Azərbaycanın istiqlal yolunun ilk zirvəsi TƏHLİL

Azərbaycanın istiqlal yolunun ilk zirvəsi TƏHLİL

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ 20 YANVAR HƏQİQƏTLƏRİ

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli”etməsi və bu tarixi ildə 20 yanvar hadisələrinin 33-cü ildönümünü və igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük fəxarət və qururla yad edir.

Bəli, bu gün Bakıda Qanlı Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, onun ağrı-acıları bu gün də qəlbimizi göynədir, qırmızı qərənfillərə bürünmüş şəhid cənazələrini çiyinlərində aparan insan seli, izdiham hər zaman gözümüzün önündədir. Bəli, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, sanki dünən baş verib. O gecə Bakı qan içində boğuldu. Azərbaycan 73 il əvvəl olduğu kimi, yenə faciəyə düçar edildi - Xalqımızın haqq səsini boğmaq istəyən o zamankı Kreml rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə - o qanlı şənbə gecəsi imperiya silahlarından əliyalın, silahsız millətimizin üzərinə güllə yağmuru yağdıraraq Bakıda Qanlı Yanvar qırğınını törətdi. Əksəriyyəti ermənilərdən ibarət olan Sovet ordusunun törətdiyi qətl və cinayətlər yanvarın 20-dən sonra da davam etdi. Müdrik bir məsəl var: “Tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar”.Həmin müdhiş yanvar gecəsindən bizi tam 33 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda belə həmin günlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.

Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi M.Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik A.Aqanbekyanın hələ 1987-ci ilin noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üçün bir siqnal idi. Qorbaçova yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının Qarabağı Azərbaycandan qoparmaq üçün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı kəşfiyyat orqanlarına yaxşı məlum idi. Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-oturmaqla ölkəni "idarə edirdi." Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və iftiralarla dolu "Ocaq" kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnaklar Azərbaycana doğru yürüşə başladılar.20 Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü.

1990-CI İL YANVARIN 21-DƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BU HADİSƏDƏ ƏLİ OLANLARIN ƏLEYHİNƏ KƏSKİN BƏYANATI MİLLİ AZADLIQ HƏRƏKATININ BAŞLANMASINA CİDDİ TƏKAN OLDU

20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman Mixail Qorbaçov və ermənipərəst ətrafının səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, bu hadisədə əli olanların əleyhinə kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu.Əlbəttə, o zaman Azərbaycana rəhbərlik edənlər – Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, ikinci katib V.Polyaniçko və digərləri, dövrün siyasi müxalifəti sayılan və proseslərdə birbaşa iştirak edən AXC İdarə Heyəti 20 Yanvar faciəsində bu və ya digər formada siyasi və mənəvi məsuliyyət daşıyırdılar, ancaq bu qanlı əməliyyat birbaşa Kreml, Qorbaçov və onun xaricdən qısqırdılan erməni əlaltıları tərəfindən planlaşdırılmış, imperiya mərkəzinin göndərdiyi emissarlar tərəfindən zəmin hazırlanmış və SSRİ müdafiə və daxili işlər nazirləri Yazov və Bakatinin komandanlıqları altında həyata keçirilmişdi. İstər ittifaq, istər respublika rəhbərliyinin, istərsə də AXC İdarə Heyətinin 20 Yanvar faciəsindəki əsas məsuliyyəti və günahı isə bu qətliamın qarşısını almamaları, buna ciddi səy göstərməmələri, siyasi müdriklik nümayiş etdirə bilməmələri, hadisədən əvvəl və hadisə zamanı xalqı meydanlarda başsız qoyub qaçmaları, həlledici məqamda xalqın içində olmamaları, silahsız və günahsız insanları dişinə qədər silahlanmış və aqressiv təlimat almış ordu hissələri ilə üz-üzə qoymalarında idi. O zaman Azərbaycana rəhbərlik edən Əbdülrəhman Vəzirovun qətliamdan bir neçə saat əvvəl xüsusi təyyarə ilə Moskvaya qaçmasını, Xalq Cəbhəsi rəhbərlərindən isə o gecə kimsənin küçədə, xalqın yanında olmamasını xalqımız haqlı olaraq dərhal qınadı. Xalqı azadlıq, müstəqillik, böyük ideallar, milli-mənəvi dəyərlər uğrunda mübarizəyə səsləyən “liderlər” həlledici məqamda onun yanında olmadılar, yalnız səhər açıldıqdan və ara sakitləşdikdən sonra ortaya çıxaraq, imperiyanı “lənətləməyə” başladılar. Azərbaycan rəhbərliyi və Xalq Cəbhəsi həmin günlər və sonrakı dövrdə bu hadisəni yaddan çıxarıb hakimiyyət uğrunda mübarizəyə girişdilər. 20 Yanvardan sonra şəhidlərin meyitləri üzərindən addımlayaraq hakimiyyətə gələn və bu faciəni unutdurmağa çalışan Ayaz Mütəllibov komandası da, ondan sonra iqtidara gələn AXC komissarları da bu hadisəyə hüquqi-siyasi qiymət verməyə həvəs göstərmədilər. Çünki bunda maraqlı deyildilər. Birincilər bu cinayətdə bilavasitə iştirak etdikləri, ikincilər isə bu faciəyə görə mənəvi-siyasi məsuliyyət daşıdıqları üçün bunu etmədilər.

Məhz ulu öndər Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları Azərbaycanda getdikcə daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 yanvardan sonra Xalq hərəkatı Milli-azadlıq, İstiqlal hərəkatına çevrildi.

20 YANVAR HADİSƏLƏRİNƏ DÜZGÜN VƏ OBYEKTİV HÜQUQİ-SİYASİ QİYMƏT VERİLMƏSİ DƏ MƏHZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİDMƏTİDİR

20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Hələ hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanatla çıxış etdi. Bunun ardınca 1990-cı ildə o, öz doğma Vətəninə – Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək doğulduğu Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra – 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar sədrliyi Heydər Əliyevə həvalə etdilər. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsl mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.

Daha sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları Heydər Əliyevin ətrafında cəm oldular. Oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının ovaxtkı rəhbərliyi 1991-ci il martın 17-də respublikada SSRİ-nin saxlanması ilə bağlı saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və antimilli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq – 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

AXC-MÜSAVAT CÜTLÜYÜNÜN BİRİLLİK HAKİMİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ, DÖVLƏTÇİLİYİNƏ BÖYÜK ZƏRBƏ VURULDU, ÖLKƏ VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINA GƏTİRİLDİ

1992-ci ilin mayında AXC-Müsavat dairələri o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində, bu həm milli azadlıq hərəkatına, həm respublikada yenicə yaranmaqda olan demokratik prosesə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi yolunda göstərdiyi xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına mane oldular. Onlar öz namizədlərinin sədr “seçilməsinin” hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra Heydər Əliyevi özlərinə ciddi rəqib sayan bu adamlar bütün vacib işlərini bir kənara qoyub, onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə girişdilər, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Bu cür qeyri-demokratik vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN “SƏS” QƏZETİ VASİTƏSİLƏ ÖLKƏ ZİYALILARINA CAVABI AZƏRBAYCANIN MÖVCUD FƏLAKƏTLİ VƏZİYYƏTİNİN HƏRTƏRƏFLİ TƏHLİLİ VƏ ONDAN ÇIXIŞ YOLLARINI GÖSTƏRƏN DƏQİQ MİLLİ FƏALİYYƏT PROQRAMI İDİ

Gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını aydın görən bir qrup vətənpərvər Azərbaycan ziyalısı 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət etdi. Müraciət «SƏS» qəzetində dərc olundu. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Əlbəttə ki, Azərbaycanı canı qədər sevən Heydər Əliyev, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini bir lider kimi cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra – oktyabrın 24-də O, “SƏS” qəzeti vasitəsilə ölkə ziyalılarına cavab verdi. Bu, əslində, adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Və Bakıda qurultay keçirməsinə imkan verilmədiyi üçün ziyalılar və partiya qurucuları soyuq və şaxtalı gündə, Naxçıvanda noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilat yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdı.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 1993-CÜ İL 15 İYUN QAYIDIŞI AZƏRBAYCANI SONRAKI LABÜD İFLASDAN XİLAS ETDİYİ TARİX

Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər. Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

BAŞ VERƏN HADİSƏLƏRDƏN 33 İL KEÇSƏ DƏ, BU GÜN FƏXARƏTLƏ DEYƏ BİLƏRİK Kİ, AZƏRBAYCAN XALQI MÜSTƏQİLLİYİMİZ VƏ ƏRAZİ BÜTÖVLÜYÜMÜZ UĞRUNDA CANINDAN KEÇƏN BÜTÜN QƏHRƏMAN ÖVLADLARININ QANINI YERDƏ QOYMADI

3 ildir ki, Azərbaycan dünyaya bir daha göstərdi ki, bu xalq, bu dövlət bu ordu güclüdür, hər şeyə qadirdir. Son 3 il öncə - 2020-ci ildə ümummilli lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident İlham Əliyevin «Dəmir yumruq» əməliyyatı ilə 44 gün ərzində 30 il ərzində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi təşkilatların “sülhyaratma dəhlizlərində” düyünə salınmış Dağlıq Qarabağ münaqişəsi və işğal problemini həll edərək erməni işğalı altında tapdanan tarixi torpaqlarımızın və yüzlərlə yaşayış məskənlərimizin geri qaytarılmasına nail oldu. İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, eynən 20 Yanvarda olduğu kimi, bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti ətrafında birləşmək bacarığını və Vətən üçün canını qurban vermək iradəsini nümayiş etdirdi. Bir sözlə, müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan böyük tarixi qələbə qazandı. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır!».

BU GÜN İSƏ «HEYDƏR ƏLİYEV İLİ»NDƏ BİZ ÇOXƏSRLİK AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏLƏRİNİ QÜRURLA YAŞAMAQDAYIQ

Bəli, artıq 3 ildir ki, xalqımız 20 Yanvar hadisələrinin 33-cü ildönümünü və igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük fəxarət və qurula yad edir. Məhz Azərbaycan xalqının ən əsas sevinc - Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli” elan etməsi oldu. Belə ki, mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Böyük şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, bu münasibətlə müxtəlif tədbirlərin təşkili dünyanın müxtəlif ölkələri üçün xarakterikdir. Bütöv bir ilin ayrı-ayrı şəxsiyyətlərin şərəfinə adlandırılması isə Azərbaycanın yaratdığı parlaq örnəkdir və bu, xalqımızın ictimai fikir, milli dövlətçilik tarixində mühüm xidmətləri olmuş böyük şəxsiyyətlərimizə ölkə rəhbərimizin yüksək ehtiramından irəli gəlir. Sərəncamda deyilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Bəli, bu gün xalqımız 20 Yanvar hadisələrinin 33-cü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli kimliyimizin təsdiqinin simvolu kimi bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olacaqdır. Çünki şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti də ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.Ancaq bu gün ölkəmizdə 33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi ctnayət törədənlər bilməlidir ki, təcavüzü məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Ona görə də hesab edirik ki, keçmiş sovet rəhbərliyi və hərbi xuntanın bu cinayətlə bağlı olan bütün heyətinin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur. Və bu gün «Heydər Əliyev İli»ndə biz çoxəsrlik Azərbaycan tarixinin şanlı səhifələrini qürurla yaşamaqdayıq. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə