Korrupsiyalı sanksiya - RAKURS

Yaxud "Dördlər"in Qranada fiaskosu...

Qarabağ məsələsi bitdi, köçən köçdü, qalan qaldı. Qanunlarımıza tabe olanlarla qalacağıq, bir yerdə yaşayacağıq. Başqa xalqlar kimi Azərbaycanda ermənilərin də hüquqları tanınacaq və qorunacaq. Dövlətimizin siyasəti də ta əzəldən belə idi. Laçın yolu ilə gedən ermənilərdən də, zatən bunlar soruşulurdu, bu torpaqlardan niyə gedirsiniz? Cavab da gözlənilən idi, “bizi “hökumətimiz” məcbur edir ki, gedək”, yaxud “biz Azərbaycan qanunları ilə yaşamaq istəmirik”. Nə etməli? Gedənə yaxşı yol, qalan da qalacaq. Amma, bizimkiləri belə “yola” salmayıblar ermənilər. Döyə-döyə, öldürə-öldürə öz evindən didərgin salıblar, əllərinə düşəni qul kimi, ölənəcən işlədib, sonra da… Sonrası hər kəsə bəllidir. Bu gün 4 mindən artıq itkin düşən azərbaycanlının cəmi 500-nün qalıqları tapılıb. Qalanları hələ də axtarılır, sağ tapmaq ümidi ilə.

Müharibəni udduq, erməni ağıllanladı, əvəz çıxacağı ümidi ilə yaşadı, verdiyimiz şansı qiymətləndirmədi. Növbəti zərbələr aldı, düşündük ki, bəlkə… Sonra yenə bəlkələr, amma yanıldıq. Ermənilər sonuna qədər getmək qərarını versələr də, havadarlarının onları yiyəsiz qoymayacaqları ümidi ilə yaşasalar da heç bir möcüzə baş vermədi. Dostları siyasi bəyanatlarla kifayətləndikləri halda, uzaq “qohumları” – İran və Hindistan əllərində qalan köhnə silahları, “moddan” düşmüş top və raketləri Ermənistana sırımaqla “qardaşlıq” hissinin hələ ölmədiyini “isbat” etdilər. Azərbaycan son həmləsini etdi, antiterror tədbirləri ilə erməniləri davamlı şəkildə törətdikləri qanlı hadisələrin qarşısını almaqla bərabər Qarabağdakı separatçıların sonunu da gətirdi. Dövlətimiz ermənilərə seçim imkanı verdi, biri Azərbaycan qanunlarına tabe olmaq, vətəndaşlıq almaq və həyata davam, digəri isə “yaxşı yol” idi.

Yaratdıqları separatçı, xunta rejiminin kökü qazılandan sonra Ermənistan hökumətinin əli hər yerdən üzüldü və hələ ötən il Azərbaycanın təklif etdiyi, lakin İrəvan tərəfindən müsbət cavab verilmədiyi sülh müqaviləsi bu gün işğalçı ölkə rəhbərinin yadına düşüb. İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycanla sülh müqaviləsi barədə danışıqlar aparacağını düşünən Paşinyan həmin görüşə tək gəlməyi də düşünməmişdi. Yanına “böyük bacı”sı Fransanı və hələ də mövqeyi qeyri-müəyyən olan Almaniyanı alaraq Azərbaycan liderinə guya təzyiq edəcəyini düşündüyü bir halda vəziyyət 180 dərəcə dəyişdi. Azərbaycan tərəfi bu müzakirələrdə konkret nələrin danışıqlar masasında olacağını, həmçinin kimlərin orada olacağını nəzər alaraq bu görüşə veto qoydu. Həm Makronun, həm də Paşinyanın bütün planları bir həmlə ilə pozuldu.

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşdən imtina etməsini təqdir edir. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib. O qeyd edib ki, Avropa liderlərinin Türkiyə Prezidentinin beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir. Fransa uzun müddət Ermənistanı müdafiə edib. Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu. Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir. Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb.

Qeyd edək ki, Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin Fransa və Almaniya xüsusi canfəşanlıqla buna imkan verməyib. Azərbaycana təklif olunan beşli formatda anti-Azərbaycan ab-havası formalaşıb. Fransanın müdafiə və xarici işlər nazirlərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib.

Avropa Siyasi Birliyi adlı sammitin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir, hazırkı mərhələdə yeni təşkilat, struktur yaratmaq məqsədi daşımır. Bundan əvvəlki sammitlər Çexiya və Moldovada keçirilib. Avropa Siyasi Birliyinin ilk sammit öncəsi Aİ-nin baş diplomatı Cozep Borrel deyib ki, bu görüş Rusiyasız yeni nizam axtarmaq üçündür: “Burada Rusiyanın, Putinin Rusiyasının yeri yoxdur".

Sammit Azərbaycan ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən bir neçə həftə sonraya təsadüf edir. Əməliyyat nəticəsində separatçılar təslim olub və qondarma qurum ləğv edilib. Beləliklə, sammitin Avropanın yaxınlığındakı tarixi problemlərdən birinin həllindən sonra keçirilməsi diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev isə Fransanın təxribatçı mövqeyinə görə sammitdə iştirakdan imtina edib. Rəsmi Bakı Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı Şurası formatında beştərəfli görüşdə Türkiyənin də iştirak etməsini təklif edib. Lakin buna imkan verilməyib.

Ermənistanın bundan sonra hara gedəcək?

“Beşlik” “dörd” oldu: İlham Əliyev Ermənistan, Fransa, Almaniya və Aİ rəhbərləri ilə görüşünün keçirilməli olduğu Qranadaya səfərdən imtina etdi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı danışıqlara dəvət etməkdən imtina edən Avropanın mövqeyi Azərbaycan Prezidentini qane etməyib. Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində Bakı ilə tam hüquqlu sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Bunu Qərbin Cənubi Qafqazda öz nüfuzunu bərpa etmək cəhdi kimi qiymətləndirmək də olar.

Nəticədə faktiki olaraq Qranadada Ermənistan-Avropa İttifaqı sammiti keçiriləcək. Bu o deməkdir ki, Qərb liderləri yəqin ki, Ermənistanın baş nazirini öz tərəflərinə keçib seçim etməyə dəvət edəcəklər. Onlar hətta silah tədarük etməyə də hazırdırlar. Azərbaycana qarşı sanksiyalar tələb edənlərin səsi də hərdən eşidilir. Azərbaycan isə fəal inkişaf edir və o, bütün dünya ilə gələcək qarşılıqlı faydalı tərəfdaşlığa hazır olduğunu nümayiş etdirir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bir növ Qafqazın güc və inkişaf mərkəzi olduğunu açıq şəkildə bəyan edir. Ancaq həm Avropa, həm də Amerika qeyri-konstruktiv davranır, Qarabağda baş verənləri bəyənmirlər. XXI əsrdə bu qəbul edilmir, deyirlər. Deməli, onlar öz mənfəətlərini dərk etməyə və məsələyə praqmatik nöqteyi-nəzərdən yanaşmağa hazır deyillər.

Bu qeyri-müəyyən bir şəkildə nəyəsə bənzəyir. Bunu artıq haradasa görmüşük və eşitmişik. Lakin əsas sual məhz kollektiv Qərbin niyyətlərinin ciddiliyidir. Onun nümayəndələri sözdən hərəkətə keçməyə hazırdırmı? Burada Rəcəb Tayyib Ərdoğanın mövqeyinə də baxmaq vacibdir. Təbii ki, o, Qərbi tənqid edir, bəzən də sərt şəkildə tənqid edir, lakin qırmızı xətləri keçmir. Çünki onlar bir-birindən asılıdırlar. Və bəlkə də, buna görə, o, özü də Qranadaya getmək istəmirdi, çünki bu, əlverişsiz ola bilərdi.

"Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır". Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” platformasında bildirib.

“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyildir. Azərbaycan Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik”, - o qeyd edib.

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq Baş nazir Binəli Yıldırım isə bildirib ki, Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə səhvlərini davam etdirir. B.Yıldırım bildirib ki, keçmiş Minsk Qrupu və digər beynəlxalq təşkilatlar Qarabağın işğaldan azad olunması üçün heç bir addım atmayıblar: "Nəhayət, Azərbaycan 30 ildən sonra özü öz işini gördü, torpaqlarını azad etdi. Amma Ermənistan diasporun təhriki ilə səhvlərini davam etdirir. Ermənistan enerjisini inkişafa sərf etmək əvəzinə, qeyri-qanuni fəaliyyətlərlə məşğul olur. Azərbaycan Qarabağı terrorçulardan tamamilə azad etdi".

Sabiq baş nazir qeyd edib ki, Türkiyə daim Azərbaycanın yanındadır: “Türk dövlətləri arasında əməkdaşlıq günü-gündən inkişaf edir. Bu, bizi sevindirir. Türk Dövlətləri Təşkilatı kimisə narahat etməməlidir. Bu qurum kiməsə qarşı deyil. Amma o da bilinməlidir ki, biz kimsədən qorxmuruq”.

Korrupsiyanın doğurduğu sanksiya Avropaya nə verəcək?

Avropa Parlamentinin üzvləri Strasburqda keçirilən plenar iclasda Avropa İttifaqını Qarabağdakı antiterror tədbirlərinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. Qeyd edək ki, qətnamə məcburi deyil. Avropa Parlamenti Aİ-ni və üzv dövlətləri Qarabağda guya "insan hüquqlarının pozulmasına" görə məsuliyyət daşıyan Azərbaycan hökumətindəki şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır. Azərbaycanla Ermənistan arasında münaqişənin dərinləşəcəyi təqdirdə deputatlar Azərbaycan nefti və qazının idxalını tamamilə dayandırmağı məsləhət görürlər.

Siyasətçilər Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsindən korrupsiya iyi gəldiyini xüsusi olaraq vurğulayırlar. Nəzərə alsaq ki, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərirlər, burada avroparlamentarilərin qərəzli mövqeyini müəyyən etmək bir o qədər də çətin olmaz. Avropa Parlamenti daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiya ittihamları ilə üzləşib. Bundan əvvəl Avropa Parlamentinin yunanıstanlı vitse-spikeri milyonlarla avro rüşvət alması ilə bağlı faktların ortaya çıxması və bundan sonra qalmaqalların baş verməsini də unutmaq lazım deyil. Digər bir məsələ isə Avropa Parlamenti barəsində hazırda Azərbaycanda şübhəli şəxs kimi istintaqa cəlb edilmiş erməni əsilli separatçı Ruben Vardanyanın istintaqa verdiyi ifadələrdir. O, Avropa instititlarının Azərbaycana qarşı qərəzli qərarların verilməsində ondan alınan milyonların nə qədər rol oynadlğlndan geniş danışıb. Bütün bunlar Azərbaycana qarşı əsl sanksiya yox, qondarma sanksiyaya cəhd olduğu ortaya çıxır.

Bu gün Qarabağda yeni ab-hava yaşanır, 30 illik işğaldan sonra bu yerlərə yeni nəfəs gəlir. Ermənistan ordusunun xarabazara çevirdiyi rayon və kəndlər, qəsəbə və şəhərlər abadlaşır, yenidən qurulur, inkişaf edir. Azərbaycan regionda yeni qaydalar tətbiq edir, sülh və sabitlik tələb edir, tərəqqiyə can atır, ardınca da Cənubi Qafqazın digər ölkələrini də aparmaq istəyir. Bəs Ermənistan hara gedir? Çox ciddi sualdır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə