“İstənilən beynəlxalq təşkilat üzv dövlətin hüquqlarına hörmətlə yanaşmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İstənilən beynəlxalq təşkilat üzv dövlətin hüquqlarına hörmətlə yanaşmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Avropa Şurasına milli dövlət quruculuğunda Avropa ölkələrininin təcrübəsindən istifadə etmək, demokratiya və insan hüquqları uğrunda birgə mübarizə aparmaq üçün üzv olmuşdu. Şuraya üzv olana qədər də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunda mühüm işlər görülmüşdü. Demokratik konstitusiya qəbul edilmiş, ölüm hökmü ləğv olunmuş, mətbuat üzərindən senzura qaldırıldı, sahibkarlıq üçün mühüm addımlar atıldı. Həmçinin Azərbaycan-Ermənistan müharibəsinin diplomatik yolla həll edilməsi üçün böyük səylər göstərildi. Avropa Şurasının üzvü olarkən Azərbaycan vahid Avropa uğrunda mübarizədə də öz töhfəsini verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, nümayəndə heyətimiz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin ağır fəsadları barədə daim Şurada məlumatlar verirdilər: “Amma çox təəssüf ki, AŞPA Azərbaycanın bu səylərini qiymətləndirmək əvəzinə ökəmizi daim günahkar statusunda görməyə üstünlük verdi. Bu ondan irəli gəlir ki, AŞPA uzun müddətdən bəri bir neçə Avropa ölkəsinin dominant olduğu regional təşkilata çevrilib. Onları üzv ölkələrin demokratik quruculuq prosesi maraqlandırmır. Onlar yeni üzv dövlətləri daim özünü günahkar hiss etməsinə, mövcud olmayan məsələni öz üzərinə götürməsinə çalışırdılar. Bunu Azərbaycan da öz üzərində hiss edirdi. Ölkəmizin ayrı-ayrı məsələlərdə vaxtaşırı müzakirəyə çıxarılması artıq ənənəyə çevrilmişdi. İkinci dəfə idi ki, Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsini gündəliyə çıxartdılar, əslində isə bu prosesin özü anti-demokratikdir. Bir ölkənin nümayəndələrinin digər ölkənin nümayəndələrini iclasa buraxmaması təşəbbüsünü qaldırmasının özü Avropa Şurası yaradılarkən əsas prinsiplərinə zidd olduğunu göstərirdi. Eyni zamanda ümumi iştirakçıların deyil, iştirak edənlərin əksəriyyətinin səsi ilə bu və ya digər qərar qəbul edilməsində kifayət qədər anti-demokratik bir məsələdir.

Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi Avropa Şurasının imicinə ağır zərbə oldu. Onlar hesab edirdilər ki, Azərbaycana qarşı qaldırılan əsassız iddiaları qəbul edəcək və daim Azərbaycanı təzyiq altında saxlamaq mümkün olacaq. Ancaq Azərbaycanın qürurla həmin təşkilatla əlaqələrini qeyri-müəyyən müddətə kəsməsi onların planlarını alt-üst etdi. Azərbaycan sübut etdi ki, özünün suverenliyi və dövlətçiliyini qorumaq qabiliyyətindədir. İstənilən beynəlxalq təşkilat üzv dövlətin hüquqlarına hörmətlə yanaşmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə