YAP və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib - YENİLƏNİR
Yeni Azərbaycan Partiyası (YAP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Dövlət Himni səsləndirilib, Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib.
Çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi YAP da Heydər Əliyevin dövlətçilik irsinin, ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə il ərzində çoxsaylı tədbirlər keçirəcək: "Heydər Əliyev İli" ilə əlaqədar müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar və digər bir sıra tədbirlər təşkil ediləcək ki, bu da Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə əvəzsiz yerinin və rolunun tədqiqinə mühüm töhfə olacaqdır".
T.Budaqov vurğulayıb ki, bu gün siyasi partiyalar müstəqillik tarixində heç vaxt olmadığı kimi birlik və həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar: "44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə ortaq mövqedən çıxış etmələri bu reallığın bariz nümunəsidir. Tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında ictimai-siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, Böyük Qayıdışın vaxtında və yüksək səviyyədə həyata keçirilməsi və digər mühüm vəzifələr durur".
Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, tarixin müxtəlif mərhələlərində bir çox mənbələrdə özünü büruzə verən “azərbaycançılıq” ideyası məhz Heydər Əliyev sayəsində ölkənin inkişaf strategiyasının ideoloji sütunu kimi təsbit edilib: "Üç onillik ərzində bütün sahələrdə əldə edilmiş dinamik inkişaf nəticəsində artıq “yeni azərbaycançılıq məfkurəsi” ilə “yeni hədəflərə doğru” inamla irəliləyən bir Azərbaycan dövləti vardır. Müasir Azərbaycan cəmiyyətində aparıcı rola malik YAP hazırki siyasi sistemin digər komponentləri ilə siyasi pluralizm və bərabər inkanlar şəraitində formalaşan münasibətlərə istinad edərək, demokratik ab-havanın, dialoq mühitinin bərqərar olmasında Partiya sədri və ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlar prosesinə bir ahəngdarlıq gətirir. Ölkədə “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi isə daha təkmil, daha mükəmməl siyasi sistemin formalaşmasına təkan verməkdədir. Bu isə cəmiyyət həyatında yeni keyfiyyət dəyişikliyinə, o cümlədən bərabər hüquqlar və imkanlar şəraitində ictimai-siyasi proseslərin əsas iştirakçısı qismində çıxış etmək istəyən soydaşlarımız üçün fəaliyyət sərbəstliyini artırır".
Komitə sədri bildirib ki, onların siyasi partiyalara, ictimai qurumlara, o cümlədən həmkarlar təşkilatına mənsubluğu sahəsində geniş imkanlar yaradır: "Bunun nəticəsidir ki, partiyaların fərqli ideoloji, siyasi yönümünün olmasına baxmayaraq onların dövlət və cəmiyyət qarşısında hüquq və öhdəliklərinin konkret müəyyənləşməsi siyasi sistemdə bəlli bir nizam yaratmaqdadır. Bununla yanaşı üzvləri də daxil olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyətinin də müəyyənləşməsi baxımından əhəmiyyətli dəyişikliklərə səbəb olmaqdadır. İndi artıq Konstitusiya və əlaqəli qanunların eləcə də beynəlxalq konvensiyaların şərtlərinə uyğun olaraq etnik və milli mənsubiyyəti, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş ölkə həyatında bərabər iştirak, təmsilçilik və məsuliyyətə əsaslanan bir şəraitin vacib halqası olduğunu dərk edir. Bu rolunu uğurla yerinə yetirmək imkanından bəhrələnərək hərtəfəfli inkişafa töhfə verməli olduğunu da qəbul edir".
Sonda tədbir müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB