Paşinyandan “ikili agent” gedişi – RAKURS

Paşinyandan “ikili agent” gedişi – RAKURS

Qərbin və Rusiyanın istəklərini eyni vaxtda yerinə yetirmək üçün son addım

Ermənistan hakimiyyəti keçmiş “Dağlıq Qarabağ”ı tarixin arxivinə göndərmək məcburiyyətində qaldığını gizlətmir. Qarabağın işğalı, dünyanın dörd bir yanından ermənilərin bu ərazilərə məqsədli şəkildə köçürülməsi, demoqrafik vəziyyətin ermənilərin xeyirinə dəyişməklə dünya birliyində müstəqillik iddiasının tez və tərəddüdsüz qəbul etdirilməsi, atəşkəs dövründə qondarma “dövlətin” tanıdılmasının fiaskoya uğraması, keçirilən görüşlər, müzakirələr, Minsk qrupunun əhəmiyyətsiz səfərləri, II Qarabağ müharibəsi, itkilər, silahlıların bölgəni tərk etməsi üçün verilən imkandan istifadə edilməməsi, rəsmi bakının təklif və tələblərinin dəyərləndirilməməsi, “Qarabağ klanı” tərəfindən erməni əhalinin zorla Ermənistana köçürülməsi təkzib edilməyən faktlardır. Bütün bunlar dünyanın gözü qarşısında baş verib. Ermənistanda da bunun fərqindədirlər. Baş nazir Paşinyanın son addımları Azərbaycan tərəfinin maraqları ilə üst-üstə düşmüş kimi görünə bilər. Hətta bəziləri Paşinyanı “yaxşı adam” da adlandıra bilər. Amma məsələ heç də düşündüyümüz kimi deyil. Azərbaycanın hərb meydanında qazandıqları və siyasi gedişləri Ermənistanı “mələyə” döndərib. Atalar yaxşı deyib, “zor şəriətlə yarıdır”.

Regionda yeni reallıqlar yaranıb. Paşinyan hakimiyyəti daxildən nə qədər basqı olsa da, xarici havadarları nə qədər təhrikedici, şirnikləndirici üsullara əl atsalar da, hələ ki, astagəllik edir. Həm Qərbin, həm də Rusiyanın istəklərini yerinə yetirirmiş kimi görünməyə çalışır. Tərəddüd edir, ayaq altında qalmaq istəmir. Qərb dairələrində belə bir düşüncə hakim idi ki, Rusiyanın başı nə qədər Ukrayna “kampaniyası”na qarışıb, Cənubi Qafqazı ələ keçirə bilərlər. Moskva isə Qərb üçün gözlənilməz sürpriz hazırladı və artıq iki aya yaxındır ki, Yaxın Şərqdə uzun illərdir yanan, hərdən öləziyən İsrail-HƏMAS (Fələstin) müharibəsini İranla birgə hərəkət edərək alovlandırdı. Düzdür, həm Qərb, həm də Rusiya daha çox bir cəbhədə döyüşməyə üstünlük verirlər, ikinci cəbhənin açılmasını heç istəmirlər. Amma buna getməyə məcbur olurlar, cavab da özünü çox gözləmir.

Paşinyanı daxili siyasətdə ən çox narahat edən Azərbaycan həbsxanalarına düşmüş hərbçilər və separatçı qurumun “rəhbərlərinin” azad edilməsidir. Amma, necə? Bakının addımları tam qanunidir, beynəlxalq hüquq da Azərbaycanın yanındadır. Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyanın sözlərinə görə, Ermənistan hakimiyyəti qanunsuz “DQR”in Azərbaycan həbsxanasına düşmüş keçmiş “rəhbərləri”ni taleyin ixtiyarına buraxıb. Bu yanaşma müxalifətin Paşinyana qarşı mübarizə aparması üçün bəhanədir. Zurabyan hesab edir ki, baş nazir Nikol Paşinyanın komandası “DQR”in keçmiş “liderləri”ndən biri Ruben Vardanyanın həbsindən istifadə edərək onunla əlaqəli qurumlara təzyiq göstərir.

Azərbaycanda ümumilikdə səkkiz Qarabağ “lideri” həbsdədir: “dövlət naziri” Ruben Vardanyan, Qarabağdakı qanunsuz silahlı birləşmələrin keçmiş komandiri Levon Mnatsakanyan, onun keçmiş müavini David Manukyan, keçmiş “xarici işlər naziri” David Babayan, “parlament”in keçmiş “sədri” David İşxanyan, “eks-prezidentlər” Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan. Erməni mediası onları əsir adlandırır, lakin Bakı bu insanları terrorçu hesab edir. O cümlədən, “DQR” “rəhbərliyi” terrorizmi maliyyələşdirməkdə, qanunsuz silahlı birləşmələr yaratmaqda, təcavüzkar müharibə aparmaqda ittiham olunur. Azərbaycan qanunlarına görə, onları ömürlük həbs gözləyir.

Onların vəziyyəti haqqında praktiki olaraq heç bir məlumat yoxdur. Məlumdur ki, Vardanyan vəkillə təmin olunub və vəkili onun ailə üzvləri seçib. Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva onun səhhətində heç bir problemin olmadığını, qohumları ilə telefonla əlaqə saxladığını və ümumiyyətlə, saxlanma şəraitindən şikayətinin olmadığını deyib. “DQR” “parlament”inin keçmiş “deputat”ı David Qalstyan jurnalistlərə bildirib ki, digər məhbuslar da şikayət etmirlər və qohumları ilə əlaqə saxlaya bilirlər. “Qarabağın “liderləri” vaxtaşırı xatırlansa da, bu, Ermənistan hakimiyyəti üçün prioritet vəzifə deyil. Onların bəzilərində Paşinyanın komandası özləri üçün təhlükə görür, ona görə də bu insanların indi İrəvanda deyil, Azərbaycan həbsxanasında olması hətta onlar üçün əlverişli ola bilər”, deyən Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyana deyib.

Bu arada Paşinyan iddia edib ki, 1996-cı ildən bəri kənar oyunçular Qarabağ məsələsindən Ermənistan dövlətçiliyinin inkişafının qarşısını almaq üçün rıçaq kimi istifadə ediblər. Guya onlara “DQR” lazım idi ki, Ermənistan müstəqil dövlət kimi mövcud olmasın. Yada salaq ki, ATƏT-in Lissabon sammiti həmin il baş tutdu və bu toplantıda İrəvanın razılığı olmadan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması, onun geniş muxtariyyət almalı olması qərara alındı. İndiki mərhələdə Ermənistan hakimiyyəti hətta Qarabağla bağlı xatirələrdən də mümkün qədər təcrid etməyə çalışır. Beləliklə, parlamentin spikeri Alen Simonyan əmindir ki, Qarabağda dövlətçiliyin yenidən yaradılması cəhdi İrəvanın təhlükəsizliyinə birbaşa təhdid və zərbəyə çevriləcək. Bundan başqa, Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkədə DQR-in dövlət hakimiyyəti institutlarının fəaliyyət göstərməyəcəyini bəyan edib. “Qarabağın dövlət qurumları” niyə hərəkətə keçəcək? Ermənistan Respublikası var və onun institutları fəaliyyət göstərir”, - Xaçaturyan bildirib.

Ermənistan hakimiyyəti hətta “DQR”-dən olan köçkünlər üçün xüsusi proqramlar, o cümlədən onların mümkün qayıdışı məsələləri departamenti yaratmaq istəmirdi. Özünü elan etmiş respublikanın “Təhlükəsizlik Şurası”nın keçmiş “katibi” Samvel Babayan belə bir təkliflə Paşinyana müraciət etsə də, ona heç bir izahat verilmədən rədd cavabı verilib. Bununla paralel olaraq Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. O, Xankəndidə keçmişdə mövcud olmuş Pedaqoji İnstitutun bazasında fəaliyyət göstərəcək. Eyni zamanda, işğal müddətində ermənilər tərəfindən yaradılan “universitet” isə Ermənistana köçməyib, sadəcə ləğv edilib.

Bununla belə, Paşinyanın əleyhdarları Qarabağ uğrunda mübarizəni davam etdirməyə, onun Ermənistanın yükü deyil, qalxanı adlandırıldığı o vaxtların xatirəsini yaşatmağa çağırırlar. Məsələn, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan mühacirətdə hökumətin və “Qarabağ parlamenti”nin qurulmasında israrlıdır. “Bütün dünyada siyasətçilər öz qərarlarına haqq qazandırmaq üçün tarixi şərh edirlər. Bu mənada Ermənistan hakimiyyəti də istisna deyil”, - deyə erməni politoloq Arşaluys Mqdesyan bildirib. “2020-ci ilə qədər “Qarabağ Ermənistandır, nöqtə” şüarını elan etdilər və müharibəni uduzduqdan sonra onlara müxalifətlə mübarizə aparmağa, xarici tərəfdaşlarla, o cümlədən Rusiya ilə münasibətlərdə ritorikasını sərtləşdirməyə və Qərbə yaxınlaşmağa kömək edən fərqli bir hekayə tapdılar. Eyni zamanda Mqdesyan qeyd edib ki, Ermənistan cəmiyyətinin nümayəndələri hakimiyyətin dəyişmiş ritorikasına fərqli reaksiya verirlər. Lakin onun əleyhdarları adlandırıla bilənlər hələ də azlıq təşkil edir. Bunu İrəvanın Ağsaqqallar Şurasına (qanunvericilik məclisi) seçkilər ən yaxşı şəkildə nümayiş etdirdi. Seçicilərin 28,46%-i səsverməyə gəlib - rekord aşağı fəallıq. Əhalinin qalan hissəsinin laqeyd olduğunu iddia etmək də olar. Onlar nə Paşinyanın danışdıqlarına, nə də opponentlərinin təklif etdiklərinə yaxın deyillər. Amma bu, indiki hakim rejimin dəstəyidir.

Bu gün Ermənistan ölüm-qalım dilemması qarşısındadır. “Müttəfiqlər”I özlərini xilaskar kimi təqdim edirlər, Rusiyaya qarşı İrəvanı “qurbanlıq qoyun” kimi hazırlayırlar. Ermənistan isə özünü qurulan dəzgahların əsl tərtibatçısı kimi göstərməyə çalışır. Ola bilsin ki, Ermənistan cəmiyyətində bunun məhz belə olduğunu düşünsünlər, amma reallıq tam başqadır. İrəvan özünü “ikili agent” kimi aparır, amma həm Qərbin, həm Rusiyanın istəyini eyni vaxtda yerinə yetirə biləcəkmi? Ermənistan hər keçən gün daha çox şey itirir. Fürsətləri qaçıran İrəvanın sülhə biganəliyi, bəhanələri ona çox ağır başa gələ bilər.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə