“Qarabağa, Şərqi Zəngəzura qayıdışımız əbədidir” - MÜNASİBƏT

“Qarabağa, Şərqi Zəngəzura qayıdışımız əbədidir” - MÜNASİBƏT

“Bu gün işğaldan azad edilən ərazilərdə vaxtilə əsas təhlükə mənbəyi hesab edilən separatizm, erməni terroru təhdidi artıq yoxdur. Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu bu təhdidə birdəfəlik son qoydu”. Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad rayonlarda ən böyük problem mina təhlükəsidir: “Dövlətimizin müvafiq strukturları bu təhlükənin də qısa zaman ərzində ortadan qaldırılması üçün ciddi proqramlar həyata keçirir. Ordumuz isə təhlükəsizlik tədbirlərini gücləndirir. Bu fəaliyyətin əsas məqsədi illərlə öz el-obalarına həsrət qalan yüz minlərlə soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışını sürətləndirmək, burada qaynar həyatı yenidən canlandırmaqdır. Biz uğurlu qayıdış konsepsiyasının ilkin nəticələrini də artıq görürük. Ağalı, Füzuli, Laçın təcrübəsi bu qayıdışın hansı çərçivədə və necə həyata keçiriləcəyi barədə aydın təsəvvür yaradır. Dövlət strukturlarının da açıqlamalarında bildirilir ki, bu vaxta qədər dörd mindən artıq soydaşımız doğma yurdlarına qayıdıb. 2026-cı ildə bu rəqəm 140 minə çatacaq. Təbii ki, hər birimizin arzusu bu qayıdışın daha tez və təhlükəsiz reallaşması, işğaldan azad edilən ərazilərin sosial-iqtisadi inkişafının, bərpasının tez bir zamanda yekunlaşmasıdır. Ancaq nəzərə almalı olduğumuz məqamlar da var. Minlərlə kvadrat kilometr ərazilərimizdə daş-daş üstündə qalmayıb. Separatçılar hər yerdə minalar basdırıb, müxtəlif təhlükəli partlayıcı tələlər düzəldiblər. İstər əsas infrastrukturun qurulması, istərsə də şəhərlərin, kəndlərin bərpası və yeni iş yerlərinin açılması, məskunlaşdırma prosesinin təhlükəsiz şəraitdə gerçəkləşməsi, mina təhdidinin ortadan qaldırılması zaman tələb edir. Əsas da bu işləri biz öz gücümüzə, heç kimdən maddi yardım almadan həyata keçirik. Lakin bir məqam aydındır ki, Qarabağa, Şərqi Zəngəzura qayıdışımız əbədidir. Bu torpaqlarda soydaşlarımızın məskunlaşmasının əsas təhlükəsizlik qarantı isə ordumuz və hüquq-mühafizə orqanlarımızdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə