Makronun zəngi ilə bağlı MARAQLI MƏQAMLAR VƏ NİYYƏTLƏR – TƏHLİL
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng edərək müzakirələr aparması təkcə ölkə ictimaiyyəti deyil, bütövlükdə dünya ictimaiyyətinin diqqət mərkəzindədir və hər kəsi düşündürür. Azərbaycan əleyhinə mövqeyi və eləcə də ermənipərəstliyi ilə seçilən, hətta digər ermənipərəstlərdən kəskin şəkildə Ermənistanın mövqeyini, özü də haqsız mövqeyini müdafiə edən Fransa liderinin qəflətən Azərbaycan Prezidentinə zəng etməsi maraq doğurmaya bilməz. Heç kim üçün sirr deyil ki, Makronun belə bir zəng etmək təşəbbüsü hansısa niyyətlərindən irəli gəlir və elə maraq doğuran da məhz bu niyyətlərdir.
Rəsmi Parisin məhz Cənubi Qafqaz siyasətində növbəti mərhələdə özünü necə aparacağı sözsüz ki, Makron üçün indi ən əsas müzakirə mövzusudur. Görünür, Fransa lideri bundan sonra hansı xətti seçəcəyi barədə bir qənaətə gəlmək üçün necə deyərlər, baş sındırır. Özünü bilməməzliyə, görməməzliyə vursa da belə, bunu dansa da belə, Azərbaycanın haqlı mövqeyə sahib olduğunu, eləcə də regionda söz sahibi olduğunu yaxşı başa düşən Makron rəsmi Bakı ilə müzakirələrin vacibliyini də anlayır. Bu baxımdan, onun Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməsi, müzakirələr aparması anlaşılandır və hətta belə demək mümkünsə, gözlənilən idi. Xüsusən də, İrəvandan Xankəndiyə humanitar yük daşınmasını Fransa rəsmilərinin müşayiət etməsi fonunda Emmanuel Makronun zəngi heç də təsadüfi sayıla bilməz və hər halda onun hansısa müzakirələrə ehtiyac duyması bir daha özünü göstərir.
Diqqətə çatdıraq ki, Fransa prezidenti eyni gündə Ermənistanın baş nazirinə də zəng edib və şəxsən Nikol Paşinyanla da müzakirələr aparıb. Deməli, onun təşəbbüskarlığı heç də səbəbsiz deyil. Belə çıxır ki, hər iki ölkə rəhbərinə eyni gündə zəng edən Makronun hansısa istəyi peyda olub, yaxud da öz istəyini daha sürətlə reallaşdırmaq arzusu baş qaldırıb. Heç şübhəsiz ki, onun bu istəyi məhz Cənubi Qafqazla, daha dəqiq desək, Azərbaycan və Ermənistanla bağlıdır. Görünür, Fransa prezidenti daha aktiv şəkildə proseslərə qatılmaq, ən əsası isə, ilk növbədə, Azərbaycan və Ermənistan liderlərini tez və tələsik olaraq, öz vasitəçilik masası ətrafında danışıqlara cəlb etmək istəyinə, həvəsinə düşüb. Bu da əlbəttə ki, səbəbsiz ola bilməz və görəsən səbəb nədir ki, o belə əl-ayağa düşüb?
Hadisələrin gedişi göstərir ki, Fransanın ermənipərəst mövqeyi sayəsində regionda münaqişəli vəziyyət uzanmaqdadır və bunu başda elə Makronun özü olmaqla, fransızlar özləri hamıdan yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, belə ermənipərəst mövqe nümayiş etdirməklə, Azərbaycanı öz qanuni, haqlı, ədalətli yolundan döndərə də bilmirlər. Makron dərk edir ki, Ermənistanın mövqeyini nə qədər müdafiə etsə də, ermənilərin böyük bacısı kimi onların təsibini nə qədər saxlasa da, ölkəmizə qarşı hansı formada çıxış etsə də, Azərbaycan Prezidenti cənab İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri çəkindirə bilməz. Anlayır ki, ölkə rəhbərimizin siyasi iradəsi qarşısında etdikləri əbəsdir. Amma onu da başa düşür ki, bütün bunların fonunda nəyi isə itirir və xüsusən də Cənubi Qafqazın lider ölkəsi ilə münasibətləri soyutmaqla regionda mövcudluğu barədə arzularını puça çıxarır. Deməli, niyyət bəlli olur və bu da ilk növbədə məhz regionla bağlı rəsmi Parisin planları ilə əlaqədardır.
Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, bu gün ölkəmizlə qardaş ölkənin, daha dəqiq desək, Azərbaycanla Türkiyənin müttəfiqliyi istənilən müstəvidə önəmli rol oynayır. Bu müttəfiqliyi nəzərə almamaq mümkün deyil. Çünki iki qardaş ölkənin müttəfiqliyi hər iki ölkənin gücünə güc qatmış olur. Belə bir reallıq isə təkcə hansısa Avropa ölkəsinin yox, bütövlükdə dünya ölkələrinin də diqqət mərkəzindədir və təsadüfi deyil ki, bu, hər iki ölkəni dünya miqyasında, beynəlxalq miqyasda söz sahibinə çevirib. Məhz həmin reallıq bu gün ermənipərəst mövqeyi ilə seçilən Fransanın maraqlarına heç də uyğun gəlmir və belə demək mümkünsə, elə birbaşa olaraq rəsmi Parisi narahat edir. Təsadüfi deyil ki, Fransa hər dəfə danışıqlar masasında Ermənistanın maraqları naminə nə qədər dirəniş göstərsə də, nə qədər çalışsa da bir nəticə hasil edə bilmir, Azərbaycan hər dəfə diplomatik qələbələrə imza atır. Deməli, rəsmi Paris məhs bu məqamı da nəzərə almaq məcburiyyətindədir və bu gün bölgədə yaranan reallıqla barışmaqdan başqa çarə qalmır. Ona görə də cəsarətlə deyə bilərik ki, Makron heç də səbəbsiz yerə Azərbaycan Prezidentinə zəng etməyib və müzakirələr aparmaq marağı da özündə bir sıra məqamları ehtiva edir, hansıki bu məqamlar Fransa liderinin bölgədəki reallıqlarla barışması niyyətindən xəbər verir.
Qlobal miqyasda da Fransanın vəziyyəti heç də fransızlar üçün ürəkaçan deyil. Fransa kimi bir Avropa ölkəsi demək olar ki, bir neçə istiqamətdə sıxışdırılır və bu da həmin ölkənin yalnız münaqişələrə sövq edilməsi deməkdir. ABŞ və Böyük Britaniyanın, eləcə də Rusiyanın təzyiqlərinə qarşı tab gətirmək tələb olunur. Görünür elə bu təzyiqlər fonunda da Fransa digər problemli yerlərdə, mübahisəli, münaqişəli ərazilərdə eskalasiya riski yaratmağa meyl edir və belə çıxır ki, bunu da rəqiblərinə qarşı tarazlaşdırma siyasəti olaraq qəbul edir. Deməli, rəsmi Parisin qlobal müstəvidə təcrid olunması Fransanın Cənubi Qafqaz siyasətinə təsir edir, amma bununla belə, bu Avropa ölkəsi heç də regionda istədiklərinə nail ola bilmir və fransızlar üçün qıcıq doğuran da elə məhz budur. İstədiklərinə nail ola bilməyən Fransa bu vaxta qədər sanki Azərbaycana qarşı diplomatik etiket qaydalarını nəzərə almayacaq mövqe nümayiş etdirməyi yeganə çıxış yolu, yeganə yol hesab edib. Amma bu gün görünür, fərqli bir niyyət ortada ola bilər və bəlkə də İrəvandan Xankəndiyə humanitar yük daşınmasını Fransa rəsmilərinin müşayiət etməsində məqsəd humanitar yükləri Qarabağa göndərmək yox, Azərbaycanı təxribata çəkməkdir. Müzakirələr aparmaq üçün Makronun Azərbaycan Prezidentinə zəng etməsində həm də niyyəti guya təxribata sövq etmək məqsədinin olmaması təsəvvürü yaratmaq ola bilər. Fransa liderinin özünü də, ölkəsini də regionda sülh formalaşdıran kimi göstərmək niyyəti də danılmazdır və zəng edərək müzakirələr aparmaq təşəbbüsü də həmin niyyətdən doğa bilər.
Heç şübhəsiz ki, rəsmi Bakı Parisin özünü neçə göstərmək istəyindən və niyyətindən asılı olmayaraq nə Fransa dövlətinə, nə də bu dövlətin ermənipərəst liderinin Cənubi Qafqazda guya sülh şəraitinin yaranması ilə bağlı təşəbbüslər göstərməsinə inanan deyil. Müvəqqəti şəkildə mövqe dəyişkənliyi, yaxud da münasibətlərində qısa müddətlik dəyişkənlik Paris üçün, elə Emannuel Makronun özü üçün yenilik, yaxud da qeyri-adi hal deyil. Ona görə də Azərbaycanın Ermənistanla münasibətlərinə Fransa bu və ya digər formada hadisələrə təsir edə bilməz və rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Rəsmi Bakı üçün sirr deyil ki, Fransanın və Fransa prezidentinin niyyəti ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinə guya töhfə vermək yox, özünü belə göstərərək, beynəlxalq aləmdə rolunun olduğunu göstərmək, özünü də belə təbliğ etməkdir. Elə Emannuel Makronun məhz Azərbaycan Prezidentinə zəng etməkdə bir niyyəti də məhz belə bir təbliğdir. Fransa lideri həm də belə bir təbliğatla məhz Rusiya sülhməramlılarının mandatı başa çatdıqdan sonra Qarabağda özünə yer etmək niyyəti güdür, amma bu o demək deyil ki, niyyəti baş tuta bilər və Makronun zəng edərək müzakirələr aparmağa maraqlı olduğunu göstəməklə niyyətlərini gerçəkləşdirəcəyinə ümid etməsi çox bəsit görünür, utopiyaya bənzəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB