Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik ölkədir - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan tam iqtisadi müstəqillik əldə edib ki, bu, müstəqil xarici siyasət kursu həyata keçirmək üçün əsas faktordur"
Bəli, bu gün son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".
"Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. “Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır” – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.
Məhz mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası üzv dövlətlərlə yanaşı, qonaq qismində iştirak edən Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Və Azərbaycan Prezidenti İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı və çıxışı ölkəmizin artan nüfuzunun göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyea tədbirdə diqqəti bu kimi məqamlara yönəltdi ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Ölkəmiz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.
AZƏRBAYCAN İQTİSADİYYATI ÖZÜ-ÖZÜNÜ TƏMİN EDİR VƏ KƏNARDAN DƏSTƏYƏ EHTİYACI YOXDUR
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib ki, tam iqtisadi müstəqillik əldə edən Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur: "Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur".
Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artdığını deyən dövlətimizxin başçısı bildirib: "Bu gün yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib, xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik".
"Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik",-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğulayıb: "Artıq qeyd olunduğu kimi, mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək".
İQTİSADİ MÜSTƏQİLLİK SİYASİ MÜSTƏQİLLİK ÜÇÜN ƏSASDIR
Göründüyü kimi, bütün bunlar Azərbaycanın böyük iqtisadi imkanlara malik olduğunu təsdiqləyir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Dövlət başçısı İlham Əliyevin toplantıda vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Bir sözlə, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası çərçivəsində aparılan müzakirələrdə bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi dəstəkləndi. Bir daha sübut olundu ki, ümumilikdə Azərbaycan üzv olmadığı planformalardan heç vaxt kənarda qalmır. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir. Dövlət başçımızın dediyi kimi: "Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB