Yaponiya portalı Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırıb - FOTOLAR
Yaponiyanın “Ajmedia News Portal” xəbərlər saytı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü barədə ətraflı məlumatlar yayıb.
Portalda yapon, ingilis və Azərbycan dilində yerləşdirilən xəbərlərdə Prezident İlham Əliyevin görüşdəki çıxışına xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycanın dövlət başçısının BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi,Fransanın neokolonizm siyasətini davam etdirməsi, Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdiyi dağıntılar və hazırda davam edən təxribatlar ilə əlaqədar səsləndirdiyi fikirlərə geniş yer verilib. Materiallarda deyilir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin də BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürüb. Portal, həmçinin Azərbaycan dövlətinin başçısının Ermənistandan silahlı dəstələrini Qarabağdan çıxarmasını tələb etdiyini də vurğulayıb.
Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializm siyasətini tənqid etdiyi də yazılarda yer alıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını deyib.Azərbaycan Prezidentinin Fransada, xüsusilə də mediada müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin davam etdiyini bildirdiyi qeyd olunub.
Yazılarda Prezident İlham Əliyevin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırdığı vurğulanıb.
Məqalələrdə Azərbaycan Prezidentinin görüşdəki çıxışı zamanı səsləndirdiyi bu fikirlərə xüsusi yer verilib: “Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.
Portalda yayılmış “Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir” sərlövhəli materialda isə deyilir: “Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal edib, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib”.
İşğal altında olan ərazilər azad edildikdən sonra Azərbaycanın indi bir sıra nəhəng çağırışlarla üz-üzə olduğunu qeyd edən Azərbaycan Prezidenti vurğulayıb: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB