Azərbaycan Prezidenti hər zaman sülhün tərəfdarıdır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Prezidenti hər zaman sülhün tərəfdarıdır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Bu gün dünyada münaqişələrin, müharibələrin, qarşıdurmaların baş alıb getdiyi bir dövrdə sülhün və təhlükəsizliyin təmin edilməsi dövlətlərin və beynəlxalq təşkilatların əsas vəzifəsi kimi qarşıda durur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı bu sahədə əhəmiyyətli bir platforma hesab edilir, təhlükəsizlik məsələləri ilə bərabər, hərbi, siyasi, iqtisadi məsələlərin həlli istiqamətində də mühüm rol oynayır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, müzakirələrdə fəal iştirakı və çıxış etməsi dövlətimizin rəhbərinə göstərilən hörmət və etimadın ifadəsidir. Dünya bu gün cənab İlham Əliyevin sülhün və əminamanlığın, təhlükəsizliyin təmin edilməsindəki xidmətlərini, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və əməkdaşlığın inkişafı sahəsində onun səmərəli rolunun gələcək üçün önəmli olduğunu yüksək qiymətləndirir.

Konfrans çərçivəsində ABŞ dövlət katibinin vasitəsilə Ermənistan baş naziri ilə görüşdə, eləcə də digər tədbirlərdə, dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə söhbətlərində cənab İlham Əliyev dünyada sülhün və təhlükəsizliyin qarantı təsiri bağışlamaqla, hadisələrə mövcud reallıqlar, hadisələr baxımından qiymət vermiş, Azərbaycanın milli maraqları mövqeyindən çıxış edərək bir daha dünyanı ədalətə, haqqa, demokratiyaya, insan hüquqlarının qorunmasına səsləmişdir. O, Ermənistanın Azərbaycana təcavüzünü, torpaqlarımızın 30 il işğal altında qalmasını, şəhər və kəndlərimizin məhv edilməsini gündəmə gətirməklə, həm də qələbəmizin ədalətə, haqqa, beynəlxalq normalara əsaslandığını göstərmiş, məğlub olmasına, uzun illər dövlətimizə təcavüz etməsinə, terror əməlləri törətməsinə baxmayaraq Ermənistanın yenə də çirkin məqsədlərindən əl çəkmədiyini, müharibəyə hazırlaşdığını, sülhə gəlmədiyini konfrans iştirakçılarına bəyan etmişdir. Prezidentimiz təcavüzkar Ermənistana dəstək verən, onu yeni münaqişəyə həvəsləndirən Fransa dövlətini, ölkənin prezidenti Emmanuel Makronun, bəzi beynəlxalq təşkilatların anti-Azərbaycan mövqeyini də kəskin tənqid etmişdir. Ölkəmizin rəhbəri bütün çıxışlarında real faktlara əsaslanmış, Paşinyanla görüşdə bu günün reallıqlarını nümunə gətirdiyi üçün qarşısındakını bir daha mat vəziyyətinə salmış, ABŞ-ın dövlət katibinə sülhə sadiq olduğunu bir daha bildirmişdir.

Üçtərəfli görüşün keçirilməsi Vaşinqitonun hadisələrə və Cənubi Qafqazda gedən proseslərə ciddi önəm verməklə bərabər, həm də Azərbaycanın mövqeyinə müsbət yanaşmasından xəbər verir. Azərbaycan Prezidenti də bu yanaşmanı dəyərləndirir və hər zaman sülhün tərəfdarı olduğunu qeyd edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə