“Gələn ilin ən böyük zirvəsi COP29-un Azərbaycanda keçirilməsi olacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Gələn ilin ən böyük zirvəsi COP29-un Azərbaycanda keçirilməsi olacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Respublikasının Prezidentinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi mühüm əhəmiyyət kəsb edir. Gələn ilin ən böyük zirvəsi isə COP29-un Azərbaycanda keçirilməsi olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, COP29 genişmiqyaslı və dünya əhəmiyyətli tədbirdir: “Belə ki, bu tədbir çərçivəsində ölkəmizə 140-dan artıq dövlət başçısı gələcək, həmçinin 70-80 min turistin gəlməsi də gözlənilir. COP29-un Azərbaycanda keçirilməsi isə “Yaşıl dünya naminə həmrəylik” ilinə çox uyğun gəlir. Bu həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfə verəcək.

Azərbaycan 2030-cu ilə qədər öz üzərinə təxminən 30 faizə qədər zərərli tullantıların azaldılması öhdəliyini götürüb. Çünki Azərbaycanda hazırda yaşıl enerjiyə ciddi keçid var, işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi ilə işləyən stansiyalar yaradılır. Bu da yanacaq sərfiyyatını azaldacaq və nəticədə atmosferə atılan tullantılar azalmış olacaq. Bundan başqa ölkəmizdə geniş meşəsalma və ağacəkmə kampaniyaları həyata keçirilir. Azərbaycan meşə örtüyünün az olduğu ölkələr sırasındadır. Amma son illərdə, müstəqillik dövründə bu məsələ ətrafında da xeyli təqdirəlayiq işlər görülüb. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi insanların səhhətinin yaxşılaşdırılması, ekosistemin sağlamlaşdırılması istiqamətində atılan böyük addımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə