də sirr deyil ki, seçki ilə əlaqədar “ağız büzmək” qətiyyən mümkün deyil. Əvvəla, ABŞ təşkilatının ölkəmizdə keçirdiyi son sorğu da təsdiq etdi ki, Azrbaycan Prezidentinin, cənab İlham Əliyevin reytinqi müqayisə olunmayacaq dərəcədə yüksəkdir və həmin sorğuya əsasən respondentlərin 97 faizinin belə bir qənaətdə olması bunu təsdiq edir. Digər tərəfdən də axı, belə bir sorğuya da ehtiyac yoxdur və vətəndaşlarımızın mütləq əksəriyyətinin ölkə rəhbərimizi dəstəklədiyini bilməyən tapılmaz. Ölkənin mətbuat səhifələrində də, sosial mediada da, bütövlükdə cəmiyyətimizdə də Ali Baş Komandanımızın necə dəstəkləndiyini hər birimiz görürük. Bizim hər birimiz cəmiyyətin bir üzvüyük və gündəlik həyatda rastlaşdığımız onu deməyə əsas verir ki, xalqımız öz rəhbərini dəstəkləməkdədir və cəmiyyətimizin seçimi də artıq çoxdan bəllidir. Bunu da hansısa bir beynəlxalq qurum, hansısa bir təşkilat, yaxud hansısa bir ölkə dana bilməz. Xalqımızın bu qədər həmrəyliklə öz liderini, öz ölkə rəhbərini dəstəkləməsi fonunda ortaya atıla bilən hansısa bir neqativ fikir belə böhtan və yalan ifadədən başqa bir qiymət almaz. Ona görə də əminik ki, belə bir niyyət də, əslində, heç yaranmamalıdır.

Dünyanın ən qabaqcıl, ən inkişaf etmiş ölkələrində belə heç bir lider Azərbaycan Prezidenti qədər yüksək reytinq sahibi deyil və heç olmayıb da. İndi özünü az qala dünyanın “ağası” kimi göstərən ABŞ kimi bir ölkədə belə prezidentliyə namizədlərin hərhansı birinin reytinqini Ali Baş Komandanımızın reytinqi ilə müqaisə etmək etmək mümkün deyil və özləri belə reytinqlərinin çox aşağı olduğunun fərqindədirlər. Fərqindədirlər ki, onlar arasında hansısa biri yox, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəsinə qələbə bəxş edən, ərazilərini işğaldan azad edən, suverenliyini bütün ərazisi boyunca təmin edən liderdir və ölkə ictimaiyyətinin də ona olan etimadı, inamı müqayisəyə gəlməyəcək dərəcədə digərlərindən yüksəkdir. Onun da fərqindədirlər ki, belə bir etimad mühitində Azərbaycan cəmiyyətinin birliyi, həmrəyliyi heç kim tərəfindən pozula bilməz və ölkəmizin bundan sonra daha böyük uğurlara imza atması üçün yeni dövrə qədəm qoymasının da qarşısı alınmazdır. Düzdür, bunun üçün müəyyən cəhdlər də edildi, amma yekunda anlaşıldı ki, bu rakursda istənilən istiqamətdə cəhdlər faydasız və mənasızdır.

Hər kəs çox yaxşı başa düşür ki, ən çətin məsələnin öhdəsindən gələn, ermənilər tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını, Qarabağın işğal altında olan ərazilərini işğaldan hərbi yolla, güc yolu ilə azad edən, ərazi bütövlüyünü təmin edən, heç bir çətinliyə əhəmiyyət verməyən Azərbaycan hansısa bir qurumun, hansısa bir təşkilatın, Şvabe kimi provokasiyaya çalışan bir siyasətçinin sərsəm fikirlərindən, bəyanatlarından geri çəkilməz. Bir çoxlarını, ələlxüsus da ermənilərin avropalı himayədarlarını qəzəbləndirən də budur və buna baxmayaraq onlar özlərinin “son nəğmələrini” oxumaqla, erməni lobbisinə “sədaqətli it” olduqlarını nümayiş etdirməkdən başqa bir şey edə bilməyəcəklərini özləri daha yaxşı bilirlər. Bilirlər ki, 7 fevral tarixindən sonra onların həmin o “son nəğmələrinin” də, həmçinin “sədaqətinin” də tamamilə mənasız olduğu bəlli olacaq və “it hürər, karvan keçər” zərbi-məsəlində olduğu kimi, bizim davam edən karvanımıza da matdım-matdım baxmalı olacaqlar...

Azərbaycanda növbədənkənar prezident seçkilərini gözdən salmağa çalışan bütöv bir mafiyaya şəxsi “alətlərini”, məsələn, təzyiq və şantaj kimi üsullarını nə qədər işə salsa da artıq bunun mənasız olduğunu başa düşüb. Avropada anti-Azərbaycan cəbhəsinin görünən nizəsi kimi tanınan Şvabe kimilərinin əsib-coşmaları artıq geridə qalır və daldan atılan daş misalını xatırladır. Türkofobiyanın hökm sürdüyü Avropa, ölkəmizlə bağlı hansısa addım atmaqda bundan sonra nə dərəcədə aciz olduğunun fərqindədir. Türk və İslam dünyasının güclənməsinə çox böyük təlaşla tamaşa etməkdən başqa çarəsi qalmayan ermənipərəst avropalılar özləri də yaxşı bilirlər ki, artıq çox gecdir və həqiqətən də yeni dövr astanasında olan Azərbaycana qarşı atıla biləcək istənilən addımın bundan sonra fiaskoya məhkum olacağı qətiyyən təkzib edilə bilməz.

Ümumiyyətlə, dünyanın siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Qərbdə, Avropada ən qabaqçıl, ən inkişaf etmiş ölkələrdə kataklizmlər hökm sürür. ABŞ kimi bir ölkədə, məsələn, Texas kimi böyük bir ştatla bərabər mərkəzi hakimiyyətə tabe olmayan ştatlar var və onlar ayrılmaq, müstəqil olmaq niyyətindədirlər. Belə olan halda mərkəzi hakimiyyət heç bir rıçaqdan istifadə edə bilmir. Hətta rəsmi Vaşinqton, xüsusən də hazırkı prezident Co Bayden prezident seçkiləri ilində tamamilə çarəsiz vəziyyətdə görünür. Avropanın özündə də həmin vəziyyətə oxşar hal var və istər İspaniyada katalonların, istərsə də Fransada anqlo-saksonların və korsikalıların müstəqillik niyyəti ilə ayrılmaq istəklərini bəyan etmələri də həmin ölkələr üçün, onların liderləri üçün xoşagələn hal deyil. Əksinə, görünən odur ki, istər Co Bayden, istərsə də Emmanuel Makron artıq öz ölkəsi daxilindəki vəziyyəti idarə etməkdə acizlik nümayiş etdirir və hətta bir çox hallarda insanların haqq və hüquqları tapdalanaraq, onlara qarşı güc də tətbiq olunur, qəddarlıq da edilir, repressiyalara da əl atılır. Belə bir şaraitdə həmin ölkə liderinin reytinqindən danışmağın nə dərəcədə absurd olduğunu başa düşmək çətin deyil. Həm də əminik ki, həmin ölkə liderləri öz reytinqlərini Azərbaycan Prezidentinin reytinqi ilə müqaisə etməyə cürət belə etməz. Çünki öz vəziyyətlərini də görürlər, ölkəmizdəki vəziyyəti də müşahidə edirlər və başa düşürlər ki, xalqımız, Azərbaycan xalqı öz rəhbəri ilə həmrəydir, birdir, öz rəhbərinə etimad göstərir və ona inanır. Ona görə həmrəydir, ona görə etimad edir və ona görə inanır ki, həqiqi demokratiya da, insan azadlıqları da, söz azadlığı da məhz bizim ölkəmizdədir. Xalqımız və cəmiyyətimiz öz liderinə, öz rəhbərinə, bütövlükdə ölkə ictimaiyyətinə qələbə sevinci bəxş edən, torpaqları işğalda azad edən, suverenliyi bütün ərazilərimiz böyüncə bərpa edən Ali Baş Komandanına inanmaya bilməz və bunun əksini düşünmək belə qətiyyən mümkün deyil. Deməli, bundan sonra da bu inam və etimad əsasında xalqımızın öz rəhbərinin yanında olacağını qətiyyən inkar etmək olmaz və məntiqi olaraq belə aydın olur ki, artıq yeni dövr, daha dinamik inkişaf astanasındayıq.

Bütün dünyada, eləcə də Avrasiyada önəmli proseslərin getdiyini görürük. Görürük ki, dünya bu gün çox ciddi krizlərlə, kataklizmlərlə qarşı-qarşıyadır. Etiraf edilməlidir ki, Cənubi Qafqazla Mərkəzi Asiyanın da önəmi getdikcə artmaqdadır. Bu isə o deməkdir ki, risklər də öz növbəsində artandır. Bütün bunların fonunda da məhz dövlətçiliyin, milli siyasətin, eləcə də güclü və müstəqil bir dövlət modelinin nə qədər, nə dərəcədə əhəmiyyətli olduğunu ətrafımızdakı hadisələrə baxarkən daha dəqiq şəkildə görməkdəyik. Belə bir qənaətə gəlməkdə də haqlıyıq ki, güclü və müstəqil Azərbaycan paradiqmasını ön plana çıxararaq hərəkət etmək gərəkir və bu baxımdan da seçkilər regionumuzu əhatə edən geosiyasi hadisələr fonunda milli dövlətçiliyimizin önəmi kontekstində dəyərləndirilməlidir. Məhz 7 fevral seçkiləri də milli birliyin təmin ediləcəyi bir seçki olaraq qeyd edilməlidir və xalqımızın da milli hədəflərdən çıxış etməsi bu baxımdan artıq çoxdan gözləniləndir.

Prezident seçkiləri yeni mərhələnin başlanğıcı kimi qəbul olunmaqdadır. Qəbul olunmaqdadır ki, ölkəmiz üçün, Azərbaycan üçün tamamilə yeni bir dövr başlayır və əvvəlki dövrün bitdiyi bəyan edilir. Artıq keçmişdə qalan Qarabağ probleminin həllindən sonra Azərbaycan daha fəal xarici siyasət həyata keçirmək üçün imkanlar əldə edib. Həm Cənubi Qafqaz miqyasında, həm də bütövlükdə beynəlxalq miqyasda, bir sıra məsələlərlə, proseslərlərlə bağlı Azərbaycan bir güc, bir söz sahibi olaraq bundan sonra daha fəal xarici siyasət həyata keçirəcək. Öz uğurları, öz qələbələri, öz Zəfəri ilə Azərbaycan artıq bütün dünyanın diqqət mərkəzindədir və öz hüquqlarını müdafiə etmək əzmində olan, heç bir təsir və təzyiqlərə, təhdidlərə belə məhəl qoymadan öz milli maraqlarına xidmət edən siyasət yürüdən, heç bir ölkənin diqtəsinə fikir verməyən ölkəmiz heç də kiçik dövlətlərdən sayılmır. Əksinə, bir zamanlar, daha dəqiq desək, müstəqilliyinin ilk illərində sözü eşidiləməyən, haqq səsi dünyaya çatdırılmayan Azərbaycan artıq dünyada söz sahibinə çevrilib və bu dəfə seçkilərlər bizim astanasında olduğumuz yeni dövrün bütün dünyaya belə bir daha bəyan edilməsidir. Bu, həm də onun bəyan edilməsidir ki, Azərbaycan həm regional, həm də qlobal proseslərdə daha fəal siyasət həyata keçirəcək.

Cənab Prezident İlham Əliyevin öz sözü ilə desək, nəyi necə və nə vaxt edəcəyini ölkə rəhbərimiz çox gözəl bilir, hansı ki, biz bunun artıq dəfələrlə şahidi olmuşuq. Dəfələrlə şahidi olmuşuq ki, öz siyasi zəkası ilə Ali Baş Komandanımız xalqımızı qələbələrə aparıb və milli maraqlarımız hər şeydən üstün tutulub. Deməli, bundan sonra da bizim üçün nəyin necə olacağını, məhz Azərbaycan Prezidenti doğru və düzgün şəkildə qərar verəcək. Elə məhz düşmənlərimizi də narahat edən budur, çünki onlar ölkə rəhbərimizin xalqımıza, cəmiyyətimizə daim qələbə və uğur bəxş etmək əzmində olduğuna və buna çalışdığına əmindirlər. Əmindirlər ki, 7 fevral tarixindən sonra Azəbaycanla bağlı ciddi dəyişikliklərin, uğurlu islahatların, daha möhtəşəm layihələrin şahidi olacaqlar. Bilirlər ki, bu seçkilər regionun siyasi-iqtisadi mənzərəsini tamamilə dəyişəcək. Çox yaxşı başa düşürlər ki, etmək istədikləri və edə bildikləri təzyiqlər artıq arxada qalır. Başa düşürlər ki, ən yaxın zamanda regionla bağlı məsələləri ancaq Azərbaycan Prezidenti ilə müzakirə etmək, onunla hesablaşmaq və razılaşmaq məcburiyyətində qalacaqlar. Ümumiyyətlə, hər kəs çox yaxşı bilir ki, ən yaxın zamanda ciddi dəyişiklər müşahidə ediləcək və olduqca ciddi siyasi-iqtisadi addımlar gözləniləndir. Bu isə o deməkdir ki, bizim artıq yeni dövr astanasında olduğumuz danılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə