YUNESCO adlı qurumdan QƏRƏZLİ MÖVQE VƏ MÜNASİBƏT - TƏHLİL

Azərbaycana məxsus ərazilərdə erməni separatçılarının, vandallarının törətdikləri vəhşiliklər fonunda xalqımıza aid olan mədəni irsin məhv edilməsi ilə bağlı YUNESCO ölkəmiz tərəfindən dəfələrlə məlumatladırılıb. Hətta işğal dövründə ermənilərin törətdikləri vəhşiliklərlə, dağıntılarla tanış olmaq üçün həmin quruma müraciətlər də ünvanlanıb və ölkəmizə dəvət olunub. Buna baxmayaraq, sözügedən qurum ermənilərin törətdikləri vəhşilikləri qeydə almaq üçün bir dəfə də olsa ölkəmizə səfər etməyib və ümumiyyətlə, Azərbaycanın müraciətlərinə lazımi münasibət belə bildirməyib, amma nədənsə Ermənistanın dəvəti dərhal nəzərə alınıb.

Əslində, YUNESCO adlı quruma nəinki müraciət ünvanan zaman dərhal həmin müraciəti qəbul edərək səfər etməli idi, həmin qurum heç müraciət olmadan belə mədəni irsin qorunması istiqamətində özü müvafiq addımlar atmalı idi. Bu, həmin qurumun vəzifəsidir və deyilmədən, müraciətlər ünvanlandırılmadan həmin qurum tarixi, mədəni, dini abidələrin taleyinə, onların dağıdılmasına laqyid olmalı deyildi və bu barədə ciddi şəkildə düşünərək lazımi tədbirlər görmək üçün ən azından, ölçü götürməli idi. Amma biz bunu görmədik, müşahidə etmədik, çünki lazımi tədbirlər nəinki görülmədi, bu barədə heç düşünülmədi də. YUNESCO adlı qurum nə 44 günlük müharibədən öncə, nə də sonra xalqımıza məxsus olan tarixi abidələrin, dini abidələrin vəhşicəsinə dağıdıldığına, məhv edildiyinə məhəl qoymadı, tamamilə laqeyid münasibət sərgilədi. Amma ermənilərin qondarma, heç bir tarixi olmayan və eləcə də faşizmin, vəhşiliyin tərənnümü üçün ucaltdığı heykəllərə YUNESCO diqqət göstərməli oldu. Maraqlıdır, bu qurum tarixi və mədəni irsin qorunmasında, yoxsa, vandallığı tərənnüm edən heykəllərin qorunmasında maraqlıdır? Görünür, heykəllərin qorunması maraqlı imiş deyə, ermənilərin dəvəti də daha böyük marağa səbəb olub.

Xankəndinə səfər etmək, oradakı vəziyyətlə tanış olmaq üçün müraciət edən YUNESCO Azərbaycandan müsbət cavab alsa da, Ağdamdakı dağıntıların, törədilmiş vəhşiliklərin qeydə alınması tövsiyyə edilsə də, buna tərəddüdlə yanaşılıb, hansıki bu, təəccüb və təəssüf doğurur. Ona görə ki, Ağdamdan keçərək Xankəndinə gedən bu qurum dağıdılmış və tamamilə yerlə-yeksan edilmiş şəhərin cəmi ikicə abidəsinə nəzər salmağı vacib bilib və bu, heç şübhəsiz, qərəzdən və ədalətsizlikdən başqa bir şey deyil. Görəsən, nəyə görə YUNESCO Azərbaycana məxsus olan bir şəhərin tamamilə dağıdılmasını, yaşayış məntəqələrimizin viran edilməsini, xalqımıza məxsus olan yurd yerlərinin yerlə-yeksan edilməsini qeydə almaq istəmir? Bütün bunları öz gözləri ilə görənlər niyə belə bir qərəzli yanaşma sərgiləyirlər? Axı xalqımıza məxsus olan maddi və mənəvi irsə qarşı vəhşilik, milli-mənəvi abidələrimizə qarşı törədilən qeyri-insani hərəkətlər bütövlükdə, insanlığa və eləcə də dünya mədəniyyətinə qarşı törədilib.

Sözsüz ki, YUNESCO tərəfindən sərgilənən mövqe həmin qurumun da ermənipərəst olduğunu, mədəni irsin qorunmasına deyil, erməni maraqlarına xidmət etdiyini təsdiq edir. Təsdiq edir ki, bu qurum, sadəcə olaraq, təcavüzkarların tapşırıqlarına əsasən fəaliyyət göstərir. Bunu sübut edən faktlar göz önündədir. Əgər ölkəmizin bu vaxta qədər etdiyi müraciətlərə məhəl qoymayan YUNESCO dərhal Ermənistanın, yəni təcavüzkar, işğalçı bir dövlətin çağırışlarına dərhal cavab verirsə, deməli, deyilənlər öz təsdiqini artıq tapmış olur. Bəlli olur ki, YUNESCO mədəni irsin qoruyanların deyil, mədəni abidələrə qarşı vəhşilik, vandallıq edərək, onları darmadağın edənlərin, məhv edənlərin yanındadır. Ermənistanın dəvətini dərhal qəbul etməklə, qurum bunu açıq-aşkar şəkildə nümayiş də etdirmiş oldu. Yəni, məkirli mövqeyini də gizlətmədi, ölkəmizə qarşı qərəzini də. Ağdamdan “laqeyid şəkildə” keçərək, Xankəndinə getmək niyyəti həmin qurumun səfərinin sifarişlə, ölkəmiz əleyhinə siyasət yürüdənlərin tapşırıqları ilə edildiyini, eləcə də ermənilərin çirkin məqsədlərinə xidmət etdiyini göstərir. Belə bir qərəzli mövqe həmin qurumun imicinə ciddi şəkildə zərbə deməkdir və Azərbaycan bu məqamları sözsüz ki, gələcəkdə nəzərə alacaq.

“Azərbaycanın işğal etdiyi Hadrut bölgəsində erməni mədəni irsinin dağıdılması davam edir. Videoda Artsaxın Hadrut rayonunun Uxtadzor kəndində azadlıq müharibəsinə həsr olunmuş abidənin dağıdılaraq yerə yıxıldığı, abidənin ayrı-ayrı hissələrinin sındırıldığı aydın görünür”, deyə bildirən qurumun fikirlərindən sitat gətirərkən insan öz qəzəbini boğa bilmir. Çünki bu qurum işğaldan azad edilmiş ərazini, utanmadan, işğal edilmiş kimi qələmə verir. Nə qədər kor və kar olmaq lazım idi ki, əsrin üçdə birinə yaxın müddət ərzində kimin işğalçı, kimin də işğala məruz qalan olduğu görülməsin və dərk edilməsin. Yəni, həqiqətən də YUNESCO bilmir ki, Azərbaycan əraziləri 30 il müddətində erməni separatçılarının işğalı altında olub? Axı BMT kimi bir beynəlxalq təşkilatın, Ermənistana məxsus qanunsuz silahlı dəstələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd məlum qətnaməsi barədə bilməyə bilməzdi. Elə isə, YUNESCO-nu bu anda nə vadar edir ki, belə mövqe sərgiləsin?

Hadrud bölgəsində erməni mədəni irsinin dağıdılması davam edir deməklə, YUNESCO nəyi nəzərdə tutur? Hansı mədəni irsdən söhbət gedə bilər axı? Başqalarının torpaqlarını işğal edən, qonşu ölkə ərazisini zəbt edərək orada məskunlaşanların mədəni irsi nədən ibarət ola bilərdi? İşğal əməllərini tərənnüm edən abidələr, yoxsa tarixi saxtalaşdırmaq üçün qurulan eybəcər heykəlləri YUNESCO mədəni irs hesab edirmi? Yaxşı olardı, qurum qeyd edərdi ki, ermənilərin Hadrud bölgəsində vəhşiliyi, işğalı tərənnüm edən, tarixi saxtalaşdırmaq niyyəti ilə qurduqları heykəllərdən həmin ərazilər düşünülmüş qaydada və tam doğru olaraq, təmizlənmişdir. Bax bu, ədalətli olardı, qərəzli yox. Çünki ermənilərə aid nə varsa, onlar mədəni irs hesab oluna bilməz və uzaq başı vəhşiliyin, saxtakarlığın tərənnümü olan heykəl kimi qeydə alına bilərdi. Bunun da aqibəti elə göründüyü şəkildə olmalı idi və burada qeyri-adi heç nə yoxdur. Əksinə, Monte və ya Njde kimi faşistin, vəhşinin heykəli Azərbaycana məxsus ərazilərdə nəyə görə saxlanılmalıdır? Onlar eradan əvvələ məxsus mədəniyyət abidəsi də deyil ki, adını nə isə qoyub saxlanılmasını YUNESCO vacib əməl kimi qeyd etsin. Bu abidələr nəinki Azərbaycan ərazilərində, heç Ermənistanda da ucaldılmamalıdır, çünki həmin abidələrə qətiyyən yer, torpaq belə ayrılmamalıdır.

Azərbaycanın Qrabağ iqtisadi rayonuna “Arsax” demək özü də qərəzli mövqedən xəbər verir. YUNESCO işğaldan azad olunan ərazilərin Azərbaycana məxsus olduğunu bilmirmi? Yoxsa sifarişlərini can-başla qəbul etdiyi ermənilərin başbiləni olan erməni baş nazir Nikol Paşinyanın bu barədə, yəni həmin ərazilərin Azərbaycana məxsus olması barədə etiraflarından da xəbərsizdir? Bəlkə bu qurum Qarabağ adını da eşitməyib? Axı mədəni irsin qorunması ilə məşğul olan bir qurum Qarabağın musiqiyə, təsviri incəsənətə, rəssamlığa, heykəltəraşlığa və ümumilikdə dünya mədəniyyətinə verdiyi tövhələrdən xəbərsiz ola bilməz. Əgər orta əsrlərdə Müsyö Jordan kimi birisi Azərbaycanın Qarabağ bölgəsinin bir mədəniyyət ocağı olduğunu bilirdisə və bu ərazilərə səfər edərək, topadıqları məlumatları Avropaya daşımaq niyyətində idisə, deməli, dövrümüzün YUNESCO adlı bu yekəlikdə təşkilatı bu barədə qətiyyən xəbərsiz ola bilməzdi, baxmayaraq ki, özünü bilməməzliyə vurur.

Qarabağ ərazisində 67 məsciddən 63-ü erməni işğalçıları tərəfindən dağıdılıb. Dağıdılıb yox, daha doğrusu, onlar tamamilə məhv edilib. Həmin məscidlərin tarixi bu gün özlərin erməni adlandıran hayların tarixindən daha əvvəlki dövrə qədər gedib çıxır. Dağıdılan məscidlər ermənilərin faşistə, vandala qurduqları heykəllə müqaisə edilə bilməz və bu tarixi tikililər ümumilikdə, müsəlman dünyası üçün olduqca dəyərlidir. Müsəlmanların ibadət yeri olan həmin tarixi tikililəri tamamilə məhv etmək, dağıdılmışlar və bərbad vəziyyətə salınmışlarının bəzilərindən də donuz tövləsi kimi istifadə etmək Azərbaycana məxsus maddi-mədəni irsə qarşı təhqir deməkdir. Bəlkə bunu da YUNESCO görməyib? Axı bu barədə kifayət qədər foto şəkillər paylaşılıb və bunu görməmək mümkün deyil. Ermənilər vəhşilikləri sayəsində xarabalığa çevrilmiş və dağıdılmış digər tarix və mədəniyyət abidələrinin də sayı-hesabı yoxdur. Zəngəzur Vilayətinin Qafan, Mehri, Xot, Əlidərə inzibati yaşayış məntəqələrində Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə dağıdılmış 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. YUNESCO nə əcəb ermənilər tərəfindən dağıdılmış bu qədər sayda mədəniyyət abidəsini deyil, iki dənə faşistin bir-iki il bundan əvvəl qoyulmuş heykəlinin götürülməsini görməli oldu? Bu boyda qərəz olmaz və hər halda bütün bunlar ölkəmiz tərəfindən bundan sonra nəzərə alınacaq.

Ermənistan tərəfi 1987-ci ildə başlatdığı etnik təmizləmə siyasəti fonunda azərbaycanlılara məxsus əmlakı, mədəni irsi ya ələ keçirib özününkü kimi təqdim etməyə çalışıblar, ya da bunu bacarmadıqları halda dağıdıb yer üzündən tamamilə siliblər. İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 mədəniyyət abidəsi, 500 qəbristanlıq, 391 məscid ermənilər tərəfindən dağıdılıb, tamamilə məhv edilib. Məsələ burasındadır ki, xalqımıza məxsus olan bu qədər maddi-mədəni abidələrin ermənilər tərəfindən darmadağın edilməsinə, düşünülmüş və planlı şəkildə məhv edilməsinə YUNESCO hələ də susur. Nəinki susur, hətta ermənilərin faşizmi tərənnüm edən bir-iki abidəsindən Azərbaycanın öz ərazilərini “təmizləməsini” əldə bayraq edərək ölkəmizə qarşı qərəzli mövqedə olduğunu qətiyyən gizlətmir. Maraqlıdır, görəsən sayı-hesabı olmayan həmin o məhv edilmiş maddi-mədəniyyət abidələrinə görə bu qurum həqiqətən səsini çıxarmaq istəmirmi? Əgər doğrudan da bundan sonra belə həqiqətləri etiraf etmək üçün səsini çıxarmayacaqsa, YUNESCO adlı həmin o qərəzli bir quruma üzvlük haqqı kimi ödənişlər belə etməyə dəyməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə