Ermənistan TARİXİ SEÇİM QARŞISINDA – TƏHLİL

Sözünü dəyişməkdə öz “ustalığı” ilə seçilən Ermənistanın baş naziri Nikol Paşinyan son həftələrdə deyəsən hansısa məqamlara əl atmaq, etiraflar etmək məcburiyyətində qalıb və bildirib ki, Azərbaycan ərazisi kimi tanıdığı 86 min 600 kvadrat kilometr əraziyə Qarabağ da daxildir. Erməni baş nazirin 2019-cu ildəki mövqeyi ilə hazırkı mövqeyi 180 dərəcə fərqlidir. Amma görünür, “yeni müharibə, yeni ərazilər”, yaxud “Qarabağ Ermənistandır, nöqtə” deməklə, Şuşada sərxoş vəziyyətdə atılb-düşməklə, rəqs etməklə nə böyüklüyündə səhvə yol verdiyini anlayıb və ən azından, daha belə səhvlər etməmək niyyətində görünür.

Biz 3 ilə yaxındır ki, Paşinyanın inadkarlıqla danışıqlardan yayındığının, qeyri-müəyyən bəyanatlar verdiyinin, vədlərindən, danışıqlardan geri çəkildiyinin şahidiyik. Onun da şahidiyik ki, xaricdən silah almaq və bununla da Ermənistan silahlı qüvvələrini canlandırmaq üçün bu buqələmüm xislətli baş nazir əldən-ayaqdan gedir. Sözsüz ki, Nikolun hərbi büdcəni artırması da təsadüfi deyildi və bunun arxasında nəyin dayandığını hər kəs başa düşür. Bir çox əlaqələr qurmaq üçün müxtəlif addımlar atması guya millətin ruhunu yüksəltməyə xidmət edirdi, amma bu ruh ordu, güc və arsenal olmadan onun elə öz başına dəysin. Təsadüfi deyildi ki, bu müddət ərzində danışıqlar gedə-gedə Ermənistan tərəfi şərti sərhəddə təxribatlar törətməkdə davam edirdi və bundan Paşinyanın xəbəri olmaya bilməzdi, əksinə, elə onun çabalaması kimi başa düşülür. Məsələ burasındadır ki, bu çabaların nəticə vermədiyini başa düşən erməni baş nazir sonda dediklərinin əskini ifadə etdi və bu onun etirafları idi. “Qarabağ Azərbaycandır”, deməyə məcbur qalan Paşinyan əslində, doğru danışmağı öyrənmək yoluna baş vurub bəlkə də, amma hər bir halda, ölkəsinin tarixi qərar astanasında, daha dəqiq desək, tarixi seçim qarşısında olduğunun deyəsən fərqindədir.

Təbii ki, sözünü dəyişmək Vovayeviçə xas olan xarakterik xüsusiyyətdir, amma bunu ona məcbur edən, onu 180 dərəcə döndərən Azərbaycan dövlətinin qüdrəti, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, milli maraqlarımıza, ərazi bütövlüyümüzə verdiyi dəyər və bütün müstəvilərdə qələbələrimizdir. Rəsmi İrəvan, ələlxüsus da erməni baş nazir çox yaxşı bilir və görür ki, Azərbaycan beynəlxalq hüququn legitim dəstəyindən istifadə edir. Bəli, ölkəmiz dünya və regional güclərlə strateji əlaqələr qurdu, eləcə də Silahlı Qüvvələrinin bütün gücündən, imkanlarından istifadə edərək Paşinyanı əvvəlcə kapitulyasiya sənədini imzamlamağa, sonra sözünü dəyişməyə, yeni geosiyasi reallığı qəbul etməyə məcbur etdi. Ermənistan rəhbəri başa düşmək məcburiyyətində qaldı ki, artıq bu seçim tarixi bir seçimdir və yanlışlıq ölkəsini tarixin arxivinə ata bilər.

Doğrudur, Paşinyanın ifadələri hələki sözdən ibarətdir və sözünü də, mövqeyini də asanlıqla dəyişmək “bacarığı” ilə seçilən bu adamın ipinin üstünə yük qoyulası da deyil. Müharibədən əvvəl də, müharibə dönəmində də, müharibədən sonra da onun gah bir söz, gah da həmin sözün əksini ifadə edən başqa söz dediyi hər kəsə məlumdur və bunu da nəzərə almaq lazımdır. Yəni nəzərə almaq lazımdır ki, sözünü dəyişəcəyi təqdirdə bu, bütövlükdə Ermənistan dövlətinin olmayan beynəlxalq imicini tamamilə yerlə-yeksan etmək deməkdir. Çünki baş nazir Ermənistanda dövlətin birinci şəxsidir və onun bəyan etdikləri sıradan bir söz deyil və əgər buna sıradan bir söz kimi yanaşılsa, beynəlxalq ictimaiyyət rəsmi İrəvan haqda tamamilə fərqli düşünməkdə, bu dövlətin qondarma olması qərarına gəlməkdə haqlıdır. Bir sözlə, Ermənistan üçün artıq hazırki dövr çox ciddi məqamdır və indi bu ölkə seçimlə üz-üzədir. Bu ölkə ya normal, beynəlxalq norma və prinsplərə uğyğun, hüquqi şəkildə mövcudluğunu davam etdirməli, ya da olacaqlarla indidən barışmalıdır.

Bütün qəribəliklərinə baxmayaraq, küçə nümayişlərindən hakimiyyətə özünü daşıyan Paşinyanı axmaq da hesab etmək sadəlövhlük olardı. O, indi vəziyyətin ciddiliyini hamıdan yaxşı başa düşür. Başa düşür ki, indi o öz sözlərini təsdiqləmək üçün heç zaman etmədiyi əməli addımlar atmalı, bununla da köklü dəyişikliyə nail olmalı, qaranlıq məsələlərə aydınlıq gətirməlidir. Çünki, bir tərəfdən də Xankəndidə separatçı qalıqlarının məsələsini həll etmək də onun boynuna düşür. Əgər bunu dərk edirsə, çox güman ki, Bakı ilə Qarabağın erməni icması arasında dialoq üçün hansısa xüsusi beynəlxalq gündəliyi irəli sürməyə çalışır.

Paşinyan bilir ki, rəsmi Bakının mövqeyi dəyişməzdir və Qarabağ ermənilərinin reinteqrasiyası məsələsi Azərbaycanın daxili işi hesab olunur, hansı ki, bu məsələ beynəlxalq müdaxilə obyekti ola bilməz. Xüsusən də, Cənubi Qafqaz regionunda reallığı formalaşdıran mühüm oyunçulardan birinə çevrilən Azərbaycanın bundan sonra istənilən daxili məsələsində hansısa müdaxiləyə imkan verəcəyi artıq Nikolun özünə də inandırıcı görünmür, baxmayaraq ki, həm ölkəsinin müxalifət düşərgəsindən olanlar, həm də Makron kimi ara qarışdırıb bulanıq suda balıq tutmaq istəyənlər onu bunun əksinə inandırmağa çalışır. Amma Bakı ilə Ankaranın birliyinin dünyada heç kimin diqqətdən kənarda qala bilməyəcəyi bir amilə çevrilməsini nəzərə alan Paşinyan artır reallıqları görür. Onu da görür ki, ölkəsində revanşizmi alovlandıran xarici qüvvələr Cənubi Qafqazda oyunlar oynamaq üçün Ermənistan alət edib və bundan sonra da eyni niyyətdədirlər.

Heç şübhəsiz, Paşinyan onu da dərk edib ki, 2020-ci ilin payızında qarşılaşdıqları rüsvayçı məğlubiyyətləri onların, siyasi oyunların qurbanına çevrilməsi demək idi. Əslində, İrəvan bilməli idi ki, Azərbaycan torpaqlarını otuz ilə yaxın işğal atında saxlamaq, danışıqlardan imtina etmək, hətta həmin dövr ərzində yeni absurd iddialarla çıxış etmək onların məğlubiyyətinə zəmin yaradır. Bilməli idilər ki, Qarabağ onlar üçün bir tələ olub və onlar artıq çoxdan tələyə düşüblər. Ola bilsin ki, Paşinyan quyruğunu tələdə hiss edə bilib, buna görə də etiraflar edir və bəlkə də özünün də, ölkəsinin də həmin tələdən xilas olmaq, qurtulmaq təklifinin Qərb tərəfdən, yaxud da Rusiya tərəfdən deyil, məhz Azərbaycan tərəfindən gəldiyini anlamağa başlayıb. Biz sözlə, anlamağa başlayıb ki, ölkəsi də, özü də tarixi seçim qarşısındadır və Azərbaycanın təkliflərini qəbul etmələri ən doğru seçimdir. Çünki bunun əksini düşünmək belə Paşinyan üçün böyük baş ağrısıdır və bilir ki, əks halda özünü də, ölkəsini də fəlakətə sürükləyə bilər. Bilir ki, Azərbaycanın yaratdığı reallıqlar sayəsində Cənubi Qafqazda sülh və əmin amanlıq onsuz da olacaq, amma buna mane olan, qarşı çıxan Ermənistan özü bu regionda olmaya və ümumiyyətlə, xəritədən silinə bilər. Bir sözlə, tarixi seçim qarşısında olmağın nə olduğu güman ki, ona indi çatıb...

Təbii ki, indi bütün dünyanın maraq dairəsində olan Moskva görüşü vasitəçilik uğrunda gedən mübarizədə rus gedişidir və Putinin təşəbbüsü ələ almaq istəyi də çoxdan bəllidir. Xüsusilə, Vaşinqton və Brüssel görüşlərinin ardınca Moskvanın hansısa nəticələr əldə etmək marağının olduğu da təkzib edilə bilməz. Bu baxımdan sülh prossesi üçün irəliləyiş sayıla biləcək müəyyən sənədlərin imzalanması ehtimalı da böyükdür. Təsadüfi deyil ki, bu barədə Rusiya mətbuatı da müəyyən məqamlardan bəhs etməkdədir və üçtərəfli görşdə vacib sənədlərə imza atılacağı barədə anons da verilib. Bu anons verilərkən məhz ermən baş nazirinin öz ölkəsinin tarixi seçim qarşısında qalması da sözsüz ki, nəzərə alınıb. Çünki Rusiya mediası daha yaxşı bilir ki, Ermənistan hansı uçurum qarşısındadır və bunu da həmin ölkə hakimiyyəti artıq dərk edir.

Heç şübhəsiz ki, tərəflər arasında nəqliyyat kommunikasiya xətlərinin açılması vacib amildir, çünki inteqrasiya və tərəflər arasında ticari, iqtisadi əlaqələr olmadan, kommunikasiya xətləri açılmadan hər hansı bir dayanıqlı sülhdən danışmaq mənasızdır. Məsələ burasındadır ki, Rusiya özü də bu sənəddə maraqlıdır. Çünki belə bir sənəd imzalanarsa, Rusiya bir daha dünyaya ismarıc vermiş olacaq ki, bu prosesdə əsas iştirakçı, hətta həlledici Vaşinqton, yaxud Brüssel deyil, məhz Möskvadır. Əgər həqiqətən də Moskva görüşündə Paşinyan dəyişkənlik etməsə, razılıqlar əldə olunsa, danışıqlarda ciddi irəliləyişə, sülh yolunda hansısa inkişafa məhz Kremlin vasitəçiliyi ilə nail olunacağını göstərmək üçün Rusiyanın bütün dünyada öyünməsi şansı yarana bilər. Onu da qeyd edək ki, bu şansı belə Moskva əvvəlcədən nəzərə almaya bilməz və Paşinyana da əvvəlcədən dəyişkənlik etməməsi üçün barmaq silkələnə bilər. Həm də axı, bu erməni baş nazirin başı daşdan-daşa çox dəyib və indi rasional qərar verməyin vaxtı olduğunu bilməmiş olmaz və ən azından taxiqi məqam olduğunun, ölkəsinin seçim qarşısında qaldığının fərqində olmalıdır.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, onun siyasi flügerlik nümayiş etdirmsi əvvəllər də praktiki olaraq dəfələrlə özünü göstərib. Sözsüz ki, öz fikirlərində dəyişikliyə yol verə biləcəyi də istisna edilə bilməz. Məhz elə ilk növbədə də onun sabit siyasi iradəyə, mövqeyə malik olmaması sülh prosesini ləngidən faktorlardan sayılır. İndi sülh prosesinin başlaması üçün vacib olan məqam odur ki, Ermənistan götürəcəyi öhdəliyə sona qədər sahib çıxsın, tutduğu mövqedən geri çəkilməsin. Hər halda baş nazir Nikol Paşinyan da bunu başa düşür və ümid edirik ki, daha dəyişkənliyə, flügerliyə meyilli olmaz, çünki tarixi seçim qarşısında üçtərəfli danışıqda iştirak edən digər iki ölkə deyil, onun öz ölkəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə