"Sumqayıtda bu hadisəni təşkil etmək üçün Qriqoryan seçilmişdi” - FƏLSƏFƏ DOKTORU DANIŞDI
“Bu gün Sumqayıt hadisələrindən 35 il ötür. Hansı ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə baş verən bu hadisələr SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən ermənilərlə birgə təşkil edilərək, azərbaycanlılara qarşı yeritdiyi siyasətin göstəricisi idi. O zaman Sumqayıtda bu hadisəni təşkil etmək üçün Qriqoryan seçilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.

Onun sözlərinə görə, bu hadisənin təşkilatçılarından birinin məhz Qriqoryan olmasına baxmayaraq, hadisənin təşkilatçılarından biri kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmişdi: “Bu faciədə 32 nəfər öldürülmüşdür, onlardan 26-sı erməni, 6-ı isə azərbaycanlı idi. Eyni zamanda öldürülən ermənilər də xüsusi seçilmişdi. Çünki onlar sırf erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Təbii ki, ən böyük məqsədlərdən biri də Azərbaycan xalqını dünya ictimaiyyəti içərisində qınaq obyektinə çevirmək idi. Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyati təhlükə ilə üz-üzə idi.
Bu gün də ermənilər Sumqayıt hadisələrindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların məqsədi bu hadisələri əllərində bayraq edərək, Azərbaycana qarşı mənfi rəy formalaşdırmaqdır. Lakin onlar bu əməllərinə nail ola bilməyəcəklər. Azərbaycan bütün dünya ictimaiyyətinə ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri bütün faktlarla sübuta yetirmiş və ermənilərin vandallığını bir daha diqqətə çatdırmışdır. Xocalı soyqırımı da ermənilərin ölkəmizə qarşı yürütdüyü məkrli siyasətin ən bariz nümunəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB