"Sammitdən sonra türk dünyası çərçivəsində inteqrasiya prosesləri sürətlənəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türk Dövlətləri Başçılarının X Yubiley Sammiti dünyada gərginliyin artdığı bir şəraitdə keçir. Son 3 ildə baş vermiş qarşıdurmalar, o cümlədən Azərbaycan-Ermənistan müharibəsi, Rusiya-Ukrayna müharibəsi, İranın Suriya, İrak və Yəmən ərazisində baş verən hadisələrdə iştirakı, Çin-Tayvan münasibətlərindəki gərginlik və nəhayət, Həmasın İsrailə gözlənilməz hücumu və İsrail tərəfindən Həmasa qarşı atılan addımlar, bu fonda bir tərəfdən ABŞ başda olmaqla NATO ölkələrinin, digər tərəfdən isə İran, Yəmən və Hizbullahın İsrail-Həmas qarşıdurmasına müdaxiləsi sanki hamının hamıya qarşı müharibəsini xatırladır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, belə gərginlik şəraitində dünyada sülhün və təhlükəsizliyin təminatçısı rolunda çıxış edən BMT və digər beynəlxalq təşkilatların da gücsüzlüyü daha aşkar şəkildə özünü göstərməkdədir: "Bütün baş verənlər elə bir təəssürat yaradır ki, dünya yeni, hələ mahiyyəti o qədər də aydın olmayan qarşılıqlı münasibətlər sisteminə keçid ərəfəsindədir. Bu keçidin baş tutması üçünsə köhnə dünya düzəni aradan qalxmalı və yeni düzən formalaşmalıdır. Belə bir zamanda Türk Dövlətləri başçılarının görüşməsi təbii və zəruridir. Hazırda dünya miqyasında baş verən proseslərə münasibətdə türk dövlətləri tərəfindən vahid mövqeyin formalaşdırılması və eləcə də yaranması ehtimal edilən yeni dünya düzənində türk dövlətlərinin yeri və rolu barəsində məsləhətləşmələr aparmaq və qlobal proseslərdə vahid türk mövqeyindən çıxış etmək zərurətini təsdiqləmək baxımından bu Sammit çox mühüm əhəmiyyət daşıyır". "2020-ci ilin Vətən müharibəsindən sonra türk dövlətləri arasında münasibətlərin sürətlə yaxınlaşmasını və türk dünyası çərçivəsində inteqrasiya proseslərinə doğru mühüm addımların atıldığını görürük. Bu addımlar qloballaşma proseslərində türk sivilizasiyasına mənsub dövlətlərin özlərinə məxsus siyasi birlik şəklində yeni bir formatda təmsil olunmasını mümkün və hətta zəruri edir. Bu sammit çərçivəsində müzakirə olunan məsələlərin mövzusu və mahiyyəti həm də bu proseslərlə bağlıdır. Ehtimal etmək olar ki, bu sammitdən sonrakı dövrdə türk dünyası çərçivəsində inteqrasiya proseslərinin daha geniş vüsət almasını müşahidə edəcəyik. Bu ilk növbədə özünü türk dövlətləri arasında siyasi, hərbi və iqtisadi əməkdaşlığın daha da güclənməsində və qlobal miqyaslı problemlərə münasibətdə ortaq mövqeyin sərgilənməsində özünü göstərəcək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə