Tovuz döyüşlərindən başlanan Zəfər yolumuz - TƏHLİL

Tovuz döyüşlərindən başlanan Zəfər yolumuz - TƏHLİL

Azərbaycanının bayrağını yüksəkliklərdən-yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında böyük rol oynamış oldu.

Azərbaycanın güclü və müasir ordusu qarşıda duran bütün vəzifələri həll edərək düşmənə məğlubiyyəti yaşatdı və gücsüz olduğunu, özgə torpağında hökmranlığın sonunun olmadığını bir daha göstərmiş oldu. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa məğlub olmaları qaçılmaz idi. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun qarşısında duruş gətirmələri ağılasığmaz idi.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.

Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Əlbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun göstəricisidir. Əlbəttə ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi.

BÖYÜK QƏLƏBƏNİN BAŞLANĞICI

2020-ci ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. Bu gün biz həmin tarixdən qalib xalq olaraq danışırıq. Bu, Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə təxribatı idi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasını bir daha göstərmiş oldu. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabr ayında verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başladığını bildirmişdi.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov, Xəyyam Daşdəmirov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov şəhid oldu. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak oldu.

Həmin günlərdə Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başladılar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində oldu. Dondar Quşçu kəndinin ərazisinə isə 20-dək top mərmisi düşdü. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşdü.

"AZƏRBAYCAN HƏM BEYNƏLXALQ MÜSTƏVİDƏ, HƏM ÖLKƏ DAXİLİNDƏ, HƏM MƏNFUR QONŞU İLƏ MÜBARİZƏDƏ ÇOX BÖYÜK BİR GÜCƏ ÇEVRİLİB"

Dünya bu döyüşlərə biganə qala bilmədi. Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yaydı və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pislədi. Rusiya Xarici İşlər Nazirliyi dərhal atəşi dayandırmağa çağırdı. Gürcüstan prezidenti 12-13 iyul tarixlərində Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı qarşıdurmaya görə narahatlığını ifadə etmiş oldu. Pakistan, Qazaxıstan, Moldova, Yaponiya, Böyük Britaniya kimi dövlətlər öz münasibətlərini ifadə etdilər və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırdılar. Türk Şurası, GUAM, ATƏT və digər təşkilatlar Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pisləmiş oldular. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos hiss olunmağa başladı.

Bu barədə də Prezident İlham Əliyev deyirdi: "Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm, Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil".

Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi. Bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər. Azərbaycanın döyüşən əsgəri, hər birimiz sənin yanındıyıq, - dedilər. Ali Baş Komandanın əmrini gözləyirik. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağımıza inam sonsuz idi. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyirdi. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. 44 günlük Vətən müharibəsi torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin - mübarizlərin, əliflərin, poladların, ilqarların və neçə-neçə vətən övladlarının qisası qiyamətə qalmadı.

"BU GÜN PRİORİTET MƏSƏLƏLƏRDƏN BİRİ ORDU QURUCULUĞU, DİGƏRİ İSƏ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPA EDİLMƏSİDİR"

44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınmasının bir daha şahidi olduq. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", - deyən Azərbaycan Prezidentinin bildirdiyi kimi, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

"Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edilmişdir. Onsuz da bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir", - deyə Prezident çıxışlarının birində bildirib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır.

Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. İnfrastruktur yenidən qurulur, yeni yollar çəkilir, abadlıq və bərpa işlərinə star verilib. Bütün bunları görən şəhidlərimizin ruhu şad və azad nəfəs alır. Azərbaycan bayrağı şəhid qanı ilə suvarılmış torpaqlarımızda dalğalanır. Artıq Azərbaycan keçmiş məcburi köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlayıb.

Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini qoynuna aldı. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını bildirmişdi.

Ağalı kəndinə əhalinin köçürülməsindən sonra Talış kəndinə köç başladı. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı həyata keçirilən layihələrin həyat keçirilməsində bir daha özünü göstərir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə